Vətən uğrunda həlak olan şəhidlərimizin hər birini Vətən boyda təsəvvür edirəm. Ən gözəl sözlər yazmaq istəyirəm onlar haqqında. Elə sözlər ki, içim- dəki yanğını, gözümdəki yaşı, düşmənə nifrəti ifadə etsin və hamıya toxtaqlıq versin. İstəyirəm ölməzləri oyadıb soruşum: “Haran ağrıyır, şəhid?” Vətən müharibəsinin zəfər tarixinin ən azı bir səhifəsinin müəllifi olan şəhid Yusif Sabir oğlu Yusifbəylinin həyat hekayəsi də kəlmələrə sığmayan bir dastandır.
Yusif 1993-cü il avqustun 22-də Yevlaxda anadan olub. Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə hərbi xidmətə yollanıb. Geri döndükdə işləmək ücün Rusiyaya, Ramil dayısının yanına gedib. Amma hərb sənətinə marağı, torpaqlarımızın düşmən tapdağında olması onu 2017-ci ildə vətənə çəkib gətirib. Gələndən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb. Çox keçmədən gizirlik kursuna göndərilib. Silahlı Qüvvələrinin TəlimTədris Mərkəzində PDM-2-nin komandiri ixtisası üzrə 3 aylıq kursu bitirib.
2020-ci il aprelin 24-də Yusif evə gələrək əzizlərinə baş çəkib. Bu da elə onun doğmaları ilə son görüşü olub. Sonra bir-iki dəfə evlərinə zəng edib və poliqonda təlim keçdiyini bildirib. Müharibə başlananda da döyüşlərə atıldığını gizlədib ki, fikir etməsinlər...
Şəhidin ailəsində olarkən onun anasını – əvvəldən də tanıdığım Mehriban xanımı hər zamanki kimi, məğrur, təmkinli gördüm: “Nə qədər ağır olsa da, analarımız oğullarını, qadınlarımız ərlərini cəbhəyə göndərməlidir. Övladlarımızın mübarək qanının düşdüyü torpağı yağıya ayaqlada bilmərik”– dedi. Belə ananın qarşısında baş əyilməzmi, diz çöklüməzmi!?
Atası Sabir kişi çox zəhmətkeş insandır, ömrü boyu fəhlə işləyib, uşaqlarını əziyyətlə saxlayıb. Onlar da halallıq sevən olub, tərbiyəli böyüyüblər.
Dayısı qızı Xəyalə ilə evlənən Yusifin ailə həyatı cəmi 2 il 9 ay çəkib. İndi Xəyalə Mehriban xanıma oğlunun yarımçıq qalmış arzularının davamçısı, oğlunun tək nişanəsinin anasıdır. O nişanə isə Ay parcası Nuraydır. Mən onlarda olanda yanıma gəlib, düz gözlərimə baxaraq: “Ata ürəkdir” – dedi. Sən demə, ata yoxluğunun acısı qızın körpə ürəyinə də təsir edibmiş. “YAŞAT” fondu vasitəsilə Nuraya psixoloji yardım göstərilib. İndi yaxşılaşıb, daha doğrusu, inandırıblar ki, atası sağdır, Bakıya oxumağa gedib, gələcək. Nənəsi həmişə deyib ki, böyüklər yalan danışmaz. O da hələlik inanır nənəsinə…
Yusifin döyüş yoldaşı Rahib Kərimov da bu evi ziyarət edib. Dostunun qəhrəmanlıqlarından danışıb: “Gözlərindən od tökülürdü Yusifin, şir kimi döyüşürdü. PDM-də üçümüz idik. Dörd tank, bir «Ural» maşınını məhv etdik. Bir «Kamaz»ın içindəki 20 erməninin külü göyə sovruldu. Oktyabrın 1-də baş verən bu qanlı döyüşdə Məhəmməd Osmanov və Yusif Yusifbəyli şəhid oldular”.
Ara-sıra görüşürük Mehriban xanımla. Onu evimə də dəvət etmişəm. Ciddiliyi, sağlam düşüncəsi, dərdə dözmək bacarığı, gözütoxluğu və Vətən sevdası ilə əsl nağıl qəhrəmanına bənzədirəm onu. Düşünürəm ki, nə yaxşı, millətimin belə qadınları, anaları var. Yusifsiz keçən illərdən danışırıq. “Necə yaşadığımı sözlə ifadə etmək mümkün deyil, Əminə xanım. Nə çəkdiyimi Allah bilir. Təsəllimiz budur ki, ailəmiz övladımızın adıyla tanınır artıq, hər yerdə hörmət, izzət görürük”.
Nəhayət, qeyd edim ki, öz şəhid Yusif Yusifbəyli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “III dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Yusifin uğrunda canından keçdiyi Qarabağın Azərbaycana qaytarılması ilə qürur duyuruq.
Əminə YUSİFQIZI,
Yevlaxda çıxan “Kür” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist

