Nə tökərsən qazanına...
Məmməd Səid Ordubadi 1907-ci ildə əsərinin çapına icazə almaq üçün onu Mirzə Şərif adlı çar senzoruna təqdim edir. Senzor əsərin ən yaxşı yerlərini bilərəkdən, ya bilməyərəkdən qaralayır. Ədib bundan pərt olsa da, biruzə vermir.
İllər keçir. M.S.Ordubadi 1920-ci ildə “Əxbar” qəzetində çalışdığı vaxt Mirzə Şərif onun yanına gəlir. “Hindistan müsəlmanları” adlı əsərinin qəzetdə çap olunması üçün ona müraciət edir. M.S.Ordubadi əsəri oxumadan bir kağız parçasını mürəkkəbə batırıb əsərin səhifələrini elə onun yanındaca qaralamağa başlayır. Mirzə Şərif əsəbləşir:
– Ay yoldaş, neyləyirsən?
Ədib sözünü deməyin məqamı çatdığından sakitcə cavab verir:
– Cənab senzor, sizin qaydanızla əsərinizi təshih (redaktə) edirəm.
Bəs bizim “bədbəxtlər”?
Məmməd Səid Ordubadi dram teatrına bir pyes verir. Çox gözləyir, görür ki, əsər tamaşaya qoyulmur. Vəziyyəti öyrənmək üçün hərdən teatrın direktoruna zəng edib soruşur ki, bu gün teatrda nə gedir? O da hər dəfə cavab verir ki, “Xoşbəxtlər”.
Bir gün növbəti zəngdən sonra aldığı həmin cavabdan əsəbiləşən yazıçı deyir:
– Qardaş, bəs bizim “Bədbəxtlər”in bəxti nə vaxt açılacaq?
“Sən o vaxta qalmazsan”
Belə deyirlər ki, Məmməd Səid Ordubadinin 70 illik yubileyi keçiriləndə dramaturq Sabit Rəhman onun yaradıcılığı və şəxsi keyfiyyətləri ilə bağlı çox səmimi çıxış edir, onu təbrik edəndən sonra deyir:
– Mirzə, gün o gün olsun ki, 150 illik yubileyinizi də bu zalda böyük təntənə ilə keçirək.
M.S.Ordubadi yerdən S.Rəhmanın nitqini kəsərək, ona bir az ərkyana, bir az da zarafatyana söz atır:
– Gədə, sən o vaxta qalmazsan!
Z.HÜSEYNLİ
XQ