Qış qapını almamış...

post-img

Ölkənin xidmət qurumları soyuq aylara neçə hazırlaşıb?

Payız–qış mövsümünün sərt və ya mülayim keçəcəyi, soyuq-şaxtalı havalarda “mavi yanacaq”, işıq və su probleminin yaranacağı irəlicədən bilinmir. Amma ötən illərin bu vədəsi xatırlananda kommunikasiya sistemlərində nə qədər çatışmazlıqlar üzə çıxdığı, hətta problemlərin həllinin müşkülə çevrildiyi də yaxşı xatırlanır. Payız–qış mövsümünə hazırlığın da səviyyəsi, bax, o qarlı-sazaqlı günlərdə dəyərləndirilir. 

Bəli, payız-qış günlərinin indiki xoş üzü olduğu kimi, sərtliyi də qaçılmazdır. Ancaq qarı ilə gözəllik, soyuğu ilə təmiz­lik gətirən təbiətin bu sərtliyi təkcə möv­sümə ciddi hazırlaşmaqla, qaz, işıq və su tələbatını qarşılamaq üçün tədbirlər həyata keçirməklə aradan qaldırıla bilər. 

Bəs ilin ötən aylarında respubli­kamızın paytaxtında, rayonlarda pa­yız–qış mövsümünə necə hazırlaşılıb? Yağışlı–qarlı havalarda kommunikasi­ya sistemləri ilə bağlı problemlərin ya­şanmaması üçün hansı işlər görülüb? Sualın cavabı üçün əvvəlcə “Azəristi­liktəchizat” ASC-yə müraciət etdik.

Qurumun mətbuat xidmətindən 2023-2024-cü illər payız-qış mövsümünə ha­zırlıqla bağlı verilən məlumatda tabe təsərrüfatlar tərəfindən geniş tədbirlər planı tərtib edildiyi, hazırlığı yüksək sə­viyyədə həyata keçirmək məqsədilə Bakı şəhəri və ölkənin regionlarında fəaliyyət göstərən istilik təsərrüfatlarının rəhbərlə­rinin iştirakı ilə geniş istehsalat müşavirə­si keçirildiyi bildirilib. Həmin müşavirədə istilik təsərrüfatlarının rəhbərlərinin təd­birlər planının icra vəziyyətinə dair he­sabatları dinlənilib və hər bir sahə üzrə işlərin gedişi ətraflı müzakirə edilib. Eyni zamanda, obyektlərin mövsümi hazırlığı­nı qiymətləndirən müvafiq komissiyanın qazanxana və istilik şəbəkələrinin istis­mara hazırlığı haqqında ətraflı məlumat verilib. 

Bütün bunlarla yanaşı, “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahə­sində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli qərarına uyğun olaraq istilik mövsümünə hazırlıqla bağlı təsdiqlənən bütün tədbirlərin müəyyən­ləşdirilən müddətlərdə başa çatdırılma­sına dair müvafiq tapşırıqlar diqqətə çat­dırılıb.

“Azəristiliktəchizat” ASC-nin məluma­tında, həmçinin 2023-2024-cü illərin pa­yız-qış mövsümünə hazırlıqla əlaqədar ötən dövrdə istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, isti­lik şəbəkələri, nəzarət-ölçü cihazları və elektrik, nəqliyyat təsərrüfatlarının, ha­belə digər istehsal təyinatlı avadanlıqların etibarlığının təmin edilməsi məqsədilə bir sıra işlərin görüldüyü qeyd olunur. Hazır­lıq tədbirləri çərçivəsində 1000 kilometr­dən çox istilik xətlərinin hidravlik təzyiqi yoxlanılıb və 10 min metrdən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib. 

İlin soyuq aylarında əhalinin istilik tə­chizatının normal şəkildə təmin edilməsi məqsədilə 1150 ədəd qazan odluğu, 486 dəst istilik mübadilə aparatı, 3 min 230 ədəd nasos, 16 min 860 ədəd müxtəlif di­ametrli siyirtmə təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib. Bütün bunlarla yanaşı, 3 min 340 mühərrik, 561 elekt­rik avadanlığı, 561 nəzarət-ölçü cihazı və qaz təsərrüfatına aid 554 avadanlıq və digər qurğular saz vəziyyətə gətirilib. Bütövlükdə isə, səhmdar cəmiyyətdə pa­yız-qış mövsümündə 49 mindən çox qur­ğu və avadanlığın, nəzarət-ölçü cihazının istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub. 

İlin ötən dövründə mərkəzləşdiril­miş qaydada 288-i məktəb, 161-i uşaq bağçası olmaqla, ümumilikdə, 449 təhsil müəssisəsinin payız-qış mövsümündə istiliklə təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Məlumatda qeyd olunur ki, bu müəssisələrin hər birinin qazanxa­nası payız-qış mövsümünə hazır vəziy­yətə gətirilib. Belə ki, qurum tərəfindən 3 min 871 bina, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 min 224 sosial və təsərüfat obyekti soyuq aylarda istiliklə təmin edilir. Payız-qış mövsümünə ha­zırlıq çərçivəsində balansda olan bütün qazanxanalar, magistral və məhəllədaxili istilik xətləri yoxlanılır, ehtiyac duyulan yerlərdə əsaslı və cari təmir işləri aparılır və istilik mövsümünə hazırlıq işləri da­vam etdirilir. 

Yaşayış binalarının daxili istilik sis­temləri ilə bağlı məsələyə gəldikdə isə, qurumdan bildirildi ki, Mülki Məcəllənin 227, 235-ci maddələrinə və Mənzil Mə­cəlləsinin 29.3, 29.4, 35 və 38-ci mad­dələrinə əsasən çoxmənzilli yaşayış binalarında bütün mühəndis-kommuni­kasiya qurğuları bina və mənzil mülkiy­yətçilərinin mülkiyyətindədir: “Onların istismarı, bərpası və yenidən quraşdırıl­masına aid bütün xərclər mülkiyyətçilərin haqları hesabına ödənilməli olan xərclərə aiddir”.

Artıq “Azəristiliktəchizat” ASC əhali istehlakçı qrupu ilə müqavilələrin bağ­lanılmasına başlayıb. Belə ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənən “İstilik enerjisin­dən istifadə qaydaları”nın 1.4-cü bəndinə əsasən, istilik və isti su təchizatı xidmət­ləri enerji təchizatı müəssisəsi ilə isteh­lakçı arasında bağlanılan müqavilə əsa­sında həyata keçirilməlidir. Bununla bağlı “Azəristiliktəchizat”ın əməkdaşları səhm­dar cəmiyyətdə işlədiyini təsdiqləyən və­siqəni təqdim etdikdən sonra müqavilə bağlanması üçün istehlakçıdan zəruri sənədləri–mənzil mülkiyyətçisinin şəx­siyyət vəsiqəsi və çıxarışın surətini təq­dim etməyi xahiş edir. Beləliklə, müvafiq sənədlər əsasında “Azəristiliktəchizat” və istehlakçı arasında müqavilə imzalanır.

Sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlu­matlar verilir, bütün binaların girişlərinə elanlar vurulur. Müqavilə bağlanılmadığı halda isə, istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunur. 

Xatırladaq ki, “Azəristiliktəchizat” tərəfindən yalnız Bakı üzrə yox, bütün Azərbaycanda mərkəzləşdirilmiş istilik xidməti və isti su təchizatı xidməti göstə­rilir, 180 mindən artıq mənzil mərkəzləş­dirilmiş qaydada isidilir. Yuxarıda sözü­gedən müqavilə də, ilk növbədə, əhalinin istehlakçı hüquqlarının öz maraqlarına uyğun gəlir. Çünki burada onların hüquq və öhdəlikləri tam şəkildə izah olunur.

Hazırda ölkə üzrə bağçaların 6 faizi, məktəblərin isə 8 faizi “Azəristiliktəchi­zat” ASC tərəfindən istilik xidməti ilə tə­min olunur. Digərləri isə həmin məktəb­lərin öz qazanxanaları vasitəsilə isidilir. Ümumilikdə, ölkə üzrə 3 min 871 yaşayış binası, 449 təhsil müəssisəsi, 152 səhiy­yə obyekti, 2 min 224 sosial və təsərrüfat obyekti “Azəristiliktəchizat” tərəfindən is­tiliklə təmin olunur. 

Artıq noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində mənzillə­rin və sosial obyektlərin istilik təchizatına başlanılıb. Noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik təminatının həyata keçiriləcəyi nəzərdə tutulub. Qurumdan onu da bildirdilər ki, artıq ölkə ərazisində payız-qış mövsümünə hazırlıq çərçivə­sində nəzərdə tutulmuş tədbirlərin böyük bir qismi yekunlaşıb. 

Payız-qış mövsümündə ölkə əha­lisinin “mavi yanacaq” la təminatı da xüsusi aktuallıq kəsb edir. Bəs, bu sahəyə cavabdeh olan “Azəriqaz” İs­tehsalat Birliyi tərəfindən hansı işlər görülüb? 

Qurumdan bununla bağlı sorğumuza cavab olaraq bildirildi ki, “Azəriqaz” İsteh­salat Birliyinin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi müvafiq dövlət proqramları­nın icrası, ölkə ərazisində istehlakçıların təbii qazla fasiləsiz, keyfiyyətli və təh­lükəsiz şəkildə təmin olunması, qaz say­ğaclarının quraşdırılması və qazla təmin olunmayan bölgələrin qazlaşdırılması, qaz təchizatı şəbəkəsinin təhlükəsizli­yinin və etibarlılığının artırılması işlərin­dən ibarətdir. Məlumatda qeyd olunur ki, həmin işlərin yerinə yetirilməsi və qəbul olunmuş dövlət proqramlarının icrası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi tərəfin­dən cari ilin ötən dövründə müvafiq təd­birlər həyata keçirilib. Belə ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar birlik tərəfindən 2023-cü ilin yanvar-sentyabr aylarında 323 kilometr boru xətti çəkilib və ya yenilənib, 9 ayın təmir proqramı çərçivəsində 229 kilometr qaz kəmə­ri əsaslı təmir edilib, 41 məntəqə təmir olunub və ya yenidən qurulub, 32 ədəd qaztənzimləyici və paylayıcı məntəqə istismara verilib. Həmçinin dayaqlar üzə­rindən düşmüş qaz kəmərlərinin əvvəlki yerlərinə qaytarılması, boruların korro­ziyadan qorunması üçün rənglənməsi, yeraltı qaz kəmərlərinə qrafik üzrə baxış­ların keçirilməsi və kipliyə yoxlanması iş­ləri həyata keçirilib. Bütün bu tədbirlərin nəticəsi olaraq ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96,4 faizə çatdırılıb. 

Qurumun məlumatında qeyd olunur ki, ötən müddətdə əhalinin keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunması və təhlükəsiz istismarın təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata ke­çirilib. Hazırda bu işlərin davamlı olaraq nəzarətdə saxlanılması və ehtiyac yara­nacağı təqdirdə qəza-bərpa briqadala­rının hadisə yerinə çıxması tam nəzarət altındadır.

Havaların soyuması ilə əlaqədar təbii qaza ehtiyac da artacaq. Çünki payız-qış mövsümü ilə əlaqədar havalar soyumağa başlayır. Məlum olduğu kimi, təbii qazın istehlakı zamanı təyin olunmuş hüquqi- normativ sənədlərə və texniki təhlükə­sizlik qaydalarına əməl edilməməsi bəd­bəxt hadisələrin baş verməsinə gətirib çıxara bilir. “Azəriqaz” İB-nin şöbə rəisi İlkn Behbudovun bildirdiyinə görə, bu kimi xoşagəlməz halların baş verməmə­si üçün təbii qazın mənzillərdə və yaxud da obyektlərdə istehlakı zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qaz təsərrüfatındakı təhlükəsizlik qayda­larına uyğun olaraq həm qaz qurğularının quraşdırılmasına, həm də bu qurğuların quraşdırıldığı otaqların ölçülərinə əməl etmək və standarta cavab verən cihaz­lardan istifadə etmək lazımdır. 

Şöbə rəisi sonra dedi ki, əsasən, qış vaxtı, soyuq aylarda qarşılaşdığımız problemlərin ən başlıcası dəm qazıdır. Dəm qazı və onun otaqlara sızmasının isə səbəbləri çoxdur. Məlum olduğu kimi, dəm qazı həyatda ayrılıqda mövcud de­yil. Bu, sırf texniki təhlükəsizlik qayda­larının tələblərinin və yanma prosesinin pozulması nəticəsində yaranır. Əgər biz texniki-normativ tələblərə əməl etsək, dəm qazının yaranmasının qarşısını ala bilərik. Bununla, həm özümüzün, həm də digər ailə üzvlərimizin həyatını qorumuş olarıq.

Həmin tələblərə gəldikdə isə, İ. Behbudov dedi:

– Təbii qazdan, əsasən, mətbəx və vanna otaqlarında, eləcə də qış ayların­da digər otaqlarda istifadə olunur. Onun sözlərinə görə, vanna otağına müəyyən tələblər var. Belə ki, həmin otaqların öl­çüləri standarta uyğun, minimum 7,5 kubmetrdən, hündürlüyü isə 2,5 metrdən aşağı olmamalıdır. Eyni zamanda, vanna otağının giriş qapısının aşağı hissəsində açıq yer saxlanılmalı, ventilyasiya kanalı vaxtaşırı yoxlanılmalı, işlək vəziyyətdə saxlanılmalıdır. Orada quraşdırılan qaz cihazı müəyyən edilmiş standartlara tam cavab verməlidir. Ən önəmlisi isə tüstü bacası vaxtaşırı yoxlanılmalı və stan­dartlara uyğun quraşdırımalıdır. 

Bəs bütün bunlar nəyə görə lazımdır? Biz bilirik ki, 1 kubmetr metanın yanması üçün, təxminən, 10 kubmetr hava tələb olunur. Hava çatışmazlığı yaranarsa, hə­min məkanda yanma prosesi pozular və bunun da nəticəsində natamam yanma prosesi baş verər. Bu zaman dəm qazı­nın yaranması qaçılmaz olacaq. Həm­çinin standart ölçülər mətbəx otaqlarına da aiddir. Belə ki, mətbəx otaqları 4 gözlü qaz sobaları üçün minimum 15 kubmetr, 3 gözlü qaz sobaları üçün minimum 12 kubmetr, 2 gözlü qaz sobaları üçün isə minimum 8 kubmetr həcmində olmalıdır. Eyni zamanda, burada da havalandırma sitemi, nəfəslik və ventilyasiya kanalı qu­raşdırılmalıdır. 

Fürsətdən istifadə edib əhalinin, is­tehlakçılarımızın diqqətini soyuq qış aylarında tüstü bacalarına yönəltmək istəyirəm. Çünki istehlakçılar tüstü baca­larının düzgün quraşdırılmasına xüsusi fi­kir verməlidirlər. Çoxları kustar üsulla hər hansı bir qaz qurğusunda pəncərədən və ya divardan yer açmaqla, müəyyən borulardan istifadə edərək onu 1-2 metr hündürlüyə qaldırmaqla hesab edirlər ki, mənzillərinin tüstü bacaları var. Havala­rın kəskin soyuması zamanı temperatur mənfiyə yaxınlaşır və yaxud mənfi olur. 

Məlum olduğu kimi, yanmış məhsul isti məhsuldur və çöldə soyuq hava ilə üzləşən zaman kəskin soyuması baş verir. Belə olan təqdirdə orada konsent­rasiya yaranır. Həmin borunun içərisində su buxarları əmələ gəlir və sorulma av­tomatik olaraq zəifləyir. Bu zaman artıq yanma prosesi pozulur və bunun nəti­cəsində, qeyd etdiyimiz kimi, dəm qazı əmələ gəlir. Bu da bədbəxt hadisələrə səbəb olur. Ona görə də bina evlərində yaşayan istehlakçılarımıza tövsiyəmiz budur ki, payız-qış mövsümü başlayana qədər tüstü bacalarını mütləq şəkildə tə­mizləsinlər. Həyət evlərində yaşayan is­tehlakçılarımız isə tüstü bacalarının düz­gün quraşdırılmasına diqqət yetirsinlər. 

Payız-qış mövsümündə əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə etibarlı şəkildə təminatına cavabdeh olan “Azərişıq” ASC tərəfindən görül­müş işləri də qənaətbəxş hesab etmək olar. 

Qurumdan XQ-yə verilən məlumata görə, payız-qış aylarında istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz elekt­rik enerjisi ilə təmin etmək üçün ölkə a ərazisində genişmiqyaslı tədbirlər həyat keçirilir. Belə ki, qış mövsümü üçün ya­rımstansiyaların, paylayıcı qurğuların, kabel və hava elektrik verilişi xətlərinin normal və qəzasız iş rejiminin yaradılma­sı məqsədilə ciddi və təxirəsalınmaz işlər görülüb. 

Məlumatda bildirilir ki, “Azərişıq” ASC müasir elektrik enerjisi təchizatı sistemlə­rini elə formalaşdırır ki, təbiət hadisələri, kənar müdaxilə amilləri istehlakçıların fa­siləsiz enerji təminatına daha az təsir et­sin. “Abonentlərimizin hər hansı bir sualı yaranarsa, dərhal çağrı mərkəzlərimizə müraciət edə bilərlər. 24 saat fasiləsiz xidmət göstərən ”Qəza Xidməti”nin ope­rativ müdaxiləsi nəticəsində baş verən nasazlıq xarakterinə görə qısa vaxt ər­zində aradan qaldırılacaq. Paylayıcı şə­bəkələrin yenilənməsi, gücləndirilməsi və müasirləşdirilməsi prioritet hədəflər olmaqla yanaşı, elektrik enerjisi itkilərinin azaldılması da xüsusi diqqətdə saxlanı­lır”,–deyə məlumatda qeyd olunur. 

Payız-qış aylarında yağan intensiv yağıntılar ölkə ərazisində, xüsusən də paytaxt Bakıda bir sıra problemlərə səbəb olur. Bu sahədə yarana biləcək fəsadların qarşısını almaq, yağış-ka­nalizasiya şəbəkələrinin işlək vəziy­yətdə saxlanılması məqsədilə Azər­baycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər icra olu­nur. 

Payız-qış mövsümünə hazırlıq tədbir­ləri çərçivəsində tullantı su sistemlərinin istismar vəziyyəti təftiş edilir, baxış qu­yuları, kollektorlar və xətlər bərk məişət tullantılarından təmizlənir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mə­lumatına görə, təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında, həm­çinin Sumqayıt və Xırdalan şəhərlərində aparılmış təftiş-qiymətləndirmə işləri nə­ticəsində subasma riskləri yüksək olan ərazilərdə baxış quyuları, kanalizasiya kollektorları və xətləri, eləcə də yağış barmaqlıqlarında toplanmış bərk tullantı­ların təmizlənərək onların tam ötürücülük qabiliyyəti təmin olunur.

Məlumatda qeyd olunur ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində 5 kilo­metr daşıyıcı kollektorun, 40 kilometr tul­lantı, 23 kilometr yağış su şəbəkələrinin yuyulması, 4 minədək kanalizasiya baxış quyusunun, 3 min yağış barmaqlığının təmizlənməsi nəzərdə tutulub. Eyni za­manda, kanalizasiya nasos stansiyala­rında 13 ədəd nasosun quraşdırılması və 2 kilometr tullantı su xətlərinin dəyişdiril­məsi planlaşdırılıb. İndiyədək 2 kilometr uzunluğunda kollektorun, 20 kilometr tullantı, 11 kilometr yağış suları xətlərinin yuyulması təmin edilib, 2100 baxış quyu­su və 1800 yağış barmaqlığı təmizlənib.

Qurumdan bildirildi ki, tədbirlər pla­nına uyğun olaraq yağış və kanalizasiya xətlərində yığılmış bərk tullantıların çıxa­rılması xüsusi texnika vasitəsilə həyata keçirilir. Həmin texnikanın köməyi ilə kol­lektorlara yüksək təzyiqlə su vurularaq çöküntülər təmizlənir və lilsoran qurğu vasitəsilə çıxarılır. Kollektorların, xətlərin və yağış barmaqlıqlarının təmizlənmə­si mövcud infrastrukturun tam gücü ilə işləməsinə imkan yaradır. Bununla da, xətlərdəki tutulmaların qarşısı alınır və yağıntılar zamanı yaranan suların normal axıdılması təmin olunur.

Eyni zamanda, kanalizasiya nasos stansiyalarının istismar vəziyyəti bir daha yoxlanılır, ehtiyac olan nasoslarda və digər hidrotexniki qurğularda təmir-saz­lama işləri aparılır. Bununla yanaşı, Abşeron yarımadasındakı Böyükşor, Xocəsən, Qu, Taşağıl, Masazır, Qotur, Bülbülə göllərində suyun səviyyəsi qiy­mətləndirilib, həmin göllərə xidmət edən nasos stansiyalarının iş rejimi buna uy­ğun təmin edilib.

Aidiyyəti qurumların qışa hazırlıq pro­sesi ilə bağlı verdiyi məlumatlardan çıxan nəticə budur ki, kommunal xidmətlərimiz qışa hazırdır. Ümid edək ki, bu qış rahat və qayğısız keçəcək…

 

Vaqif BAYRAMOV,
Mirbağır YAQUBZADƏ
XQ



Sosial həyat