Bakı şəhərinin azad edilməsinin 105 illiyi ilə əlaqədar dəyirmi masa keçirilib

post-img

Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərindən, bu əlaqələrin uğurla inkişafından, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, qardaş ölkə istər torpaqlarımızın işğalda olduğu dövrdə, istərsə də 2020-ci il sentyabrın 27-dən başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbəmiz ilə nəticələnən Vətən müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərib.

Tədbir Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş videoçarxın nümayiş edilməsi ilə başa çatıb.



Ordu