Birinci nəğmə
Mən ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə doğulub böyümüşəm. Orta təhsili də orada almışam. O vaxtlar tay-tuşlarım, dostlarım Bakını – paytaxtı görməyə tələsəndə, mənim ürəyim Mingəçevirlə döyünürdü. Yaşayış yeri kimi üç-dörd min illik tarixi olsa da, xəritəmizdə nisbətən yeni olan bu şəhəri mənə Səməd Vurğunun “Muğan” poeması sevdirmişdi. Poemanı nəğmə-nəğmə, sətir-sətir əzbər bilirdim. Mən Mingəçeviri görməyi necə arzuladığını, indi deyə bilmirəm.
Deyə bildiyim isə odur ki, uzun illər sonra bölgə müxbiri kimi ən çox söz açdığım şəhər məhz Mingəçevir olub. Mən bu şəhərin işıqlarını da sevmişəm, adamlarını da. Gecəsini də vəsf eləmişəm, gündüzünü də. Alimini, ziyalısını da yazı qəhrəmanına çevirmişəm, küçələrdə təmizlik işlərinə baxan sadə insanını da. Şəhər rəhbərliyi ilə görüşlərimi də səmimiyyətlə qələmə almışam, xiyabandakı yaşıllıqları sulayan bağbanla söhbətimi də. Ona görə işıqları və adamları yada salıram ki, Mingəçevir mənim “Gecə reportajı” hazırladığım ilk və hələlik yeganə şəhər olub. Üstəlik, həmin yazıya görə həmkarlarımın çoxsaylı xoş sözlərini də eşitmişəm.
Yaxşı bilirik ki, Kür şayı ölkəmizə Qazax rayonunun ərazisindən daxil olur, Salyanda Xəzərlə qovuşanadək çox ərazilərimizdən keçir. Həmin ərazilərin hamısında Kürlə salamlaşmışam – desəm, ifrata varmaram. Amma, nədənsə, mən bu çayın səsinə Mingəçevirdə daha çox vuruluram. Səməd Vurğun demiş:
Kiçicik bir sudur yer üzündə Kür,
Baxsan bu dünyanın xəritəsinə.
Bəs niyə qəlbimdə ümman döyünür,
Mən qulaq asdıqca Kürün səsinə?
İkinci nəğmə
Bəli, Mingəçevirdə belə bir park var. Bu şəhərə hər gələndə tez-tez həmin ünvana baş çəkməyi özümə borc bilirəm. Belə parkın yaradılması qədirbilənlik əlamətidir və hamıda məmnunluq yaradır. Mən isə ona da məmnunam ki, yaradılmasının 65 və 70 illik yubileylərində yazı hazırladığım Mingəçevirin 75 illiyini də bu şəhərin sakinləri və qurucularının bəziləri ilə birlikdə qeyd edirik.
Ulu öndər Heydər Əliyevin “Halal insanlar şəhəri” adlandırdığı Mingəçevirin qurucuları bu şəhərdə daim hörmət və ehtiramla yad edilirlər. Vaxtilə bir yazıda qeyd etmişdim ki, 1948-1955-ci illərdə Mingəçevirdə aparılan inşaat – quruculuq işlərinə rəhbərlik etmiş İslam İslamzadənin, eləcə də şəhərin salınmasında onunla çiyin-çiyinə çalışaraq Mingəçevirin şərəfli tarixini yazmış əmək qəhrəmanları Qafar Xəlilov, Bəhlul Bayramov, Sarvan Salmanov, İsa Salahov, Qəşəm İsmayılov, Rəsul Balakişiyev, Məhərrəm Dadaşov, Qriqori Kuzmin, İvan Kiyasko, Əhmədfərid Əfəndiyev kimi insanların — şəhərin ilk qurucularının əziz xatirəsini əbədiləşdirmək, eyni zamanda, sıraları ildən-ilə seyrəlməkdə olan veteranlara diqqət və qayğı göstərmək məqsədilə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə “İlk qurucular parkı” yaradılıb.
“İlk qurucular parkı”nda görüşüb söhbət etdiyim Ağagül dayı da həmin qəhrəmanlardandır. Maraqlı həmsöhbətdir. Şəhərin təməlinin qoyulduğu illərdə fəhlə və mühəndislərin yaşadığı müvəqqəti baraklardan, ölkənin hər yerindən gəlmiş mütəxəssislərin vahid amala xidmət edərək “çəkici eyni zindana vurmasından”, nəhayət, Kürün ram edilməsindən, xəritəmizə yeni şəhərin düşməsindən həvəslə danışır.
1948-ci ildə Qərbi Azərbaycandan deportasiya olunublar. Xaldana köçüblər. 1948-ci ildə Mingəçevirdə quruculuq işləri başlayanda əvvəlcə iki qardaşı bura gəlib. Beton zavodunda işləyib. Ağagül Əliyev armatur istehsal edən sexdə çalışıb. Söhbət düşəndə həmişə iftixarla danışır. Deyir ki, hər dəfə gözümüzün qarşısında tikilən bu evlərin yanından keçəndə bəzən divarlara əlimi sürtürəm. Oğul, qəribə hissdir, – deyir. – Elə bilirəm bu evlərin hamısında mənim barmaq izlərim var.
Adil İsmayılov isə energetikdir. Şəkinin Qaradağlı kəndində doğulub. Neft və Kimya İnstitutunu bitirib. 1981-ci ildə təyinatla Mingəçevirə gəlib. İstilik Elektrik Stansiyasında mühəndis kimi fəaliyyətə başlayıb.
Mingəçevirdə – energetiklər şəhərində görülən işlərdən danışanda qulaq asmaqdan doymaq bilmirsən ki, bilmirsən:
– Düzdür, Mingəçevirin qurucuları həmişə hörmətlə xatırlanmalı, yad edilməlidir, – deyir. – Allah hamısına rəhmət eləsin. Şəhərin ayrı-ayrı vaxtlarında rəhbərlik edənlərin də əməyini qiymətləndirmək lazımdır. Amma, mənim səmimiyyətimə inanın. Mingəçevirin ən böyük qurucusu ulu öndər Heydər Əliyevdir, desək –yanılmarıq.
Adil İsmayılov o qədər maraqlı faktlar danışır ki, söhbətdən doymursan.
Əziz oxucu, sənə söz verirəm ki, bir gün Adil müəllimin danışdıqlarını kağıza köçürüb, olduğu kimi sizə təqdim edəcəm. Necə möhtəşəm işlərin görüldüyünün şahidi olacaqsınız.
Üçüncü nəğmə
Elə buradaca, Mingəçevirin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərini əks etdirən bəzi faktları biz də sadalayaq.
Sirr deyildir ki, “1969-cu ildə – Ulu öndər Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəldiyi dövrdə Mingəçevir kiçik bir qəsəbəni xatırladırdı. Məhz onun rəhbərliyi illərində şəhər sürətlə inkişaf edərək ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə çevrilib.
1969-1982-ci illərdə Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyası, Texniki-rezin məmulatları, Yol-tikinti maşınları təmiri, Aqrar-sənaye, dəmir-beton məmulatları və Çörək zavodları, Poliqrafiya müəssisəsi, evtikmə kombinatları inşa olunub. Bu illərdə şəhərdə 8130 şagird yerlik 8 orta ümumtəhsil məktəbi, 2240 yerlik 8 məktəbəqədər uşaq müəssisəsi, 1848 çarpayılıq xəstəxana, Poliklinika, Şahmat məktəbi, Gənc texniklər stansiyası və digər obyektlər tikilib istifadəyə verilib...
Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov bütün bunlar barədə həvəslə danışır. Bildirir ki, həmin dövrdə Energetiklər qəsəbəsində 20 minə yaxın əhalinin məskunlaşması üçün çoxmərtəbəli yaşayış binaları, 3 ümumtəhsil məktəbi, doğum evi, poliklinika, Tibb Məktəbi, Musiqi Məktəbi, uşaq bağçaları və digər sosial obyektlər tikilib. Yaradılan sənaye potensialı nəticəsində Mingəçevir respublikanın dördüncü sənaye şəhərinə çevrilib. İndi fərəhlə qeyd edə bilərik ki, ümummilli liderimizin başladığı işlər bu gün də onun siyasi kursunun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük peşəkarlıq və uğurla davam etdirilir.
Dördüncü nəğmə
Nə xoşdur ki, bu şəhərin yubileyi Azərbaycanda böyük məmnunluqla qeyd edilən “Heydər Əliyev ili”nə düşür. Biz məmnunuq ki, bu 75 illik cənab İlham Əliyevin ölkədə ilk dəfə prezident seçilməsinin 20 illiyinə təsadüf edir. Bu yubileyin qeyd olunduğu 2023-cü il Azərbaycan tarixinə ölkəmizin suverenliyinin tam təmin edilməsi ilə yazılıb. Bu il Azərbaycan Prezidenti otuz il əlimiz çatmayan şəhər və rayonlarımızda da bayrağımızı ucaltdı, “Xalq qəzeti”nin yazdığı kimi, “bayraqların paradı”nın şahidi olduq. Bu il Azərbaycan beynəlxalq aləmdəki bütün bədxahlarının məkrli planlarını pozaraq, öz qətiyyətini və siyasi iradəsini diktə elədi. Bəli, bu il Azərbaycanın dördüncü böyük şəhəri olan Mingəçevirin 75 yaşı tamam olur. Mən də məmnunam ki, doğma Mingəçevirin 70 illiyi münasibətiylə də bir neçə yazı qələmə almışam və həmin yubiley tədbirlərində iştirak etmişəm.
Beşinci nəğmə
Prezident İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan müddəalar ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də müvəffəqiyyətlə həyata keçirilib. Bütün bunların nəticəsində “Nur şəhəri” sürətlə inkişaf edərək, günü-gündən öz gözəlliyini, füsunkarlığını artırmaqdadır. Bu gün Mingəçevirdə iri istehsal müəssisələri, yeni mədəniyyət, ictimai və sosial obyektlər, park və istirahət mərkəzləri, məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binaları, nümunəvi xidmət və ticarət obyektləri tikilib istifadəyə verilib. Ötən müddət ərzində ölkə Prezidentinin diqqət və qayğısı sayəsində 9 məktəb, 4 uşaq bağçası əsaslı şəkildə təmir edilib, 14 nömrəli orta məktəbin əsaslı təmiri başa çatmaq üzrədir. H.Əliyev Fondu tərəfindən 120 yerlik uşaq bağçası tikilib istifadəyə verilib. Bundan əlavə bir özəl uşaq bağçası tikilib.
Mingəçevirin tərəqqisini göstərən başqa faktlara da nəzər salaq. Şəhərin ən gözəl məkanlarından birində Ulu öndərin möhtəşəm abidəsi ucaldılıb və ən yüksək standartlara uyğun əzəmətli Heydər Əliyev Mərkəzi, Gənclər evi tikilib istifadəyə verilib. Şəhərin bütün küçələrində, Mingəçevir kəndi, Tərəvəzçilik sovxozu və Günəşli yaşayış massivlərində abadlaşdırma, yaşıllaşdırma işləri görülüb, səliqə-sahman bərpa olunub, yüzlərlə binanın fasadı, dam örtüyü, ümumi istifadə yerləri tam müasir formada əsaslı surətdə təmir edilib. Əhalinin istirahəti üçün 10-a yaxın park və istirahət mərkəzləri salınıb, “1941-1945” Abidə kompleksinə yeni görkəm verilib. Mingəçevir Dövlət Dram Teatrı, şəhər stadionu əsaslı təmir edilib şəhər sakinlərinin ixtiyarına verilib, Heydər Əliyev parkı, Heydər Əliyev prospekti boyu xiyabanlar və Teatr meydanı yenidən qurulub. Hazırda şəhərin su-kanalizasiya və istilik sistemi dövlət proqramına uyğun olaraq, yenidən qurulur.
Prezidentliyi dövründə yeddi dəfə Mingəçevirin qonağı olan cənab İlham Əliyev burada bir sıra müəssisələrin – “Kür elektron avadanlıqları zavodu”, “İnterenerji beton dayaqları”, “İzolit” ASC-lərin ,”Kür” Olimpiya Tədris İdman Mərkəzinin, Şahmat məktəbinin, YAP şəhər təşkilatının inzibati binasının, Heydər Əliyev Mərkəzinin, Gənclər Evinin, Dövlət Bayrağı meydanının, “Günəşli” bağ massivinə çəkilən qaz xəttinin, Xaldan – Mingəçevir yolunun, Mingəçevir Sənaye Parkının, “Asan Həyat” kompleksinin, Sutəmizləyici qurğunun, Mingəçevir Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışlarını edib. Dövlər başçısının hər gəlişi ilə bağlı şəhərdə sosial-iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, abadlıq-quruculuq işləri vüsət alıb. Prezident İlham Əliyev Mingəçevir barədə 9 sərəncam imzalayıb, 36 milyon manat vəsait ayırıb. Ayrılan bütün vəsaitlər şəhərin inkişaf etdirilməsinə yönəldilib.
Bu məqamda cənab Prezidentin Mingəçevir haqqında söylədiyi fikirləri də yada salmaq yerinə düşərdi: “Mingəçevir çox müasir, gözəl şəhərə çevrilibdir. Artıq Mingəçevir təkcə energetiklər şəhəri deyil, sənaye şəhəridir, mədəniyyət mərkəzidir… Şəhər tamamilə müasirləşib, gözəlləşib, böyük abadlıq-quruculuq işləri aparılır, xiyabanlar, parklar salınır, binalar təmir olunur”.
Altıncı nəğmə
Bu il fevralın 13-də Mingəçevirdə müstəqillik dövrümüzün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə geniş nitq söyləyən Prezident İlham Əliyev xatırladıb ki, Mingəçevir şəhərində təməli qoyulan yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı 2025-ci ildə olacaq:
“İndi Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır”.
Yeddinci nəğmə
İkinci Qarabağ müharibəsi Mingəçevirin tarixinə həm şəhərimizin 50 şəhid verməsi ilə – hətta, bir ananın iki oğlu şəhid olub – həm çoxsaylı qaziləri ilə, həm də düşmənin raket atəşlərinə məruz qalması ilə yazılıb. Gənclərin həmin qəhrəmanlığı, rəşadəti haqqında bu gün hər bir mingəçevirli qürurla danışır.
Ona görə də, şəhərdə şəhid ailələrinə və Qarabağ əlillərinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır. Belə ki, uzun illər mənzil almaq növbəsində dayanan bu qəbildən olan insanlar üçün 72 mənzilli yeni yaşayış binası tikilib istifadəyə verilmək üzrədir. Mənzil növbəsində dayanan şəhid ailələri və Qarabağ əlillərinin say çoxluğunu nəzərə alaraq, daha bir binanın tikintisi məqsədi ilə torpaq sahəsi ayrılıb, hazırlıq işləri görülür. Elə bir ay olmur ki, şəhərin məsul şəxsləri həmin zümrələrdən olan ailələrlə görüşüb, onların problemlərinin həllinə çalışmasınlar.
Aradan xeyli vaxt keçsə də 44 günlük müharibədə iki oğlunu itirən Sevinc xanımla olan söhbətimi heç vaxt yadımdan çıxara bilmərəm ki, bilmərəm: “Bəs qohum-əqrabadan niyə gəlib yanınızda qalmırlar. Tək yaşamaq çətin deyil?” Sualımıza Sevinc ana belə cavab vermişdi: “Gəlib, qalmaq istəyən çoxdur. Özüm istəmirəm. Adam olanda balalarımla rahat danışa bilmirəm”. – Bu da müharibənin ilk günü iki oğlunu – Əlisini və İslamını itirən ananın mənə cavabı.
Səkkizinci nəğmə
44 günlük İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan Ordusunun qarşısında aciz qaldığını görən İrəvan rəhbərliyi bir neçə gecə həm Gəncəni, həm də Mingəçeviri raket atəşinə tuturdular. 2020-ci il oktyabrın 11-də ölkənin kütləvi informasiya vasitələri yazırdılar ki, ermənilərin Mingəçevirə hücumları Azərbaycanın Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən dəf edilib:
“Düşmənin silahlı qüvvələri oktyabrın 11-də gecə saat 04.00 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Azərbaycan Ordusunun Hərbi Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.” Bu barədə Baş Prokurorluğun məlumatında deyilir...Oktyabrın 11-də səhər saatlarında Azərbaycan HHM qüvvələri Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatını məhv ediblər.
Doqquzuncu nəğmə
Gənc sənaye şəhəri olan Mingəçevirin əsası XX əsrin 40-cı illərinin axırlarında – 50-ci illərin əvvəllərində qoyulsa da, Mingəçevir yaşayış məskəninin adı çəkilən mənbələrin tarixi min illərlə ölçülür. Türk alimləri “Mingəçevir” sözünü türk mənşəli Mingəçöhr adlı sərkərdənin adı ilə əlaqələndirirlər. Akademik Ziya Bünyadov 4500 ildən çox tarixə malik olan bu yerin mənasını elmi cəhətdən belə izah edib: – “Bu ad 839-cu ildə yaşamış və xilafətə qarşı mübarizə aparmış Mingəçöhr El-Ferqaninin adı ilə bağlıdır”. Bu ərazidə yaşayış hələ eramızdan əvvəl III minillikdə mövcud olub. Arxeoloji qazıntılar sübut edir ki, burada yaşayan insanlar böyük mədəniyyətə malik olublar.
Bir neçə il bundan əvvəl qəzetimizdə Mingəçevir haqqında məqalə yazmışdım. Redaksiyaya zəng gəldi. Dəstəyin o biri başında cavan səsli bir oğlan özünü təqdim etdi:
– Etibar Əhmədovam, Mingəçevirdən zəng vurmuşam. Yazını oxudum. Xoşuma gəldi. Amma, narazı da qaldım. Mingəçevir haqqında yazıb, onun qədim tarixini qeyd etməmək, Mingəçevir kəndi barədə söz deməmək, məncə, düzgün deyil.
Haqlı iradı qəbul etdim. Söz verdim ki, bu dəfə Mingəçevirə gedəndə mütləq həmin kəndə baş çəkəcəm, onun sakinləri ilə həmsöhbət olacam. Danışdığımız kimi, getdim, bu kəndin ləyaqətli, səmimi insanlarının qonağı odum. Xeyli söhbət etdik. Bakıya qayıdıb, Mingəçevirin qədim tarixi və bu gün orada yaşayan insanlar haqqında yazı hazırladım. Yazının sərlövhəsi belə idi: “Mingəçevir – kəndim, kəsəyim mənim”.
Odur ki, bugünkü yazıda da qısa da olsa şəhərin qədim tarixini qeyd etməsək, kimlərinsə qəlbinə dəyə belərik.
Onuncu nəğmə
Mingəçevirin tikintisində fəal iştirak edən Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın fəxri energetiki Sarvan Salmanovu da xüsusi xatırlamasaq insafsızlıq olardı. O, 1927-ci ildə İsmayıllı rayonunun Zoğallıq kəndində dünyaya gəlib, 2003-cü ildə isə doğma şəhəri Mingəçevirdə vəfat edib. Əmək fəaliyyətinə 1945-ci ildə Mingəçevir Su Elektrik Stansiyasının tikintisində başlayıb və burada müxtəlif vəzifələrdə çalışıb. İki dəfə Lenin ordeni və medallarla təltif edilmiş bu əmək qəhrəmanının obrazı Xalq şairi Səməd Vurğunun “Muğan” poemasında xüsusi qeyd edilib.
Poemanın “Mingəçevir qəhrəmanı” adlı on birinci nəğməsində oxuyuruq:
Car çəkir çarxların çaxnaşıq səsi,
Car çəkir, qışqırır nəhəng motorlar.
Qızır baltaların polad pəncəsi,
İldırım, ildırım vurur Bozdağı.
O daşlı, qumsallı, gilli torpağı
Udur, lay-lay udur ekskavatorlar.
Hay salır, qışqırır nəhəng motorlar.
Və ya...
Bu səs mənim Sarvanımın,
Sarvanımın səsidir, bax...
O nəfəsi səndən aldı,
Ana torpaq, ana torpaq.
On birinci nəğmə
Əslində, mən bu qəbildən olan ifadələri pafos adlandırır və onlardan heç bir yazıda istifadə etmirəm. Amma son beş ildə bu şəhərə rəhbərlik edən, bütün həyatı Mingəçevirə bağlı olan, burada kiçik vəzifədən tutmuş ta şəhər icra hakimiyyətinin başçısı kimi məsul vəzifəyədək – mərhələ-mərhələ ucalan İlham İsmayılova sakinlərin inam və etimadını görəndə bu sözdən istifadə etməyi məqsədəuyğun saydım.
İlham müəllim beş ildir ki, bu şəhərə rəhbərlik edir. Amma otuz ildən çoxdur ki, Mingəçevirin abadlaşdırılmasında, inkişafında, sakinlərin problemlərinin həllində heç nəyi diqqətdən kənarda qoymayıb. Onunla birlikdə şəhid ailələrinin evində olmuşam, əhali ilə saysız-hesabsız görüşlərdə iştirak etmişəm. Hara getmişiksə, onu hamı öz doğması kimi qarşılayıb, sərbəst sözünü, fikrini deyib. Biliblər ki, heç kəsin qayğısı diqqətdən yayınmayacaq.
On ikinci nəğmə
Dünya xəritəsinə baxanda çayların yarıya böldüyü şəhərlər çoxdur. Hələ məktəb illərindən bilirdik ki, London, Budapeşt, Moskva, Sankt-Peterburq, Paris, Bağdad, Tbilisi və onlarca digər şəhərin mərkəzindən nəhəng çaylar axıb keçir. O zaman mən dəfələrlə düşünmüşdüm ki, bəs o sırada Mingəçevirin adı nə üçün yoxdur?
Nə yaxşı ki, cənab Prezident 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsinə nail oldu. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində – mütəxəssislərin fikrincə, MDB məkanında bu mərkəzin bənzəri yoxdur – keçirilən akademik avarçəkmə, kanoe və kayak idman yarışları keçirilməsi Avropada bizim Mingəçeviri də tanıtdı. Hamı gördü ki, mərkəzindən kükrəyən çayların axdığı şəhərlərdən biri də Mingəçevirdir.
Epiloq
Məktəb illərində bir dəfə müəllimdən soruşmuşdum ki, bu poemada söhbət əsasən Mingəçevir Su Anbarının tikilməsindən və bu şəhərin salınmasından gedirsə, nə üçün əsərin adı “Muğan”dır? Müəllim demişdi ki, şair o bəndin, həmin su anbarının əsrlər boyu suya həsrət qalmış, ilanlar mələşən Muğan düzünə həyat gətirəcəyini nəzərdə tutmuşdu.
Mingəçevir, həqiqətən, Muğana həyat, Azərbaycanın hər yerinə isə işıq, “nur” gətirib. Həmin həyatın da, nurun da, elə Mingəçevirin özünün də 75 yaşı mübarək olsun!
İlqar HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri