31 il əvvəl cəbhəyə Novruz sovqatı göndərmiş “bağça uşağı” onun təbrikini almış keçmiş döyüşçü ilə necə görüşdü?..
Şərəfli tarixə çevrilmiş 2020-ci ilin payızında bütün xalqımız kimi, Sumqayıt “Liftservis” Birliyinin kollektivi də Qarabağda vuruşan hərbçilərimiz üçün cəbhə bölgəsinə ərzaq, pal-paltar dolu bağlamalar göndərirdi. Sonsuz Vətən məhəbbəti və qələbə əzmi ilə düşmən üzərinə qətiyyətlə yeriyən igid döyüşçülərimizə olan inam və sevgidən irəli gələn bu aksiyada hər kəs fəallıq göstərirdi.
Xalqın qələbəyə inamı böyük idi. Sumqayıtlı lift xidməti işçiləri də evdən gətirdikləri sovqat bağlamalarını Qarabağa yola salıblar. Direktor Çümşüd İsmiyev isə rayonların işğaldan azad olunacağı günlərdə “Füzuli”, “Qubadlı”, “Cəbrayıl”, “Ağdam”, “Zəngilan”, “Laçın”, “Kəlbəcər”, “Şuşa” adlarının yazıldığı üçrəngli bayraqlarımızı qabaqcadan hazırladıb hərbi hissələrə göndərib.
Həmin günlərin birində keçmiş döyüşçü, 2-ci dərəcəli əlil İsrafil İsmiyev 90-cı illəri yada salaraq dedi ki, I Qarabağ müharibəsi zamanı onun döyüşdüyü batalyona da bu cür bağlamalar gəlirdi. “Yemək, şirniyyat, siqaretlə yanaşı, ünvansız, lakin çox səmimi, qələbəyə inamla dolu məktublar da alırdıq. Xüsusilə Novruz bayramı günlərində belə bağlamalar çox gəlirdi. Məktublardakı inam və arzu dolu sözlər bizi döyüşlərə, qələbəyə ruhlandırırdı...”
İş yoldaşına diqqətlə qulaq asan gənc dispetçer Xalidə Hacıyeva əlindəki işi bir anlığa saxlayıb, gülə-gülə dedi ki, o da tərbiyə aldığı bağçada olarkən valideynlərinin əsgərlər üçün Novruz sovqatları hazırlamasına kömək edib.
İsrafil müəllim gülümsünərək cavab verdi:
– Yox, ay Xalidə, sənin yadına gəlməz, sən o vaxt balaca uşaq olardın.
– Niyə yadıma gəlmir ki, İsrafil müəllim? Düzdür, o vaxt mən 6 yaşına təzəcə keçmişdim, yaxşı xatırlayıram ki, valideynlərimiz həmin sovqatları baxçamızda bizim “Cücələrim” qrupunun adından göndərmişdilər.
“Cücələrim” sözünü eşitcək keçmiş döyüşçü duruxdu. Qulaqlarına inanmadı:
– “Cücələrim” qrupu? Bu, sənin dəqiq yadında qalıb? Səhv etmirsən ki?
– Yox, İsrafil müəllim, dəqiq yadımdadır. Çünki o vaxtlar tərbiyəçilərimiz bizə xorla tez-tez “Cücələrim” mahnısını oxudurdular. Biz həmin mahnını çox sevir və çox da həvəslə oxuyurduq...
Keçmiş döyüşçü nəsə tapıbmış kimi mənalı-mənalı gülümsündü, lakin dünənki “bağça uşağına” daha heç bir söz demədi...
Axşam işdən sonra evdə cəbhə arxivinə göz gəzdirdi. Neçə ildən bəri qoruyub-saxladığı 3 açıqçada “Cücələrim” ansamblı” sözlərini görüb, zəndində yanılmadığını anladı...
Ertəsi gün iş yerində həmin açıqçaları Xalidəyə göstərəndə dilli-dilavər qızın, az qala, nitqi tutuldu. Artıq 5-6 yaşlı baxça uşağı yox, iki universitet məzunu olan Xalidə məktubların birində anasının xəttini o dəqiqə tanımışdı. Məktubda yazılmışdı: “Əziz dost! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbik edirik! Sizə həyatda can sağlığı və cəbhədə qələbə arzulayırıq! “Cücələrim” ansamblı.”
Xalidə xanım özünü birtəhər ələ alaraq soruşdu:
– İsrafil müəllim, bunlar sizdə hardandır? Yoxsa, bizim göndərdiyimiz Novruz sovqatları və təbrik məktubumuz sizə çatıb? Nə yaxşı! Lap yuxu kimidir.
Bir vaxtlar Vətən yolunda igidliklə vuruşmuş iş yoldaşını ata kimi qucaqlayan qız gözlərinə inana bilmirdi. Bəlkə də, o vaxtlar Sumqayıt kimya zavodunun işçisi olan anası Məryəm xanımın yazdığı “Cücələrim” sözü olmasaydı, Xalidə bu möcüzəyə inanmazdı. Axı bu, handa bir rast gəlinən bir təsadüf deyildi.
Bəli, 1992-ci ilin o çətin, həyəcanlı günlərində, Novruz bayramı ərəfəsində cəbhəyə sovqat və bayram təbriki göndərilməsində iştirakçı olmuş bağça uşağı Xalidə 28 ildən sonra – 2020-ci ilin payızında Vətən müharibəsi döyüşçüləri üçün ərzaq bağlamaları hazırlayarkən təsadüfən öyrənmişdi ki, o vaxt onun göndərdiyi bağlamanı alan əsgərlərdən biri onun hazırkı iş yoldaşı, kollektivin sevimlisi olan İsrafil İsmiyev olub.
Keçmiş döyüşçü İsrafil İsmiyev bu təsirli epizodu danışandan sonra dedi:
– Arxa cəbhədən məktub və sovqat alanda hədsiz dərəcədə sevinirdik, döyüş ruhumuz artırdı. Çünki hiss edirdik ki, tək deyilik, arxamızda qədirbilən xalqımız – ata, ana və bacılarımız dayanıb. Bizə göndərilmiş məktubları isə oxuyub bir kənara atmağa əlimiz gəlmirdi. Onları şəxsən mən həmin günlərin yadigarı kimi döyüş silahımla bərabər üstümdə gəzdirmişdim. Ancaq, düzü, nə vaxtsa o məktubları göndərənlərdən kiminləsə rastlaşacağımı – özü də məhz çalışdığım idarədə – heç fikrimə də gətirə bilməzdim. Sən demə, onlardan biri neçə ildir ki, mənimlə eyni müəssisədə, birgə çalışdığımız iş yoldaşım, “Cücələrim” bağçasının “yetirməsi” Xalidə xanım imiş. Bu, mənim üçün çox gözəl, xoş bir sürpriz oldu.
...1969-cu ildə Kürdəmir rayonunun Xırdapay kəndində dünyaya gəlmiş İsrafil İsmiyev güləşçi idi, məşqçi olmaq istəyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki İdman Akademiyasına) daxil olmuşdu. Lakin 1991-ci ilin sentyabrında erməni-daşnak tör-töküntülərinin daha da azğınlaşdığına, rus hərbçilərinin köməyi ilə Qarabağda və onun ətrafında kənd və qəsəbələrimizdə dinc sakinləri qətlə yetirmələrinə, onların mal-mülkünü ələ keçirmələrinə dözməyərək, təhsilini yarımçıq qoyub, könüllü cəbhəyə yollanıb.
Onun döyüş yolu Ağdam, Füzuli, Ağdərə, Cəbrayıl, Xocavənd, Laçın və Şuşadan keçib. İgidliklə vuruşduğuna,1992-ci ilin iyununda (özünün ad gününə iki gün qalmış) Ağdərə döyüşlərində fərqləndiyinə görə o vaxtkı pulla 7 min manat mükafat da alıb. Ondan bir müddət sonra düşmənin atdığı raket İsrafilin lap yaxınlığında partlayıb və o, kəllə-beyin travması alaraq, səhra hospitalında ciddi müalicə keçməli olub. Tərxis edilmək imkanı olsa da, düşmənlərdən qisas almaq üçün yenidən döyüşə yollanıb və 1995-ci ilədək orduda xidmətini davam etdirib. Amma sonra başındakı ağrılar özünü yenidən göstərib, ona II qrup əlillik dərəcəsi verilib.
İsrafil İsmiyev birinci Qarabağ müharibəsi qazisi olsa da, 2020-ci ildə Vətən müharibəsi başlananda yenidən cəbhəyə yollanmaq istəyib. Lakin hərbi komissarlıqda ona yaşının 50-ni keçdiyini və II qrup əlil olduğunu xatırladaraq: “Sən Vətənə borcunu layiqincə yerinə yetirmisən. İndi cavanlar döyüşür, hələlik sənə ehtiyac yoxdur”, – deyiblər. Ali Baş Komandanımızın rəhbərliyi ilə xalqımızın igid oğulları düşmən ordusunu darmadağın edərək, tarixi qələbəmizi qazananda bu zəfərin dəyərini hamıdan çox duyub-anlayıb.
Artıq neçə ildir ki, qardaşı Cümşüdün yanında, Sumqayıt “Liftservis” Biliyində çalışan İsrafil İsmiyev işgüzarlığı, səmimiyyəti ilə hörmət qazanıb. Şəhər sakinlərinə göstərlən lift xidmətinin keyfiyyətcə yüksəlməsində onun da xeyli zəhməti var. Bir vaxtlar vuruşduğu Qarabağ cəbhəsinə “Cücələrim” imzalı sovqat və açıqça göndərmiş, hazırda onunla bir yerdə çalışan Xalidə Hacıyeva da, digər iş yoldaşları da keçmiş döyüşçünün xətrini dünyalar qədər istəyirlər.
Rəhman ORXAN,
Əməkdar jurnalist


