“Böyük iyirmilik” – “Bir dünya, bir ailə, bir gələcək” yolunda

post-img

Hindistanın paytaxtı Dehlidə “Böyük iyirmilik” (G20) qrupuna üzv ölkələrin rəhbərlərinin sentyabrın 9-da başlanan zirvə görüşü başa çatır. Tədbir “Bir dünya, bir ailə, bir gələcək” şüarı altında keçirilir. 

Hindistan demişkən, ar­tıq bu ölkə yeni adı – Bha­rat ilə tanınacaq. Bu ölkənin Baş naziri Narenda Modi tədbirin açılışından bir gün əvvəl ABŞ Prezidenti Co Bayden ilə görüşüb. Qeyd edib ki, onun ölkəsi zəngin demokratik ənənələrə sahib dövlətdir və Vaşinqtonla hərtərəfli əlaqələrini güclən­dirmək əzmindədir. 

Yeri gəlmişkən ki, Ağ ev son onillər ərzində Çinin ar­tan nüfuzunu özünün dünya liderliyini qoruyub saxlamaq üçün əsas rəqib hesab edir və bu, heç da asan olmayan yarışda Hindistanı da öz ya­nında görmək istəyir. Buna görə də hazırda Vaşinqton Dehli ilə əməkdaşlığı güc­ləndirməyə çalışır. 

Məlumdur ki, Çin lideri Si Cinpin sammitdə iştirak etməkdən imtina edib və Dehliyə müavinini göndərib. Rusiya Prezidenti Vladimir Putinin də Hindistan pay­taxtında olmaması diqqət­dən kənarda qala bilməzdi. Qlobal media bu addımın Kreml tərəfindən təhlükəsiz­lik məqsədi ilə atıldığını bildi­rir. Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edir. 

Dünən Narenda Modi tədbiri açıq elan edərək ali qonaqları bir-bir salamlayıb. “G20”-nin sayca 18-ci, həm­çinin Dehli görüşünün tarixə düşəcəyini vurğulayıb. Baş nazirin fikrincə, bu fikir həm də ona görə öz təsdiqini ta­pır ki, məhz indiki sammitdə “G20”-nin sıralarına 55 üzv dövlətin kontinental təşkilatı olan Afrika İttifaqı da daxil olunub. 

N.Modi bunu Afrika qitə­sinin “yoxsul və əzabkeş sakinləri”nə böyük diqqət və qayğının təzahürü kimi dəyərləndirib. Baş nazir nitqində dünya liderlərini bir-birinə qarşı münasibətdə “etimad qıtlığı”na yol ver­məməyə, planetin siyasi, hərbi və ekoloji çağırışlarla üz-üzə qaldığı bir dönəmdə problemlərin həllinə həssas olmağa çağırıb. 

Sammitin gündəliyinin əsas mövzuları davamlı in­kişaf və Rusiya-Ukrayna müharibəsidir. Dünyanın böyük iqtisadi gücləri yoxsul ölkələrə maliyyə yardımları­nı artıracaqlarını vəd ediblər. Bəzi siyasi təhlilçilər buna şübhə ilə yanaşırlar və qeyd edirlər ki, belə tədbirlərdə humanist çağırışlara baxma­yaraq, bir çox dünya gücləri öz imperialist maraqlarından geri çəkilmirlər. 

Çağdaş dünyanın ən xarizmatik siyasi xadimlə­rindən sayılan Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdo­ğan çıxışında bəşəriyyətin daha ədalətli qanun və qay­dalarla idarə olunmasına kəskin zərurətin yarandığını vurğulayıb. Qardaş ölkənin Prezidenti siyasətin yük­sək əxlaqa, mənəviyyata və ədalətə ehtiyacı olduğunu dilə gətirib. 

ABŞ Prezidenti Co Bayden çıxışında kollek­tiv Qərbin Rusiya-Ukrayna müharibəsi mövzusunun müzakirələri zamanı müəy­yən fikir ayrılıqları yaranıb. Məlumdur ki, Qərb döv­lətləri Rusiyanın Ukrayna­ya hücum etməsini qlobal hüququn kobud surətdə po­zulması kimi dəyərləndirir və beynəlxalq qurumları Krem­lə qarşı adekvat reaksiya verməyə səsləyirlər. 

Bir sıra dövlətlər, o cüm­lədən BRİKS-ə üzv olan Çin və Cənubi Afrika Respub­likasının liderləri isə Rusi­yaya qarşı kəskin ifadələrin işlədilməsini məqbul hesab etməyiblər. Rusiya təmsilçi­si, öz növbəsində Ukraynanı Qərbin modern silahlarına arxalanaraq, regionda gər­ginliyi artırmaqda günahlan­dırıb. 

Məlumat üçün bildirək ki, “Böyük iyirmilik” Avropa və artıq Afrika ittifaqları da daxil olmaqla 19 dövlətdən ibarətdir. Bu ölkələr Argen­tina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Al­maniya, Hindistan, İndo­neziya, İtaliya, Yaponiya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Cənubi Ko­reya, Türkiyə, Böyük Brita­niya və ABŞ-dır. İspaniya danışıqlara fəxri qonaq kimi dəvət olunur. “Böyük iyir­milər” dünya sənayesinin 80, ümummilli məhsulun 85, dünya ticarətinin 75, dünya əhalisinin isə 66 faizini təm­sil edirlər.

Bu ölkələr arasında dün­yanın ən zəngin sənayeləş­miş 7 ölkəsi “Böyük yeddilər” (G7”) qrupunda təmsil olu­nur. “Böyük iyirmilik” qey­ri-rəsmi qrup olduğundan icbari qərarlar qəbul etmir, lakin bununla belə, inkişaf etmiş ölkələri inkişaf etmək­də olan ölkələrlə əlaqələn­dirməklə dünya iqtisadiyyatı­na əvəzsiz töhfə verir. 

Yeri gəlmişkən, bəzən “G20”-nin sammitləri küt­ləvi etirazlarla qarşılanır. Məsələn, 2018-ci ildə Bu­enos-Ayres sammitində “G20”-nin iqtisadi siyasət­lərinə etiraz edən minlər­lə insanın iştirakı ilə yürüş keçirilmişdi. Oxşar aksiya Rio-de-Janeyro və Toronto “G20” sammitlərində də tək­rar olunmuşdur. 

 

Məsaim ABDULLAYEV

XQ

Dünya