Bu bahalı əyləncə 60 milyon dollara başa gəlir
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində oktyabrın 6-da Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı və “Azərkosmos”un tərəfdaşlığı ilə “Astronavtlar sessiyası: “Kosmosun populyarlaşması – kosmos insanları ilə tanışlıq” mövzusunda plenar iclas keçirilib.
Heydər Əliyev Mərkəzinin Auditoriya zalında baş tutan sessiyada moderator almaniyalı astronavt, Ştutqart Universitetinin astronavtika üzrə professoru Reinold Evald olub. Plenar iclasda TUA-nın(Türkiyə Uzay Ajansı) nümayəndəsiastronavt Tuva Cihangir Atasever, “Blue origin” şirkətinin astronavtı Viktor Hespanha, Rusiyadan “Roskosmos”un nümayəndəsi astronavt Anna Yuryevna Kikina, NASA-nın Kosmik Araşdırmalar Assosiasiyasından (ASE) astronavt John David Bartoe və misirli astronavt Sara Sabry çıxış ediblər.
Kosmosda həyat tərzi, yanaşma və kosmik fəaliyyətlər barədə məlumatı bölüşən astronavtlar gənclərə bu sahənin sirlərindən danışıblar. Kosmosda zamanın çox sürətlə keçdiyini vurğulayan astronavtlar, kosmosa yollanmazdan öncə keçdikləri asan olmayan məşqlərdən də söz açıblar.
“Bu günlərdə insanları kosmosa aparmağın yeni yollarının çoxaldığını görürük. Kosmos öz orijinal, eksklüziv xarakterini itirirmi? Biz – kosmos səyahətçiləri kosmosa buraxılış motivləri haqqında düşünürük. Çünki artıq hər kəs, astronavt olmadan belə kosmosa yollana bilər. 2022-ci ildə “Artemis-1” missiyasının pilotsuz “Orion” kosmik gəmisi Ayın ətrafında uğurlu dövrə vurdu. Bu, insanların Yerin peykinə uçmasına və ora enməsinə hazırlıq mərhələsi idi. 2024-cü ildə isə bizi Ay missiyaları gözləyir", – deyə R.Evald əlavə edib.
Qeyd olunub ki, “Orion” missiyasından sonra NASA bu uğuru inkişaf etdirmək və Aya yeni ekspedisiyalar göndərmək niyyətindədir. Məqsəd 2025-ci ilə planlaşdırılan pilotlu uçuşlardan əvvəl orada elmi təcrübələr həyata keçirmək və avadanlıqları sınaqdan keçirməkdir.
Bildirilib ki, kosmik turizm sahəsi də sürətlə inkişaf edir. Bu, bahalı əyləncədir – təxminən, 60 milyon dollara başa gəlir.
Anna Yuryevna Kikina isə bildirib ki, turist kimi ilk dəfə 2021-ci ildə Rusiyanın “Soyuz” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyada olub. O, öz təcrübəsini iştirakçılarla bölüşüb.
John David Bartoe qeyd edib ki, Avropa Kosmik Agentliyi apreldə Yupiterdə tədqiqat aparmaq üçün kosmosa aparat göndərməyi planlaşdırır. Bu missiya 13 il davam edəcək.
İclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sərgidə fəal iştirak edən ölkələr mükafatlandırılıb
“Azərkosmos”un sərgi pavilyonunda stendlərin mükafatlandırılması mərasimi keçirilib.
Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi (ən innovativ stend), Çin Astronavtlar Assosiasiyası, “Airbus” şirkətinin nümayəndələri (ən kreativ), Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi (ən fəal), Milanın “Plan-S” şirkəti və Türkiyə Kosmik Agentliyinin (ən işgüzar) stendləri mükafatlandırılıblar.
Astronavtlar Uşaq-Gənclər İnkişaf Mərkəzində
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində rumıniyalı astronavt Dumitru Dorin Prunariu və braziliyalı astronavt Viktor Hespanha ilə məktəblilər arasında görüş keçirilib.
Astronavtlar kosmik missiya və kosmosa uçuş təcrübələrini bölüşüblər. sual-cavab sessiyası keçirilib, ekoklub üzvləri üçün avtoqraf imzalanması mərasimi və fotosessiya təşkil edilib.
Astronavtlarla görüşdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekoklubunun 100-dək üzvü iştirak edib.
XQ