Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılovla görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş Prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
İkitərəfli görüşdə Azərbaycanın Baş prokuroru vurğulayıb ki, etnik, tarixi, mədəni və dini ortaqlıqlar olan ölkələrimiz arasında son illərdə müxtəlif sahələrdə əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsi və yeni əməkdaşlıq imkanlarının yaranmasında Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasındakı qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.
Həmçinin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq və hüquq-mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirərək hüquqi yardım, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri Berik Asılov təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. O, iki ölkə arasında mövcud əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün çətinliklərdə bir-birinə dəstək verdiyini diqqətə çatdırıb.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.