Parlament xəbərləri

post-img

Bölgələrdə iş yerləri açılmalıdır

Milli Məclisin iclasında deputat Vahid Əhmədov bölgələrdə iş yerlərinin  açılmasının vacibliyindən danışıb: “Son vaxtlar iri şəhərlərdə iş yerləri açılır, amma bölgələrdə vəziyyət acınacaqlıdır. İş yerləri yox səviyyəsindədir. On dörd iqtisadi rayonun  hər birində iş yerlərinin açılması ilə bağlı təkliflər olsun”.

V. Əhmədov, həmçinin Hesablama Palatasının səlahiyyətində müəyyən artımlar edilməsini, ya da daha ciddi tələblər irəli sürülməsini təklif edib: “Məhkəmələrdə görürük ki, 100 milyonlarla vəsait dövlət büdcəsindən mənimsənilib. Bunun qarşısını ya vaxtında almaq, ya da əlavə tədbirlər görmək lazımdır. Müharibə veteranına 80 manat təqaüd veririk, onu artırmağa pul tapmırıq, amma dövlət büdcəsindən külli miqdarda mənimsəmələrin şahidi oluruq”.

“Qaz limiti” ləğv edilsinmi? 

“Dəfərlərlə seçicilərimiz bununla bağlı bizə müraciət edirlər. Əsas narazılıq qaz limitinin azaldılmasıdır. Bu, yerlərdə ağaclardan yanacaq kimi istifadə olunmasına gətirib çıxarır ki, bu da ekoloji tarazlığa böyük  ziyan vurur”.

Bu təkliflə deputat Ramil Həsən və Fazil Mustafa çıxış ediblər. Onlar seçicilərinin xahişini də çatdırıblar: “Seçicilərin xahişi ya qaz limitinin ləğv olunması, ya da rayonlar üçün yeni yanaşmanın tətbiq olunmasıdır. İnsanların çoxu mövcud limiti elə yanvar-fevral aylarına qədər bitirir. Xüsusilə, gəliri az olan vətəndaşlar üçün ciddi problem yaranır. Həyət evlərində yaşayan insanlar qış gəlməmiş limiti keçirlər. Bu istiqamətdə müəyyən addımların atılması vətəndaşın yükünü yüngülləşdirər. Ən azından kasıb, həssas kateqoriyalar, ümumiyyətlə, maddi durumu zəif və işsiz vətəndaşlar üçün limitin aradan qaldırılması yaxşı olardı”.

Sənədsiz evlər problemi

Deputat Siyavuş Novruzov sənədsiz tikilən  evlərin sayının getdikcə çoxalmasından narahatlığını bildirib: “Sənəd­siz evlərin sayı bir milyona yaxınlaşıb. Prezident dəfələrlə göstəriş versə də, bu məsələ hələ də həllini tapmır. 2011-ci ilin mart ayında cənab Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. Bu  istiqamətdə müəyyən işlər də görülüb. Ancaq irəliləyiş yoxdur. İnsanlar var ki, artıq həmin sənədsiz  evdə nəvəsinə toy edir. Problemi həll etmək əvəzinə, əlavə problemlər yaratmaqla məşğuluq. Vətəndaşlar qeydiyyatdan çıxarılır, onları dövlətdən narazı salırlar.  Məgər sənədsiz evlərin qeydiyyatı üçün BMT qətnamə qəbul etməlidir? 

Regionlara da ipoteka... 

“İnsanların regionda qalması üçün  bölgələrin inkişafına, orada yaşayanlara güzəştli ipotekalar verilməli, güzəştli mənzillər tikilməlidir. Biz elə etməliyik ki,  ipoteka kreditləri regionlarda yaşayanlar üçün əlçatan olsun.  İpoteka kreditlərinin verilməsində şəhərlə rayon arasında ciddi fərq olmalıdır”.

Deputat Siyavuş Novruzov bu fikirləri parlamentdə  gələn ilin büdcə layihəsi müzakirə olunan zaman səsləndirib. Deyib ki, təkcə dövlət qurumlarında işləyib sabit maaş alanlara yox, digər sahələrdə çalışanlara da ipoteka kreditləri verilməlidir: “Bundan əlavə güzəştli binalar təkcə Bakıda yox, daha çox regionlarda tikilməlidir. Biz güzəştli mənzilləri Bakıda tikməklə sanki insanların paytaxta köçməsinə  şərait yaradırıq”. 

Dəfn pulu – qəbir haqqı

Deputatların səsləndirdiyi fikirlərdən biri də dəfn pulunun azlığı barədə olub. Təklif olunub ki, dəfn pulunun miqdarı artırılmalıdır: “Hazırda verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil. Rayonlar başqa, Bakı şəhərində qəbiristanlıq məsələsi ciddi problemdir. Yerin alınması dəfn xərcləri heç onun onda birini həll etmir. Deputatların fikrincə, dəfn pulu artırılmalı, tələb olunan sənədlərin sayı azaldılmalıdır.

Gəlir artır, bəs pensiya? 

Deputat Vüqar Bayramov deyib ki, 2023-cü ilin 9 ayı üzrə orta aylıq nominal əməkhaqqı 11,2 faiz artıb. Orta aylıq əməkhaqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq: “Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur”. 

Deputatın sözlərinə görə, bu ilin 9 ayındakı tendensiya saxlanacağı təqdirdə   gələn ilin yanvar ayından pensiyalar, təxminən, 11 faiz indeksasiya olunacaq.

 

Hazırladı:
Əliqismət BƏDƏLOV 
XQ

 

Son xəbərlər