Fermerlərə aqrar subsidiya əmsalları artacaq

post-img

Aqrar Subsidiya Şurası gələn il üçün subsidiya əmsallarını açıqlayıb. Qurum Azərbaycan Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2024-cü il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının, eləcə də əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən aldı­ğımız məlumata əsasən, Aqrar Subsidi­ya Şurası kənd təsərrüfatı bitkiləri üzrə baza məbləği 200 manat olmaqla 2024-cü ildə əkin əmsalları və əkin subsidiya­sının məbləğini müəyyən edib. Qurumun qərarına əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sent­yabrın 1-dən 2024-cü il mayın 31-dək sa­lınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvar­ma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılıb.

Şuranın qərarına əsasən, armud, gi­las, albalı, gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd, badam bitkisi üzrə 1 hektara mini­mum 278 ədəd vegetativ calaqaltı, xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd, limon, kinkan, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd, qoz bitkisi üzrə 1 hektara mi­nimum 238 ədəd, əzgil, zoğal, iydə, ən­cir, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar, eləcə də fındıq bitkisi üzrə 1 hektara mi­nimum 330 ədəd ocağın olduğu intensiv meyvə bağları damcı suvarma sistemi ilə təmin olunmuş bağlara aid edilir. Subsidi­ya veriləcək digər meyvə bağlarında isə 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması müəyyənləşdirilib. 

Bu il sentyabrın 1-dən 2024-cü il ma­yın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələ­rində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5 min 600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5 min manat məbləğində əkin subsidiyası ödə­niləcək. Eyni zamanda, həmin müddətdə salınan hər hektar intensiv limon bağları­na görə 11 min 600 manat, intensiv narin­gi və portağal bağlarına görə 9 min 600 manat, intensiv nar bağlarına görə isə 3 min manat məbləğində əkin subsidiyası­nın verilməsi təmin olunacaq. Yeri gəlmiş­kən, əkin subsidiyasının alınması üçün həmin bağların “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığorta edilməsi tələb olunur.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il sentyabrın 1-dən gələn il mayın 31-dək salınan intensiv kinkan bağlarının hər hektarına görə 11 min 600 manat, şabalıd bağlarının hər hektarına görə 800 manat, damcı suvarma siste­mi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9 min 600 manat, damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4 min 700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3 min 200 manat məbləğində əkin subsidi­yası ödəniləcək. Bununla yanaşı, 2024-cü ildə damcı suvarma sistemi ilə təmin olunmuş həm ənənəvi, həm də yaşı 4 ildən çox olan intensiv bağlara görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılıb.

Yeni qərara əsasən, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəl­dilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin 19 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn tapşırığa uyğun olaraq 2024-cü il üzrə Azərbaycan Res­publikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müa­sir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərə­findən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məbləğində məhsul sub­sidiyası müəyyən edilib.

Gələn il pambıq, şəkər çuğundu­ru və tütün bitkiləri üzrə yalnız məhsul subsidiyası veriləcək. Fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 190 manat, Virciniya sor­tu üzrə yaş tütünün hər tonuna görə 34 manat, digərləri üzrə quru tütünün hər to­nuna görə 200 manat və yaş tütünün hər tonuna görə 20 manat, şəkər çuğunduru­nun hər tonuna görə isə 18 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, gələn il əkin subsidiyasının ve­rilməsi üçün “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq sığortalanmalı olan bitkilərə buğ­da, arpa, qarğıdalı, çəltik, çay, limon və fındıq bitkiləri aid edilib. 

Bütövlükdə isə, fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet say­tında tanış ola bilərlər.

XQ

İqtisadiyyat