Naxçıvanda şəhid ailələri və qazilərlə görüş olub

post-img

Noyabrın 3-də - Zəfər Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələri və qazilərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev sarayında keçirilən görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının Zəfər salnaməsi, gənc nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir. Səlahiyyətli nümayəndə Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, dövlət başçısı İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıb. Qeyd edib ki, bu dövrdə həm iqtisadi göstəricilər, həm də ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər 44 günlük Vətən müharibəsində böyük Zəfərin qazanılmasına imkan verib. Həmçinin bu ilin sentyabr ayında rəşadətli ordumuz tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri bir daha ordumuzun gücünü göstərməklə bərabər, suverenliyimizin də bərpa olunması ilə nəticələnib.

Ölkəmizdə şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə yüksək dövlət qayğısının göstərildiyini söyləyən F.Nəcəfli bildirib ki, bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Belə ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikada 31 şəhid ailəsi üzvü, 250 qazi və müharibə iştirakçısı daimi işlə təmin olunub, 18 nəfər şəhid ailəsi üzvü, 30 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı haqqı ödənilən ictimai işlərə cəlb edilib. 40 nəfər şəhid ailəsi üzvü, 65 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs və müharibə iştirakçısı özünüməşğulluq proqramı üzrə qeydiyyata alınıb, aktivlərlə təmin olunması istiqamətində iş aparılır.

Zəfər Günü ərəfəsində 7 şəhid ailəsi və 8 qazinin mənzillə təmin olunacağını bildirən səlahiyyətli nümayəndə 171 şəhid ailəsi üzvünün və qazinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıdığını, mənzili yanan 1 şəhid ailəsinin evinin yenidən tikildiyini diqqətə çatdırıb. Bildirilib ki, bəhs olunan dövrdə 12 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs avtomobillə təmin edilib. 109 nəfər şəhid ailəsi üzvünə və 75 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxsə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“Dəstək” Fondu) tərəfindən 439 min 583 manat vəsait ödənilib. Bununla bərabər, dövlət qurumlarının əməkdaşları tərəfindən şəhid ailəsinin üzvləri 500 dəfəyə yaxın ziyarət olunub.

Sonra şəhid ailəsi üzvlərinin və qazilərin problemləri dinlənilib, sualları cavablandırılıb, onların müraciətləri protokollaşdırılıb.

Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi üzvlərini və qaziləri 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Sosial həyat