Ulu öndərin SSRİ brendinə çevirdiyi “Çinar”ın 50 yaşı tamam olur

post-img

70-80-ci illərdə Gəncədən, elə Bakının özündən keçmiş ittifaqın şəhərlərinə kimin yolu düşürdüsə, çantasında mütləq “Çinar” şokaladı olardı və onu çox qiymətli bir hədiyyə kimi aparardı, qürurlanardı...  Gəncə Qənnadı Fabrikinin istehsal etdiyi bu konfetlər brendə çevrilmişdi. “Çinar”a o qədər tələbat var idi ki, bəzən heç Gəncənin özündə tapılmaz, bəzən də tanışlıqla, necə deyərlər, əl altından satılardı. Halbuki o illərdə Gəncə Qənnadı Fabrikinin işə başlaması ilə respublikada şokolad istehsalı da artmışdı. O zaman müəssisənin illik istehsal gücü 36 min tona çatırdı. Amma daha çox “Çinar” şokoladları sayılıb-seçilirdi, çay süfrələrinin, sovqatların bəzəyi idi. Məlumat üçün bildirək ki, 1982-ci ildə respublikada istehsal olunan 86 min ton qənnadı məmulatının, təxminən, yarısını Gəncə fabriki istehsal edirdi. Məhsulun bir hissəsi ittifaq respublikalarına göndərilirdi və “Çinar” birinci yerdə gedirdi.

O illər Gəncənin ən uğurlu vaxtları idi və Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə köməyi ilə şəhərdə bir-birinin ardınca nəhəng sənaye müəssisələri tikilib istifadəyə verilirdi. Adətən bu müəssisələrin həm təməlqoyma mərasimlərində, həm də açılışlarında dahi rəhbər özü şəxsən iştirak edirdi. 

1973-cü ildə, yəni düz 50 il qabaq Gəncə Qənnadı Fabrikinin də açılışında Heydər Əliyev iştirak etdi, yaradılan şəraitlə yaxından tanış oldu, kollektivin üzvləri ilə görüşdü, istehsal xəttlərinə baxdı, öz tövsiyələrini verdi. Ulu öndər dedi ki,  yaxşı olar şəhərdə Şərq şirniyyatı hazırlansın, adı da Gəncə ilə bağlı olsun. Gəncənin “çinarlar şəhəri” olduğu nəzərə alınaraq istehsal ediləcək şokoladın adının da “Çinar” olmasını məqbul hesab etdi.             

Bir müddətdən sonra onun istehsalına başlanıldı və “Çinar”ın şöhrəti bütün SSRİ-ni bürüdü. O vaxt Azərbaycan SSR və eyni zamanda, SSRİ Yeyinti Sənayesi Nazirliyi tərəfindən təsdiq olunmuş reseptə əsasən istehsalına başlanılan “Çinar” 250, 300 və 500 qramlıq qutularda istehsal olunurdu. Özünün qeyri-adi dadı ilə seçilən bu şirniyyat məhsulunun qutuları üzərində Çinar ağacının şəkli olurdu. Bu, Samuxun Kolayır kəndinə gedən yoldan azacıq aralıda ucalan və 1500 ildən çox yaşı olan əzəmətli Düldül çinarının şəkli idi… 

Məlum səbəblərdən istehsalını dayandıran müəssisə müəyyən fasilələrdən sonra yenidən “Çinar”ın istehsalına başladı. Əslində onun hüquqi istehsalçısı Gəncə fabriki olduğu üçün başqa bir istehsalçı müəssisə o adda şokalad istehsal edə bilməz. Hətta bir ara respublikadakı şirkətlərdən biri Gəncə Qənnadı Fabrikindəki boşluqdan istifadə edərək “Çinar” konfetləri buraxırdı. Fabrik haqlı olaraq onu məhkəməyə verdi və istehsalı dayandırdı.

Gəncədə bu gün də “Çinar” istehsal olunur. Lakin hələlik istehsalın həcmi çox azdır. Digər tərəfdən deyirlər ki, keyfiyyət, dad-təravət də əvvəlki deyil.  Müəssisənin kiçik kollektivi isə onun tezliklə əvvəlki şöhrətini bərpa edəcəyinə əmindir.

Nə deyirik, Ulu öndərin SSRİ-nin brendinə çevirdiyi bir məhsulun bu gün də yaşadılması varsa və ona yenə tələbat olursa, demək “Çinar” hələ çox illər nəinki bizim, həm də xarici ölkələrdəki evlərin süfrəsini bəzəyəcək...

 

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri

Gəncə 

 

Sosial həyat