Vətəndaş cəmiyyəti tarixi rəşadəti alqışlayır

post-img

Noyabrın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.

Heydər Əliyev Mərkəzində təşkil edilən forumda çıxış edən Agentliyinin icraçı direk­toru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq günü ərəfəsində keçirilməsinin xü­susi əhəmiyyətini qeyd edib, vətəndaş cəmiy­yətinin inkişafında Ulu öndər Heydər Əliye­vin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan bəhs edib. 

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin nümayəndə­si Tural Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərin­də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bugünkü qalib Azərbaycan dövlətini ucaldıb, Azərbaycan Respublikası artıq bütövdür, tamdır. Əlbəttə, bu mənzərə qeyri-hökumət təşkilatları qarşısında da yeni çağırışlar deməkdir. Artıq dövlət tərəfindən QHT-lərlə iş sahəsində köklü islahatlara baş­lanılıb. 

Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Ve­teranları Təşkilatı İctimai Birliyinin sədri Fatma Səttarova, Dilarə Əliyeva adına Azər­baycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının baş katibi Leyla Həsənova çıxış edərək Azərbaycanın yeni inkişaf mərhələ­sində qeyri-hökumət təşkilatlarını xüsusilə beynəlxalq müstəvidə fəallıqlarını artırmağa çağırıblar.

Forum işini panel panel müzakirələrlə davam etdirib. 

Forumun yekununda QHT-lərin təşəb­büsü ilə Azərbaycan Qeyri-Hökumət Təşki­latlarının Zəfər günü münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik müraciəti ünvanlanıb. 

Müraciətdə deyilir ki, ilk dəfə olaraq Azərbaycan böyük təntənə, ruh yüksəkliyi ilə Zəfər gününü respublikanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd edir.

"Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda dalğalanması tarixə əbədi həkk olan böyük xoşbəxtlikdir. Bu, müstəqil Azərbaycan dövlətinin həyatında tamamilə yeni səhifənin açılmasıdır. Biz bu möhtəşəm tarixi günlərin xoş həyəcanı, se­vinci, bəxtiyarlığı içərisindəyik.

Siz Azərbaycan xalqını ən böyük arzu­suna çatdırmış milli lidersiniz. Nəyi, nə vaxt və necə etmək lazım olduğunu Siz öz əməli fəaliyyətinizlə hər dəfə sübut edirsiniz. Qaza­nılan nəhəng uğurların hansı əziyyət, zəhmət, fədakarlıq nəticəsində başa gəldiyi göz qar­şısındadır. Siz bütün təzyiqlərə, çətinliklərə rəğmən Azərbaycanı sabitlik, inkişaf adası kimi yalnız irəliyə aparırsınız, şöhrətini dün­yaya yayırsınız.

20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yal­nız Sizə etibar edib.

Bu gün Cənubi Qafqaza yaxın regionları– Yaxın Şərqi, Ukraynanı sonu görünməyən müharibələr bürüyüb, ölkələr onilliklərlə geri düşüb. 2020-ci ildə cəmi 44 günə Siz tarixi Zəfərə imza atdınız, Azərbaycan Ordusu Si­zin liderliyinizlə hərbi dərsliklərə düşən dö­yüş əməliyyatları apardı.

2023-cü ilin 19-20 sentyabr antiterror tədbirləri isə cəmi 23 saat 51 dəqiqə sürdü. Ermənistan ordusunun qalıqları məhv edildi, qanunsuz hərbi rejimin xunta başçıları diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu.

Siz Azərbaycan xəritəsindəki qara ləkəni sildiniz, uydurulmuş Dağlıq Qarabağ regionu keçmişdə qaldı.

Şəhidlərimizin qisası alındı. Övladını, yoldaşını, qardaşını, dostunu, əzizini itirən insanlar üçün bundan böyük təskinlik təsəv­vür etmək mümkün deyil.

Azərbaycan xalqının qanını içənlər bu gün onun qarşısında törətdikləri bütün əməl­lərə görə cavab verir. Halbuki, elə zənn edir­dilər ki, istədiklərini edəcəklər, onları müha­kimə edən də olmayacaq. Bu gün müharibə cinayətkarları layiq olduqları yerdədir– Azər­baycan həbsxanalarında! Bu da Sizin siyasə­tinizin daha bir nəticəsidir!

Bu gün bütün Azərbaycanın üzü gü­lür. Bu gün şəhid övladlarının üzü gülür. Müstəqil Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Bu, Sizin xidmətiniz, Sizin əsərinizdir, cənab Prezident! Bu, Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbay­candır!

Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan – Qərbi Azərbaycan torpaqları, doğma yurd yerləri heç vaxt bu qədər yaxın olmayıb. Bu gün hər bir azərbaycanlı həmin yerlərə də dönəcəyi günü gözləyir. Biz Sizin liderliyi­nizlə Qərbi Azərbaycana da gedəcəyik!

Siz hər bir azərbaycanlının Prezidenti­siniz! Biz – vətəndaş cəmiyyətinin üzvləri olaraq, Sizə olan dərin inamı, ümumxalq məhəbbətini hər zaman hər yerdə hiss edirik, görürük!

Xarici ölkələrdə Azərbaycanın adı bö­yük hörmətlə, iftixarla çəkilir. Ölkəmizə bu yüksək nüfuzu Sizin düşünülmüş siyasətiniz qazandırıb.

Əmin ola bilərsiniz ki, Azərbaycanın qeyri-hökumət təşkilatları bundan sonra daim dövlətinin yanında olacaq, Sizinlə olacaq!

Yolunuz yolumuzdur, cənab Prezident!

Zəfər bayramınız mübarək!" – müraciət­də vurğulanıb.

Xatırladırıq ki, Qeyri-Hökumət Təşkilat­larına Dövlət Dəstəyi Agentliyinin təşkilatçı­lığı ilə keçirilən forumda 200-dən çox QHT təmsilçisi iştirak edib.

XQ

Siyasət