Eyni gündə doğuldular – eyni tale yaşadılar…

post-img

Vətən yolunda həlak olaraq ali məqama yüksələnlər ulu Tanrının sevimli bəndələridir. Dini kitablarda yazılıb ki, şəhidin qanının ilk damlası axanda artıq bütün günahları silinmiş olur. Azərbaycanın ərazi bütövlüyü naminə minlərlə gənc canından keçib. Bütün şəhidlərimizin adı və xatirəsi bizim üçün əzizdir. Amma bu gün məhz yubileyi qeyd olunan şəhidlərimiz haqqında söhbət açmaq istəyirik. 

…”Azərbaycanın Milli Qəhrəmanı” Fərhad Qənbər oğlu Hümbətovun 55 yaşı tamam olur. 1968-ci ildə Qərbi Azər­baycanın Qarakilsə rayonunun Arçut kən­dində doğulub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbin­də sürücü-mexanik peşəsinə yiyələnib. Hərbi xidmətini əvvəlcə Rusiyanın Çita şəhərində, sonra isə Monqolustanda ke­çib, 

Fərhad tərxis olunduqdan iki il son­ra, sıralarında qulluq etmiş olduğu sovet qoşun hissələrinin Bakıda törətdiyi 20 yanvar hadisələri zamanı az qala şəhid olacaqdı. Sadəcə, o zaman hələ bu, qis­mətində deyilmiş. O gecə qarşısına çıxan hər şeyi əzib keçən tanklardan birinin al­tından möcüzə sayəsində salamat çıxıb. 

Həmin hadisədən sonra Fərhad məhz tankçı olub Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülər­dən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin düşmən­dən təmizlənməsində şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olub. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş əməliyyatlarında daha çox fərqlənib və düşmənin 5 postunu dağıdıb.1992-ci il martın 29-da isə Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə dö­yüşə girib, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olub. Ölü­mündən sonra Fərhada Milli Qəhrəman adı veriləndə bütün silahdaşları bunu şə­hidin halal haqqı hesab ediblər. 

Ailəsi təskinkliyi ondan tapır ki, xid­mətləri layiqincə qiymətləndirilən şəhid qəhrəman indi bütün millətin fəxridir. Ba­kının Binəqədi rayonunda Fərhad Hüm­bətovun adına park salınıb və orada büs­tü qoyulub.

Tərtər rayonu Kəngərli kəndində doğulub böyüyən şəhid baş leytenant Qənbər Bəhruz oğlu Qənbərlinin isə bu gün 30 yaşı tamam olur. Ağlı kəsəndən xalqımızın erməni xəyanəti ilə üz-üzə qaldığını gördüyü üçün hərb sənətinə yiyələnmək və düşməndən qisas almaq qərarına gəlib. 2012–2016-cı illərdə H.Əliyev adına Ali Hərbi Məktəbdə oxu­yub, sonra “N” saylı hərbi hissədə bölük komandiri olub. 

Vətən müharibəsinin ilk günü Murov­dağda döyüşlərə atılan Qənbər düşmə­nin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərib, vəzifə borcunu ləyaqət­lə və vicdanla yerinə yetirib. Elə həmin gün də şəhidlik zirvəsinə ucalıb. Amma düz 8 ay onun nəşi tapıla bilməyib. Nə­hayət, 2021-ci il mayın 22 də tapılıb və ailəsinə təhvil verilib. Ölümündən sonra Qənbər Qənbərli 3-cü dərəcəli “Rəşadət” ordeninə, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb. 

İsmayıllı şəhərinin yetirməsi Vüsal Aydın oğlu Dəmirov da sağ olsaydı, bu gün 30 yaşının şadyanalığını dogma əzizləri və dostları ilə keçirəcəkdi. Amma onun da alnına şəhadətə qovuşmaq ya­zılıbmış.

Vətən müharibəsindən 4 il öncə Quru Qoşunlarının tərkibində məlum Aprel döyüşlərində, 44 günlük “Zəfər Yürüşü” ərəfəsində isə Tovuz döyüşlərində iştirak edən Vüsal həmişə ön sırada olub. Müd­dətdən artıq xidmət keçib, zirehli döyüş maşınının sürücüsü kimi daim qorxmaz­lıq nümunəsi göstərib. II Qarabağ sava­şında cəmi bir həftə iştirak etsə də, adını millətin şərəf kitabına qızıl qanı ilə yaza bilib. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xo­cavəndin azad olunmasına görə” medal­ları ilə təltif edilib. 

Digər şəhidimiz Vüsal Asdan oğlu İsgəndərovun isə 25 yaşı tamam olur. Bərdənin Nifçi kəndində doğulan Vüsal döyüş bölgəsinə yaxın yerdə böyüdüyü üçün həyatını hərb sahəsinə bağlayıb, əsgərlikdən sonra müddətdən artıq xid­mətə yazılıb. Erməni işğalı altında olan rayonların azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğ­runda II Qarabağ müharibəsi başlananda sevinib ki, qisas almağın vaxtı gəlib çat­dı. Fəal döyüşlərə qatılaraq, Tapqaraqo­yunlu, Gülüstan, Suqovuçan və Ağuçuq istiqamətində gedən hərbi əməliyyatlarda iştirak edib. Vüsal müharibənin 3-cü günü – 2020-ci il sentyabrın 29-da Ağuçuq kən­di ərazisində düşmən atəşinə tuş gəlib və şəhid olub. 

Döyüş tapşırıqlarını igidliklə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla­ra əsasən Vüsal İskəndərov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb. 

Niyaməddin Hüsaməddin oğlu Sul­tanzadə üç il əvvəl, 22 yaşında həyata əlvida desə də, ölümü ilə əbədiyyət qaza­nan oğullarımızdandır. 

Masallı şəhərindəki 1 nömrəli tam orta məktəbini bitirmişdi, çoxlu arzuları vardı. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin (qiyabi) tələbə­si idi. Gələcəkdə fermer kimi tanınmaq, ölkənin ərzaq bolluğuna töhfələr vermək istəyirdi. Amma müharibə başlananda “Öncə Vətəndir!” deyərək, könüllü olaraq cəbhəyə yazılıb. Cəbrayıl və Füzuli ra­yonlarında düşmən hücumlarının qarşısı­nın alınmasında şücaət göstərib. 

Qələbəyə cəmi 3 gün qalmış – no­yabrın 6-da Qubadlı rayonu istiqamətin­də gedən döyüşlərdə Niyaməddin igidlik nümunəsi göstərərək şəhid olub. Doğma Masallıdakı Dadva qəbiristanlığındakı dəfn mərasiminə bütün el-oba qatılıb. Ölümündən sonra təltif edildiyi “Vətən uğrunda” medalı Niyaməddinin ailəsinə təqdim olunub. Bir müddət sonra isə o, Qubadlının və Cəbrayılın azad olunması­na görə, həmçinin “Cəsur döyüşçü” me­dallarına layiq görülüb.

Ə.ƏLİYEV
XQ









Sosial həyat