Rəşid FAXRALI,
şair-publisist
İkinci Qarabağ müharibəsindən əvvəl cəbhə bölgələrinə yaxın kəndlərdə yeniyetmələrin də, uşaqların da əsgərləşdiyini görəndə qəlbimiz dağa dönürdü. O vaxtlar əli silah tutanların hamısının döyüş əzmi məcrasını aşırdı, hamı “Hər birimiz Vətən üçün bir əsgərik!” çağırışını ürəkdolusu yaşayırdı. Bu, Vətənin çağırışı idi.
Vətən müharibəsindən 2 gün əvvəl Beyləqanda ezamiyyətdə idik. Təlim başa çatmışdı. Zabitlər qürurla əsgərlərə baxırdı; tapşırıq yerinə yetirilmişdi. Söhbətləşirdik. Əsgərlərdən birinin baxış la rını bürüyən narahatlıqda bir doğmalıq görmüşdüm. Sözarası “Bu nə könül qübarıdı, igid əsgər?” soruşmuşdum. Əsgər yoldaşlarına baxmışdı. Bu baxışlarda çırpınan, sezilən, duyulan niyyət idi. Əsgər səmimi sualımı səmimiyyətlə cavablamışdı: “Həmişə səngərlərdən döyüşə başlamaq istəmişik. Əmr verilməyib. Kaş bu təlimdən sonra döyüşə başlamaq əmri veriləydi”. Əsgərin dedikləri döyüş əzmini ifadə edirdi. Qürurlanmışdıq. Üç il əvvəl – sentyabrın 27-də düşmənin hücumunun qarşısını alanların sırasında həmin əsgər də olub, digərləri də. Hamısı qətiyyətlə döyüşüblər. Əminliklə həmin günün könüllər dünyasını nurlandıran işığını görürəm. Mən də səsimi səslərə qatıb deyirəm: Yaşa, yaşa, Azərbaycan əsgəri!..
Ermənistan Azərbaycandan işğal etdiyi ərazilərdə yaratdığı sədləri möhkəmləndirirdi, havadarlarının siyasi və hərbi yardımlarına sığınıb danışıqlardan yayınırdı, bu vəziyyəti siyasi (və hərbi) nəhayətsizliyə yönəltməyə niyyətliydi ki, Azərbaycanın torpaqları hesabına ikinci erməni dövləti yaratsın. Bunun üçün qurduğu sədləri sərhədlərə çevirməyəmi niyyətli idi? – Azərbaycanda isə azərbaycançılıq, vətənsevərlik, dövlətçiliyə, dövlətə sədaqət, döyüş əzmi, qələbə ruhu səngərlərə sığışmırdı, döyüş növbətçiliyindən döyüş üzünə can atırdı. Zamanında əsgər olmuş oğulların – şəhidlərimizin ruhu deyirdi: “Döyüşün, əsgər qardaşlarım!”. Harayların qanadları yorulmurdu...
İkinci Qarabağ müharibəsi başlandı. Azərbaycan Ordusunun hissələri əks-hücum əməliyyatı ilə düşmənin niyyət sədlərini çığnayıb keçdi, inadını qırdı, inamını çiliklədi, ümidini sındırdı. Düşmənin şikəst səsi daşlara çırpılanda “Qarabağ şikəstəsi” Azərbaycan əsgərini döyüşlərə aparırdı.
Vətən müharibəsiydi, Vətənin müharibəsiydi. Hər yan döyüşürdü, Azərbaycan əsgərinin döyüşləri yad gözünə heyrət idi, “Ana!”, “Vətən!”, “Ana Vətən!” deyənlərə “Heyratı”ydı, min illərin adı ilə Azərbaycan döyüşürdü...
Şuşa–Laçın yolunda düşmənlə qarşılaşanda komandir döyüş əmri verib. Bu döyüşün sonunda Şuşa vardı, Şuşadan o yanda – işğalı son nəfəsinə bürmələyəcək Qələbə. Şuşa üçün döyüşürdülər, ürəklərdən keçib Şuşanın dağlarına çatmış niyyəti gerçəkləşdirmək üçün döyüşürdülər. Bu döyüşü son döyüş bilib döyüşürdülər. Yolu keçmişdilər.
Ağaclığa çata-çatda döyüşçülərdən biri yaralanıb. Sağ qoluna, ayağına güllələr dəyib. Tərpənməyə heyi qalmayıb. Döyüşçülərdən biri bunu hiss edincə atışa-atışa ona yaxınlaşıb. Əsgərin yaralarını sarıyıb. Qan kəsməyəndə, kimisə köməyə çağırmaq istəyib. Azca dikələndə yaralının pıçıltısını eşidib: “Sağ ol, qardaş!”. Təşəkkür biçimli vida kəlmələri döyüşçünün gözlərindən yaş dərib, yaralının sarğısını isladıb...
Vətən müharibəsində şəhid anası döyüşən ordunun əsgərlərinə ünvanladığı məktubda yazmışdı: “Döyüşün, oğlum, qalib gəlin. Qələbənizdən sonra qarşıma çıxan ilk qalib əsgəri şəhid oğluma əvəz bağrıma basacam...”. Əminəm ki, həmin Ana əhdini yerinə yetirib, göz yaşları yanağını közə döndərə-döndərə qarşısına çıxan əsgərlərin hamısına “Sağ ol, oğlum, sağ ol, Azərbaycanımın əsgər balasi!” deyib. Anaların səsi Ananın səsiylə doğmalaşıb. Bu doğmalaşma 8 Noyabrın qürurunun, sevincinin bayrağına dönüb: Ömrümüzə işıq oldu Zəfər günü!..
2023-cü il oktyabrın əvvəllərində müharibəyə aparan yollardan birinin yolçusuydum. Maşınımız dayananda xatırladım ki, 3 il öncə bir qədər aralıda döyüşə gedən əsgərlərlə uşaqların necə doğmalıqla sağollaşdığını görmüşdüm. 7-8 yaşlı uşaq hərbi səhra geyimli əsgərin boynunu qucaqlamışdı. Səsi bütün aydınlığıyla eşidilirdi: “Sağ ol, əsgər qardaşım! Gedin, qalib gəlin!”
2020-ci ilin 8 noyabrında “Mən azərbaycanlıyam!” deyənlər də, Azərbaycana ehtiramı olan dövlətlərin vətəndaşları da, dünyəvi niyyətlərlə yaşayanlar da var səsləriylə demişdilər: Yaşa, yaşa, Azərbaycan əsgəri!..
2023-cü il 19 sentyabr antiterror tədbirləri 2020-ci ilin 27 sentyabr–8 noyabr döyüşlərinin məntiqi davamı oldu. Vətənə sevginin coşğusu, coşğunun harayları göy üzünün tülünə döndü: Yaşa, yaşa, Azərbaycan əsgəri! Eyni ovqat bu ilin 20 sentyabrında da yaşandı. 8 noyabrda Xankəndidə hərbi paradın yaşatdığı qürur bu qürurları elə gözəl tamamladı ki!...
Ruhumuzun dolaşdığı yerlər əsgərlərimizin nəfəsi ilə isinəndə də deyiləcək: Yaşa, yaşa, Azərbaycan əsgəri!..