Bakının evsahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin bağlanış mərasimi keçirilib.
Mərasimində çıxış edən Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger bu mötəbər tədbirin 50 il öncə Bakıda keçirildiyini xatırladıb. O bildirib ki, Azərbaycan bu dəfə yenidən bütün kosmos icmasını öz dəyərli və zəngin mədəniyyətinə layiq yüksək səviyyədə qəbul etdi. Kosmos icmasının bu gün Bakıda toplaşıb Azərbaycanın yaratdığı əlverişli şəraitdə ideyalarını, biliklərini bölüşməsi tarixi məqamdır.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri Konqresin iştirakçılarını bu möhtəşəm tədbirin yüksək səviyyədə keçməsi ilə əlaqədar təbrik edib və növbəti tədbirlərdə iştiraka dəvət edib. 4 mindən çox insanın bu il İAC-2023-ə qoşulmasını təşkilat üçün yeni rekord adlandıran Kley Mouri, hər kəsi bu uğurla əlaqədar təbrik edib.
“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, bu gün İAC-2023 bitir, lakin onun barədə xatirələr sonsuzadək bizlərlə qalacaq. Konqresin Bakıda keçirilməsi üçün İAF-a təşəkkürünü bildirən S.Əsədov bütün İAC tərəfdaşlarına, sponsorlara, iştirakçılara təşəkkürünü bildirib.
Daha sonra Bakının ev sahibliyində keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində bir sıra mükafatlar təqdim olunub.
Sonra Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinin rəsmi bayrağı tədbirin bağlanış mərasimində İtaliyaya təhvil verilib.
Beləliklə, növbəti Konqres 2024-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində keçiriləcək.