Həyat bahasına həqiqət
Vicdanlı, dürüst olmağı üstün tutan Süleyman Sani Axundov Qori seminariyasında oxuyanda bir dəfə növbətçilik vaxtı onu çörək almağa göndərirlər. Sonra növbətçi müəllimə belə məlumat verirlər ki, guya, Süleyman çörəyi ucuz alıb, amma baha göstərib, pulun qalanını özünə götürüb. Bu hadisə gənc seminaristə pis təsir edir.
Bir neçə dəfə cəhd edir ki, növbətçi müəllimin evinə gedib bu söhbətin yalan olduğunu desin. Amma, hər dəfə müəllim tərəfindən rədd edilir.
Üstünə atılan böhtanı yumaq üçün Süleyman intihar etmək istəyir və özünü tapança ilə vurur... Bundan sonra məsələ açılır, Süleymanın günahsız olduğu aydınlaşır...
Xilaskar çəlik
S.S.Axundov bacısı uşaqlarını çox sevirdi, onları maraqlandıran bütün suallara ətraflı cavab verməyə çalışırdı. Bir gün uşaqlardan biri ondan soruşur:
– Dayı, o çəlik sənə ağırlıq etmir? Həmişə qolunda gəzdirirsən.
– Düz deyirsən edir, amma hərdən lazım olur.
– Axı nəyə lazım olur?– deyə uşaq yenə soruşur.
S.Sani heç nə demir.
Həmin söhbətdən 2 gün keçir. Təsadüfən onun bacısı uşaqları dənizdə çimirmişlər. S.Sani də onlara tamaşa edirmiş. Birdən yazıçı görür ki, çox sevdiyi, ona suallar verən Nadir bir az dərinə gedib qışqırır. O, cəld suya girir və çəliyi uşağa uzadır:
– Nadir, tez çəlikdən yapış.
Nadir çəlikdən tutub sudan çıxır. Yazıçı deyir:
– Gördünmü, çəlik lazım olur...
“Molla Nəsrəddin”likdir...
Bir dəfə Cəlil Məmmədquluzadəni evinə qonaq çağıran Süleyman Sani Axundov ocağın üstünə qoyduğu yağın əriməsinə baxmaq üçün mətbəxə keçir. Baxır ki, yağ qazanın dibində qalıb. Olan-qalan da buxarlanır havaya. Otağa qayıdır və deyir:
– Molla, möcüzə baş verib, yağ uçur.
Mirzə Cəlil elə bilir ki, dostu zarafat edir. Sonra mətbəxə keçəndə görür ki, yağdan əsər-əlamət qalmayıb. Gülə-gülə deyir:
– Əsil “Molla Nəsrəddin”in malıdır. Yaz, ver, çap edək. Görək ki, bu marqarin yağı nəmənədir ki, uçur...
Təqdim etdi:
Z. HÜSEYNLİ
XQ


