Koronavirus yenidən “qanad açıb”

post-img

Soyuqlama, qrip sizi çaşdırmasın

Hazırda bir çox ailələrdə uşaqdan böyüyə hamı öskürmə, qızdırma, so­yuqlamadan şikayətlənir. Amma bu narahatlığın səbəbini bilmirik. Bu, so­yuqdəymədir, ağır qripdir, yoxsa yeni simptomlar altında gizlənmiş korona­virusun özüdür? Belə görünür ki, bu payızın da əsas mövzusu koronavirus olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda bir çox ölkələr­də COVID–19-un omikron variantının yeni ştamı “Eris” aşkarlanıb və ən çox yo­luxma Çin, ABŞ, Böyük Britaniya, həmçi­nin Avropa və Asiyada qeydə alınıb.

Təhlükənin ölkəmizə yaxınlaşma­sı saat, gün məsələsidir. Çünki qonşu dövlətlərdə yeni varianta yoluxmalar təsdiqlənib. Avropada geniş yayılan yeni ştam Rusiya və yanaşı ölkələrdə də aş­karlanıb. Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti artıq insanların yeni va­rianta yoluxmlarını təsdiqləyib. Nazirliyin bildirdiyinə görə, son bir həftə ərzində yoluxma hallarının sayı artıb və son mə­lumata əsasən, koronavirusa 71 yoluxma faktı qeydə alınıb ki, bu da əvvəlki həftə ilə müqayisədə çoxdur. Ölkədə hazırda mövsümi qrip də aktiv yayılır.

Gediş-gəlişin daha çox olduğu Tür­kiyədə də COVID–19-un yeni variantı – “Eris” (EG.5.1) aşkarlanıb. Bu barədə səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Onun sözlərinə görə, “Eris” varian­tı Referans laboratoriyalarında aparılan müayinələr zamanı 9 nəfərdə tapılıb. Na­zir onu da qeyd edib ki, nəticələri pozitiv olanlar xarici ölkələrdən gələnlər və eyni əyalətlərdən olan şəxslərdir.

Mütəxəssislər hazırda ölkəmizdə yayılan xəstəliyin yeni ştam olmadığını, dominant virusun qrip olduğunu bildirir­lər. Poliklinikalara müraciətlərin də son həftələrdə say artımını bildirən həkimlər özünümüdafiə tədbirlərindən istifadə et­məyi, insanların çox toplaşdığı yerlərdən mümkün qədər uzaq qalmağı tövsiyə edirlər. Bildirirlər ki, qrip, soyuqdəymə və koronavirusun inkubasiya (xəstəliyin yoluxduğu andan ilk əlamətləri görünənə qədər olan müddət) dövrü, müddəti, simptomları fərqlidir. Hər xəstəliyin də özünün yanaşması var.

Bu barədə məlumat verən Binəqədi rayonundakı 27 saylı şəhər poliklinika­sının həkimi, terapevt Aygün Kərimova hər 3 xəstəliyi fərqləndirməyin yolunu və klassik simptomlarını açıqlayıb:

– Arzu edərdik ki, kimsə xəstələ­nib yatağa düşməsin. Amma ehtiyatsız davranmaq və qorunmamaq, təəssüf ki, yoluxma ilə nəticələnir. Xəstəlik əlamətlə­rindən hər hansı birini özündə hiss edən şəxs mütləq həkimə müraciət etməli, müalicəyə tez başlamalıdır ki, sonradan ağırlaşma, fəsad olmasın. Bu əlamətlər hansılardır?

Soyuqdəymə olan zaman öncə burun axması başlayır. Öskürək, boğaz ağrısı müşahidə olunur. Nadir halda hərarət 38 dərəcəyə çatır. Xəstəliyin gizli– inkubasi­on dövrü fərdi olaraq müxtəlif, 2–3 gün­dən 5-7 günə qədərdir. Həmin müddət keçdikdən sonra xəstəlik özünü büruzə verir və 1 həftə ərzində davam edir. Vax­tında müalicə alanda ağırlaşma olmur.

Koronavirusun simptomları isə çox­dur. Bunlara bütün bədəndə, əzələlərdə ağrıların başlaması, baş ağrısı, ümumi halsızlıq, titrətmə daxildir. Bundan başqa, fərdi olaraq bəzilərində mədə-bağırsaq pozulması, ürəkbulanma, dəridə qaşın­ma, bədən temperaturunun 37,5 dərəcə olması, daha sonra öskürək, tənəffüsdə problem başlayır. Xəstəliyin inkubasion dövrü 4–7 gündür. Sürətlə başlayır, get­dikcə ağırlaşır, 10 günə qədər davam edə bilər. Orta və yüngül forma 10 günə keçsə də, ağır forma xəstəliyin 7-ci gü­nündən daha da şiddətlənir.

Qripin klassik simptomları isə belədir: qəflətən başlayır, titrəmə, bədən ağrıları ilə davam edir və quru öskürək başlayır. Ümumi halsızlıq, burun, göz sulanması, qızdırma və iştahsızlıq müşahidə edilir. Xəstəliyin davam etmə müddəti 5–7 gün­dür. Ağırlaşma 3–5 gündən sonra baş­laya bilər. Qrip də yoluxucu xəstəliklərə aid olduğundan uşaqları və yaşlıları qo­rumaq lazımdır.

Həkim sonda bildirdi ki, havaların belə keçməsi yoluxmalara şərait yaradır. Yeni dərs ilinin başlanması da insanların bir yerə toplaşmasını, nəqliyyatda sıxlığı şərtləndirir. Buna görə klassik qorunma vasitələrindən istifadə etməklə hər kəs özünü xəstəliyə yoluxmaqdan qoruya bilər. Bu vasitələr isə dəyişməyib: mas­ka, məsafə, dezinfeksiya!

Z. HÜSEYNOVA
XQ

Sosial həyat