Zəfər belə qazanıldı

post-img

2003-cü il avqust ayının 30-u idi. Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyi Qurtuluş Savaşında tarixi Zəfərin 81-ci ildönümü münasibətilə Bakı Əyləncə Mərkəzində qəbul təşkil etmişdi. Səfir Əhməd Ünal Çeviköz (sonralar, təəssüf ki, zəfərimizə kölgə salmaq yolunu tutdu) rəsmi qonaq kimi mənim də bir neçə kəlmə söyləməyimi xahiş etdi. Təbii ki, ölkə rəhbərliyinin təbrikini çatdırdım. Qurtuluş Savaşında türk xalqının qəhrəmanlığından, Atatürkün dahiliyindən, 1922-ci ilin avqustunda qazanılan böyük Zəfərin Türkiyə Cümhuriyyəti və bütün Türk dünyası üçün əhəmiyyətindən danışdım. Türk əsgərini – mehmetciyi şükranlıqla andım.

Çıxışımı, təxminən, belə bitirdim: “Türk xalqı 81 il əvvəl tarixə öz möhürünü vurdu. Vətənini yadelli işğalçılardan azad edib şanlı zəfər qazandı. Bu gün Azərbaycan torpaqları erməni işğalı altındadır. Bizim xalqın da öz Zəfər bayramına ehtiyacı var. Biz də belə bayramı haqq etmişik və inanıram ki, mütləq zəfər çalacağıq”.

Həmin anda dediklərimə özüm inanır­dımmı? Prinsip etibarı ilə erməni işğalına uğ­ramış torpaqlarımızın, şəhər və kəndlərimizin günün birində mütləq azad ediləcəyinə hamı kimi mənim də inamim böyük idi. Başqa cür mümkün deyildi. Əks-təqdirdə bir millət kimi yaşamağa mənəvi haqqımız olmazdı. Amma “Mən o günü görə biləcəyəmmi?” – sualının cavabında istər-istəməz tərəddüd edirdim.

Zəfərə inandığımı dediyim 2003-cü ilin avqustunda torpaqlarımızın, təxminən, beşdə bir hissəsi artıq on ildən çox idi ki, düşmən tapdağı altında idi. 

Bizim də öz Zəfər bayramımız olacaq dediyim 2003-cü ilin avqustundan sonra o müqəddəs günü daha on yeddi il iki ay göz­ləmək lazım gəldi.

Məğlubiyyətlərimizin ən böyüyü, ən acı­sı indi uzaq görünən 1992-ci il mayın 8-də Qarabağın tacı, Məkkəmiz, Mədinəmiz tim­salında olan Şuşanı itirməyimiz idi. 

Ona görə də tarixi torpaqlarımızın hər qarışının geri alınmasını böyük nemət say­saq da, yalnız Şuşaşın işğaldan azad edilməsi Zəfər Günü adlana bilərdi.

Bu günü isə xalqımız 28 ildən çox göz­ləməli oldu. Minlərlə insanımız ürəyində Qa­rabağ dərdi, Şuşa xiffəti, yurdun torpağına üz sürtmək həsrətilə dünyadan köçmüşdü.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sevinc və qürur dolu “Əziz Şuşa, sən azadsan!” – mesajını verdiyi 8 noyabr günü 28 il ərzində çəkilən əzab və sıxıntılara, məhrumiyyət və acılara ən şəfalı məlhəm oldu. Xalqımızın müasir ta­rixinə Zəfər Günü kimi daxil oldu. Biz də öz Zəfər bayramını qeyd etmək haqqı qazanan qürurlu, alnıaçıq millətə çevrildik.

Zəfər mesajını ölkəmizi səfir kimi təm­sil etdiyim Budapeştdə eşitdim. Təbii ki, milyonlarla həmvətənimiz kimi sevincdən özümə yer tapa bilmirdim. Xəyalən 1992-ci ilin 8 mayına, Şuşanın süqutu xəbərinin alın­dığı dəhşətli günə qayıtdım. Onda da özümə yer tapa bilmirdim. Milli heysiyyətimizə vu­rulan zərbədən, dərddən, əzabdan, hər şeyin sonu kimi görünən Şuşa itkisindən...

Harada idik, hara gəldik... Əlçatmaz xə­yallara qovuşduq.

Bu tarixi zəfər necə qazanıldı? Zaman baxımından o qədər də böyük olmayan 28 il ərzində əfsanəvi Simurq quşu kimi küllərin altından necə çıxdıq, qəddimizi necə düzəlt­dik, həlledici döyüşə atılmaq üçün güc və qüvvəni haradan aldıq?

İlk növbədə, ölkə rəhbərliyinin – mər­hum Prezident Heydər Əliyevin və Prezident İlham Əliyevin qələbəyə sarsılmaz inamı, ordu quruculuğunu möhkəmləndirmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, beynəlxalq aləmdə haqq işimizi əzmlə müdafiə etmək istiqamətindəki ardıcıl səyləri nəticəsində vəziyyəti kökündən dəyişmək mümkün oldu. Hər iki Ali Baş Komandan heç vaxt, heç vəchlə torpaqların itirilməsi ilə barışmadı, Azərbaycanın suverenliyini, ərazi bütövlü­yünü kiçicik də olsa şübhə altına alan sülh şərtlərini rədd etməkdə ardıcıllıq, dönməzlik və qətiyyət göstərdi.

Mənə elə gəlir ki, bu zəfərin kədər və sarsıntı qarışıq böyük müjdələrindən biri­ni 2003-cü il aprelin 21-də aldıq. Müasir Azərbaycanın qurucusu, Ali Baş Komandan Heydər Əliyev indi özünün adını daşıyan sarayda Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantları qarşısında çıxış edərkən hamımıza, ilk növbədə isə hərbçilərə ömrü­müz boyu unuda bilməyəcəyimiz qeyri-adi master-klass verdi. Dost da, düşmən də gördü və başa düşdü ki, belə lideri olan millət, belə dövlət başçısı olan ölkə, belə Ali Baş Koman­danı olan ordu zəfərə gedən yoldadır və mü­vafiq şərait yetişdikdə sözünü mütləq deyə­cək, düşmən üzərində mütləq zəfər çalacaq.

Yaxşı yadımdadır ki, Ümummilli lider Qarabağ itkisini az qala fiziki ağrı, sağal­maz xəstəlik kimi hiss edirdi. Eyni zamanda, torpaqlarımızın işğaldan azad ediləcəyinə, insanlarımızın yenə də Şuşa ziyarətinə ge­dəcəklərinə, tarixi yurd yerlərinə qayıdacaq­larına qəti əmin idi. 2000-ci ilin may ayında keçmiş Minsk qrupunun ABŞ-dan olan həm­sədri Kerri Kovano dövlət başçısının doğum gününə Ağdam məscidinin divarından qop­muş kiçik bir kaşı parçası gətirmişdi. Mər­hum Prezident gözlənilməz hədiyyəni qəbul edərkən dedi: “Mən bu hədiyyəni saxlayaca­ğam. Ağdam işğaldan azad olunandan sonra xahiş edəcəyəm ki, sizinlə birlikdə oraya ge­dək və bunu dəyərli bir muzey eksponatı kimi məscidə verəcəyəm ki, orada saxlasınlar”.

Çox istərdim ki, Ağdam məscidinin bər­pası başa çatandan sonra Heydər Əliyevin nəvazişlə oxşadığı həmin kaşı parçası qələ­bəyə inam rəmzi olaraq, dəyərli eksponat kimi məscidin ən görkəmli yerində nümayiş etdirilsin.

Prezident Ilham Əliyevin Qarabağ mü­naqişəsinin həllinə münasibəti də ilk gündən prinsipial məsələlərdə düşmənə güzəştə get­məmək, xalqı və ordunu qələbəyə aparmaq əqidəsi üzərində köklənmişdi. Bu yaxınlarda Ermənistanın “Noyon Tapan” agentliyinə verdiyi müsahibədə, Xocalı qatili, bədnam Serj Sarkisyan acı-açı şikayətlənərək deyirdi ki, “axı nə edə bilərdik? Minsk qrupunun tək­lif etdiyi, bizim razılaşdığımız bütün təkliflər qarşı tərəfdən rədd olunurdu”. 

Başqa cür də ola bilməzdi. Çünki ölkənin ərazi bütünlüyü, Qarabağ üzərində suveren hüquqlarımızın tanınması, soydaşlarımızın ata-baba yurdlarına qayıtması kimi baza prinsiplərinə cavab verməyən heç bir təklif dövlət başçımızı qane etmirdi. Ermənistanın tarixi torpaqlarımızı alver predmetinə çevir­məsi, daşını daş üstə qoymadıqları şəhər və kəndlərimi “qaytarıb”, əvəzində Qarabağdakı separatçı rejimə legitimlik istəməsi qətiyyət­lə rədd olunurdu.

Amma hələ də 1990-cı illərin əvvəllə­rində, Azərbaycanda xaos və hakimiyyətsiz­lik hökm sürdüyü bir dövrdə məkrli yollarla qazandıqları “qələbənin” sərməstliyi ilə ya­şayan Ermənistan qarşısında tamamilə fərq­li bir Azərbaycanın dayandığını görmürdü, görə bilmirdi. Bu mənada, 2016-cı ilin aprel döyüşü də onlara dərs olmadı. Qarabağın ta­leyi ilə bağlı məsələyə “nöqtə” qoymaq iddi­asına düşən Paşinyan hakimiyyəti isə Azər­baycanın qələbəsi timsalında “nida” işarəsi ilə üzləşdi.

Düşmən on minlərlə dinc insanın həyatı bahasına başa gələn qanlı oyununu başla­yanda həm də bizim tarixi yaddaş hissimi­zin, milli müqavimət duyğumuzun zəifliyinə güvənirdi. Düşünürdülər ki, havadarları olan böyük güclərin də təsiri və təzyiqi ilə bir neçə ildən sonra vəziyyətlə barışacaq, beyin­lərini dumanlandıran “ikinci erməni dövləti” xülyasına artıq reallığa çevrilmiş fakt kimi baxacağıq. Reallıq isə tam fərqli oldu. Azər­baycan rəhbərliyi, ölkə vətəndaşları erməni işğalına, torpağımıza və tariximizə, mənliyi­mizə və ləyaqətimizə vurulan yaraları bir an da unutmadı. Ordumuz son və qəti döyüşə hazırlaşmağa başladı. Nəticədə Ermənistanın kapitulyasiya aktını imzalaması üçün 44 gün lazım gəldisə, onun Qarabağdakı satellitinin, “ikinci erməni dövlətinin” mövcudluğuna son qoymağa 23 saat kifayət etdi.

Son dörddə bir əsr ərzində Azərbaycan cəmiyyəti Qarabağ zəfərinə doğru böyük yol keçdi. Təbii ki, xalqımızın tarixi torpaqlarına məhəbbəti, Vətən uğrunda vuruşmaq əzmi, milli şərəf və heysiyyətini qorumaq qətiy­yəti həmişə mövcud olmuşdu. Qarabağ mü­naqişəsi başlananda sıravi insanlar, xüsusən də gənclik təkidlə hökuməti yurda sahib çıx­mağa, təsirli addımlar atıb həlledici qərarlar verməyə çağırırdı. Yüz minlərlə insanı Azad­lıq meydanına gətirən, yalın əllə sovet tank­larının üzərinə getməyə sövq edən də məhz bu istək idi. Aradan keçən illər ərzində belə insanların sayı azalmamışdı, əksinə, sıraları genişlənmiş, qətiyyətləri daha da artmışdı.

Məhz 1993-cü ilə qədər biri-birini əvəz edən iqtidarların xalqın passionar enerji­sindən istifadə etməyi bacarmaması, yaxud istəməməsi torpaqların itirilməsinə, yüz min­lərlə soydaşımızın məhrumiyyətlərlə dolu qaçqın həyatı yaşamasına yol açdı. Yaxın ta­rixin təcrübəsi göstərdi ki, 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılması, ilk növbədə, xalq-iqtidar birliyinin bəhrəsi idi. Hətta, daha qabağa gedib bu müharibənin xalqın tələbi olduğunu demək mümkündür.

Zəfəri reallığa çevirən mühüm amil son 20 il ərzində Azərbaycanın hərbi intizam, döyüş hazırlığı, cağdaş hərbi texnika və texnologiyaya bələdlik və onlardan istifadə baxımından seçilən, milli ruha və vətənpər­vərlik duyğularına malik güclü ordu qurması idi. Əsgər və zabitlərimiz mürəkkəb şəraitdə ən çətin vəzifələrin öhdəsindən gəlməyi ba­carırdılar. Təkcə əlçatmaz qala olan Şuşanın azad edilməsi hərb tarixinə düşməyə, hərbi akademiyalarda öyrənilməyə layiq misilsiz bir döyüş nümunəsi idi.

Müharibədən sonra Ermənistan mətbuatı minlərlə erməni əsgərinin cəhbədən qaçdı­ğını, dezertirliyin kütləvi hal aldığını, səfər­bərliyin son dərəcə çətinləşdiyini etiraf etdi. Azərbaycanlılara “sizdən vuruşan olmaz, ge­din bazarda semiçkanızı satın” – məsləhətini verən erməni general isə taleyin istehzası ilə qurucularından olduğu ordunun biabırçı məğ­lubiyyətini görmək kimi haqlı cəzaya məruz qaldı. Erməni gəncliyinin müxtəlif yollarla ordudan yayındığı günlərdə azərbaycanlı həmyaşıdları könüllü surətdə orduya göndə­rilmək tələbi ilə hərbi komissarlıqları, həqiqi mənada, mühasirəyə alırdılar. Vətən uğrunda vuruşaraq ölmək şərəf işinə çevrilmişdi.

Şübhəsiz, qələbənin insan amili çox önəmli məsələdir. Ən mükəmməl silahlar da insan beyni, insan əli ilə yaradılır və idarə olunur. Son 25 ildə ölkəmizdə qələbəyə kök­lənmiş bir nəsil yetişdi. Həm də söhbət yalnız gənclərdən getmir. Dəyişən təkcə onlar deyil­di. Şəhid olmuş oğlunun məzarı başında “Oğ­lum Vətən uğrunda həlak olub. On övladım da olsa, hamısını Vətənin müdafiəsinə gön­dərərdim. Ağlamıram, onunla fəxr edirəm” – deyən analar, şəhid övladının tabutu üzərinə sərilmiş üçrəngli bayrağımızı qürurla öpüb gözünün üstünə qoyan atalar, şəhid qardaş­larının tabutu altına girən bacılar da, şəhid atasının dəfn mərasimində onun portretini sinəsinə sıxıb addımlayan uşaqlar da dəyiş­mişdilər. Hamı haqlı intiqama köklənmişdi. Belə düşünən, belə hərəkət edən xalqla qələ­bə qazanmamaq qeyri-mümkün idi. 

Təəssüf ki, qələbəni görmək hər kəsə nəsib olmur. Amma onun qazanılmasında şəhidlik zirvəsinə yüksələnlərin rolu, təbii ki, qəhrəmanlar sırasındadır. Çünki bu gün bizim qürur duyduğumuz zəfərin ən fədakar müəllifləri onlardır. Nazim Hikmətin dediyi kimi, “torpaq altındakı köklərimiz, toxum­larımızdır”. Birinci Qarabağ müharibəsi və Aprel döyüşlərinin Riyad Əhmədov, Namiq Qasımov, Ramiz Qənbər, Allahverdi Bağırov, Raquf Orucov, Mübariz İbrahimov və onlarla digər qəhrəmanlarını şükran hissləri ilə xa­tırlamamaq olmur. Onlar qanları ilə suvar­dıqları Vətən torpağını bizə əmanət edərək əbədiyyətə qovuşublar. Şəhidləri yalnız Zəfər bayramında deyil, hər gün, hər yerdə qələbəmizin yenilməz əsgərləri kimi görmək, xatirələri qarşısında baş əymək, adlarını ya­şatmaq borcumuzdur.

Zəfərin qazanılmasında qardaş Tür­kiyənin rolunu, dəstəyini minnətdarlıq his­si ilə anırıq və heç zaman unutmayacağıq. Türkiyəni tariximizin mürəkkəb, taleyüklü məqamlarında həmişə yanımızda görmü­şük. Təbii ki, dünya düzənindən, mövcud siyasi vəziyyətdən, Türkiyə liderinin şəxsi keyfiyyətlərindən asılı olaraq bu yaxınlıq dərəcəsi müxtəlif vaxtlarda fərqli olub. Tür­kiyə Cümhurbaşqanı Rəcəb Tayib Ərdoğan isə göstərdi ki, “Bir millət, iki dövlət” onun üçün sadəcə şüar deyil, həm də fəaliyyət proqramıdır. Tarixi Zəfərin ardınca Türkiyə və Azərbaycan dövlət başçılarıının azad Şuşada imzaladıqları “Şuşa Bəyannaməsi” qələbəmizin nəticələrinin, regionda sülhün və sabitliyin qorunmasına xidmət edən mü­hüm tarixi sənəddir.

Birinci Qarabağ müharibəsində uğradığı­mız məğlubiyyətin acısı hamımızın heysiy­yətinə toxunur, hamımızı ağrıdırdı. Amma, yəqin ki, işlərinin xarakteri ilə əlaqədar ola­raq xarici siyasət sahəsində çalışanlar, danı­şıqlar prosesində iştirak edənlər bunu daha ağrılı yaşayırdılar. İddialarından yerə-göyə sığmayan erməni diplomatlarını, onların yal­nız bir tərəfi – bizi güzəştə getməyə çağıran, bəzən isə lap ağını çıxaran, günahkar sayan, təqsirləndirən avropalı havadarlarını görmək, sağlam məntiqə sığmayan təklif və məsləhət­lərini dinləmək həqiqi əzab idi... İndi bunlar artıq geridə qalıb.

Ali Baş Komandanın qətiyyəti, Azər­baycan əsgərinin hünəri sayəsində artıq hər yerdə başımızı dik tutur, qürurlu davranırıq. Bəli, biz qalıb xalqıq. İstəmədən qoşulmaq məcburiyyətində qaldığımız müharibəni Zəfərlə başa vurmuşuq, torpağımıza göz dikən, milli varlığımızı inkar etmək istəyən düşməni yenmişik.

Zəfər vətəndaş, xalq və dövlət olaraq üzərimizə mühüm vəzifələr qoyur. Bədxahla­rımızın çoxluğuna baxmayaraq erməni sepa­ratçıları və onların havadarları ilə mübarizə­də qazandığımız Qələbə dünya miqyasında Azərbaycanın rolunu, nüfuzunu nəzərə çar­pacaq dərəcədə artırıb. Satın alınmış kütləvi informasiya vasitələri, ermənilərin yemlədik­ləri konqresmen və deputatlar nə desələr də, sadə insanların çoxu ölkəmizdən hörmətlə söz açır, qələbəmizi zəruri və haqlı sayırlar. Zəfər nəticəsində Azərbacan çağdaş siyasi tarixə münaqişə və təcavüz nəticəsində po­zulmuş ərazi bütünlüyünü hərbi yolla bərpa edən ilk və örnək dövlət kimi daxil olub.

P.S. Bu il Azərbaycanda “Heydər Əliyev İli”dir. Ümummilli liderin anadan olmasının 100 illiyini bayram edirik. Bir etirafımı bölü­şüm. Doğrusu, hələ Zəfərdən uzun illər öncə düşünürdüm ki, 100 illiyə töhfəmiz nə ola­caq? Necə qarşılayacağıq? İlk ağla gələn, tə­bii ki, torpaqlarımızın işğaldan azad edilməsi idi. Heç olmazsa, separatçıların iddialı şəkil­də “təhlükəsizlik qurşağı” dedikləri 5-7 rayo­nun. Etiraf edim ki, daha artığına fantaziyam çatmırdı. Nə qədər çalışsam da, Şuşanın qisa müddətdə böyük tikinti meydançasına və mədəniyyət mərkəzinə çevrilməsini, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Xankəndidə, Xocalıda, Ağdərədə Azərbay­can Bayrağı qaldırmasını, separatçı qurumun bir günün içində danışıqsız təslim olmasını “görə” bilmirdim. Amma nə yaxşı ki, bütün bunlar oldu. Sevə-sevə qeyd etdiyimiz Zəfər Günü, ilk növbədə, Heydər Əliyevin halal haqqıdır. Onun yolunun layiqli davamçısı olan İlham Əliyevin böyük hünəridir. Xalqı­mızın və ordumuzun sarsılmaz gücüdür!

 

Vilayət QULİYEV,
professor

Siyasət