Samux şəhidləri yad olundu

post-img

Antiterror əməliyyatlarında həlak olan hərbçilər – Lək kənd sakini Qasımov Sənan Fərman oğlu, Bağbanlar kənd sakini Həsənov Həsən Zabit oğlunun qırx mərasimində, eləcə də 44 günlük Vətən müharibəsinin şəhidi Rüstəmov Pərviz Tufan oğlunun şəhadətinin ildönümündə rayon ictimaiyyəti iştirak edib. 

Şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Şəhidlərin keçdikləri döyüş yolundan, qəhrəmanlıqlarından bəhs edilib, Azərbaycan Ordusunun Qarabağdakı antiterror əməliyyatlarında qazandığı uğurlardan, ərazi bütövlüyümüzün təmin edilməsindən danışılıb. 

Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev vurğulayıb ki, Vətən naminə canını qurban vermiş şəhidləri xalqımız heç zaman unutmayacaq, onlar əbədi xatirə kimi qəlblərdə yaşayacaqlar.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Ordusunun Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə qarşı apardığı lokal xarakterli antiterror əməliyyatlarında həlak olan gizir Həsənov Həsən Zabit oğlu 8 mart 1995-ci il tarixdə Samux rayonunun Bağbanlar kəndində anadan olub. Subay idi. Bu il sentyabrın 21-də Gəncə şəhər İmamzadə Kompleksində dəfn edilib.

Vətən müharibəsi şəhidi Rüstəmov Pərviz Tufan oğlu 6 may 1992-ci il tarixdə Samux şəhərində anadan olub, 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 30 oktyabr 2020-ci il tarixdə Samux şəhərində dəfn edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Pərviz Rüstəmov Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hamlet Qasımov, 
XQ-nin bölgə müxbiri

Samux

 



Sosial həyat