Ombudsman Ruben Vardanyana baş çəkib

post-img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən baş çəkib. Başçəkmə çərçivəsində bir çox təqsirləndirilən şəxs, o cümlədən Azərbaycan–Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq həbs edilmiş Vardanyan Ruben Karlenoviç ilə də görüşülüb. 

Cari ilin oktyabrın 3-də keçirilmiş başçəkmə zamanı Ruben Vardanyan ombudsman tərəfindən fərdi qaydada dinlənilib, müraciətləri yerində cavab­landırılıb.

O, saxlanma şəraitindən razılığını bildirib, ilkin tibbi müayinədən də keçdi­yini və səhhətində hər hansı bir proble­mi olmadığını qeyd edib. Ailə üzvü ilə telefon danışığı, sovqat qəbulu, kitabxa­nadan istifadə və informasiyaya çatım imkanları təmin olunub. Eyni zamanda, həbs edilmiş şəxsin istintaq dövründə hüquqlarının müdafiəsi ailəsinin seçdiyi vəkil tərəfindən həyata keçirilir. 

Ombudsmanın işgəncələrin qar­şısının alınması üzrə Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərinin iştirak etdiyi başçəkmə çərçivəsində görüşdən son­ra ona öz dilində qanunvericilik aktları, ombudsmanın səlahiyyətləri və Çağrı Mərkəzinə birbaşa müraciət imkanı ilə bağlı məlumatlandırıcı nəşrlər də təq­dim olunub.

Başçəkmə çərçivəsində müəssisə­də saxlanma şəraiti – şəxsi gigiyena və sanitariya, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb, saxlanı­lan şəxslərə münasibətdə də heç bir ay­rı-seçkiliyə yol verilmədən hüquqlarının, informasiyaya çatım imkanlarının, lazı­mi tibbi-psixoloji xidmətin təmin olundu­ğu müəyyən edilib. 

XQ

Son xəbərlər