Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri hərbiçilərimizi ziyarət ediblər

post-img

Azərbaycanın Türkiyədəki səfirliyinin və diplomatik nümayəndəliyimizin nəzdindəki hərbi attaşelik aparatının əməkdaşları ölkələrimiz arasındakı ikitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini qarşıdan gələn Yeni il münasibətilə ziyarət ediblər.

Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələri və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını bildiriblər.

Bundan əlavə vətəndaşlara konsulluq məsələləri üzrə də müvafiq tövsiyələr verilib. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibbi heyəti ilə də görüş keçirilib, vətəndaşlarımızın vəziyyətinə dair fikir mübadiləsi aparılıb.

Sonra vətəndaşlarımıza bayram sovqatları təqdim edilib və xatirə fotosu çəkilib.

Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında imzalanan protokola uyğun olaraq, illik əsasda müayinə və müalicə olunmaq üçün Türkiyəyə göndərilən Azərbaycan vətəndaşlarının müalicə mərkəzlərinə yerləşdirilməsi, onların üzləşdikləri çətinliklər və qayğıları daim səfirlik əməkdaşları tərəfindən diqqətdə saxlanılır və həlli istiqamətində mütəmadi tədbirlər görülür.







Sosial həyat