Paytaxtda Zəfər şənlikləri

post-img

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində ke­çirilən tədbirdə çıxış edən nümayəndəli­yin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu ön­dərin ideyalarının reallaşması, dahi şəxsiy­yətin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə dövlətimizin başçısın ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. 

Ermənilərin Azərbaycan torpaqlarına kö­çürülməsinin tarixinə, həmçinin xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə və ter­ror siyasətinə, silahlı təxribatlara nəzər salan Bəxtiyar Əsgərov Vətən müharibəsini labüd edən amillərdən danışıb. Müharibədə böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyevin həm də hə­yatını ölkəmizə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən Ulu ön­dər Heydər Əliyevin arzusunu reallaşdırdığını diqqətə çatdırıb.

Nümayəndəliyin rəhbəri Azərbaycan Prezidentinin Xankəndinin mərkəzi meyda­nında Dövlət Bayrağımızı ucaltmasının dünya azərbaycanlılarının son əsrlərdəki ən qürurveri­ci anlarından biri olduğunu deyib. 

*** 

Dövlət Statistika Komitəsində keçirilən tədbirdə çıxış edən iştirakçılar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin qətiyyəti, şanlı Azər­baycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximi­zin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildiyini vurğulayıb­lar. Bildiriblər ki, 44 günlük haqq mübarizə­sində tarix yazan şanlı Ordumuz güclü döv­lət və güclü ordu strategiyasını, milli birlik, həmrəylik və güclü iradə vəhdətini bütün dünyaya nümayiş etdirib.

İştirakçılar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinə diqqət çəkərək Prezident İlham Əliyevin yürütdüyü uğurlu Böyük Qayıdış Proqramı nəticəsində öz evlərini tərk etmiş, doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş əra­zilərdəki ata-baba yurdlarına qayıdışının önə­mini də nəzərə çatdırıblar.

Toplantıda cari il sentyabrın 19–20-də Azər­baycanın apardığı lokal antiterror tədbirləri nəticəsində suverenliyini də tam bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdığı, bu ilin ok­tyabrın 15-nin daha bir şərəfli gün kimi tarixə düşdüyü, Prezident İlham Əliyevin Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankən­didə Azərbaycan Dövlət Bayrağını ucaltdığı, nəticədə, İkinci Qarabağ müharibəsinin son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azər­baycanın tarixinə yazıldığı qeyd olunub.

*** 

“AzərEnerji” və “Azərişıq” səhmdar cə­miyyətləri Ulu öndər Heydər Əliyevin 100 illiyi, Prezident İlham Əliyevin hakimiyyətə gəlməyinin 20 illiyi və Zəfər Günü ilə bağlı “Zəfər işığı” adlı geniş tədbir keçiriblər.

“AzərEnerji” rəhbəri Baba Rzayev çıxış edərək Ulu öndərin energetika sahəsində gör­düyü işlərdən danışıb. Bildirib ki, Ümummilli lider tərəfindən formalaşdırılan müstəqil Azər­baycanın elektroenergetikası məhz Prezident İlham Əliyev tərəfindən bugünkü səviyyəyə çatıb. Baba Rzayevin sözlərinə görə, hazırda Azərbaycanın sayılıb-seçilən enerji dövləti ti­tulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz olunaraq rəqəmsallaşdırılması, alterna­tiv və bərpa olunan enerjinin prioritet sahəyə çevrilməsi, 40-dan çox yeni elektrik stansiyala­rının inşa olunması, yüzlərlə yarımstansiyanın tikilərək yenidən qurulması dövlət başçısının davamlı enerji strategiyasının həyata keçirilmə­sinin təzahürüdür.

Ali Baş Komandan İlham Əliyevin rəhbərli­yi ilə qazanılan şanlı Zəfər yolundan danışan Baba Rzayev qeyd edib ki, Prezidentin tapşırığı ilə hələ müharibə gedən dövrdə “AzərEnerji” və “Azərişıq” səhmdar cəmiyyətləri əməli fəaliyyət keçib və artıq bütün azad olan rayonlar Azər­baycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, “yaşıl enerji” zonasına çevrilməkdədir.

*** 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkil etdiyi tədbirdə birliyin sədri Sevinc Alızadə çıxış edərək xalqımızın artıq üçüncü ildir ki, Azərbaycanın ən yeni tarixi­nin – şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşadığını bildirib. O, eyni zamanda, Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Camal İsmayılovun anası Filarə İs­mayılova qeyd edib ki, Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir və bu tarixi qələbəni bizə yaşadan qəhrəman şəhidlərimiz hər zaman Azərbaycan xalqının qəlbində ya­şayacaqlar. Vətən müharibəsi şəhidi Aslan Sal­manovun atası İsrafil Salmanov isə çıxışında Vətən yolunda canından keçən qəhrəman əs­gər və zabitlərimizlə qürur duyduğunu, onların həyat yolunun gənc nəsil üçün vətənpərvərlik nümunəsi olduğunu vurğulayıb. Vətən mühari­bəsi qazisi, XTQ mayoru Elşən Təhməzov isə 44 günlük Vətən müharibəsində şanlı tarix ya­zan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan bəhs edib və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu bildirib.

XQ



Sosial həyat