Görkəmli fırça ustası Vəcihə Səmədova “Azərbaycan bəstəkarları” əsərini 1951-ci ildə ərsəyə gətirmişdir. Rəssamın bu tabloda başlıca məqsədi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin şəxsiyyətinə və milli musiqimizə verdiyi töhfələrə münasibətini bildirmək idi.
Böyük sənətkarın ətrafında öz yetirmələri olan gənc bəstəkarların təsvir edilməsi onu göstərir ki, Üzeyir bəy vaxtikən gənc musiqiçilərə daim diqqət yetirmiş, onların ən müxtəlif problemlərini həll etməyə çalışmışdır.
Əsərdə işıqlı otağın interyeri də sanki dinlənilən musiqi ruhuna yaxın nikbin tutumludur.
Tablodakı təbiilik, eyni zamanda fiqurların düzülüşünə görə kompozisiyaya ritmli dinamika bəxş etməsi tamaşaçını özünə cəlb edir. Rəsmə ilk nəzər yetirdikdə rənglərin qabarıqlığı hiss edilməsə də, diqqətlə baxdıqda görürük ki, musiqiçilərin geyimlərində qəmli rəng çalarlarından da istifadə olunub.
“Azərbaycan bəstəkarları” süjetli tablosu Azərbaycan rəngkarlığının yaddaqalan nümunələrindən sayılır. Tarixi əhəmiyyət kəsb edən əsərin bu gün dahi bəstəkarın ev-muzeyini bəzəməsi əsərin yüksək dəyər daşımasından irəli gəlir.
Leyla HADİ,
tələbə-jurnalist