Milli ədəbiyyatın peşəkarlıq, nəşr və oxucu problemləri

post-img

Azərbaycan Dili və Ədəbiyyatı Forumu başa çatdı

Ölkəmizdə ilk dəfə keçirilən və geniş elmi-ədəbi ictimaiyyətin cəlb olunduğu söz-sənət bayramı ötən bazar günü tarixə qovuşdu və orada qaldırılan məsələlərin, səsləndirilən fikirlərin, verilən əməli təkliflərin ümumiləşdirilərək, “Azərbaycan mədəniyyəti–2040” Dövlət Proqramına daxil edilməsi qərara alındı.

Heydər Əliyev Fondu ilə Mədəniy­yət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçirilən forum sentyabrın 1-də Şa­maxıda başlanıb, sonrakı 2 gündə isə Bakının “Gülüstan” sarayında davam edib. Panel formatında təşkil olunan iclaslarda qloballaşma kontekstində ana dilimizin qorunması, milli ədə­biyyatımızın cəmiyyətə çatdırılması metodikası, teatr və kinonun inkişa­fında ədəbiyyat faktoru, uşaq ədə­biyyatının ideoloji mahiyyəti, dil və tərcümə problemləri, kitab nəşri kimi məsələlər ətraflı müzakirə edilib. 

Ümummilli lider Heydər Əliyevin100 illik yubileyinə həsr olunan təd­birlər çərçivəsində təşkil edilmiş forumun son panel iclasında Mədə­niyyət Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, elm və mə­dəniyyət xadimləri, qonaqlar iştirak ediblər. Azərbaycan ədəbiyyatına və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illik yubile­yinə həsr olunan videoçarxların nü­mayişi maraqla qarşılanıb. Tarixi-xro­nikal və son dövrlərin videokadrları vasitəsilə milli ədəbiyyatımızın inkişaf yoluna, həmçinin Prezident sərən­camı ilə 1 əsrlik yubileyinə hazırlıq görülən “Axundov kitabxanası”nın cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi oynadığı mühüm rola nəzər salınıb. 

Forumun sayca 5-ci olan bu pa­nel iclasında yazıçı Əkbər Qoşalının moderatorluğu ilə “Dəyərlər və etik davranış kodeksləri: kitabın fərdi və sosial həyatda əhəmiyyəti və funk­siyaları” mövzusunda işgüzar mü­zakirələr aparılıb. Paneldə Xalq ya­zıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Milli Ki­tabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Nəşriyyatları Assosiasi­yasının İdarə Heyətinin sədri Şəmil Sadiq, Bakı Kitab Mərkəzinin direk­toru Günel Anarqızı, “Təhsil” nəşriy­yatının direktoru Tural Axundov, "Qa­nun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, “AudioKitab”ın direktoru Əhliman Ərşadlı iştirak ediblər. 

Natiqlər "Azərbaycanda kitab sə­nayesi: mövcud vəziyyət və hədəf­lər", "Ölkəmizin kitab bazarına daxil olan xarici ədəbiyyatın milli dəyərlər və düşüncə sisteminə təsiri", "Kitab satışı sistemi: innovativ həllər və kre­dit mexanizmləri", "Kitab sənayesinin inkişafına dövlət dəstəyinin mexa­nizmləri" və "Vətəndaşların ədəbi, elmi və informasiya tələbatının ödə­nilməsində Azərbaycan Milli Kitabxa­nasının üzərinə düşən vəzifələr" kimi mövzuları sərf-nəzər edib, dəyərli təkliflər veriblər. 

Panel iclası başa çatandan son­ra iştirakçılar “Xalq qəzeti”nə verdik­ləri müsahibələrdə forumun təşkilini yüksək qiymətləndirib, layihənin hər il keçirilməsinin vacibliyini vurğula­yıblar.

Elçin HÜSEYNBƏYLİ, yazıçı-dramaturq, AYB-nin katibi, Əmək­dar incəsənət xadimi: 

– Fikrimcə, forum çox uğurlu keçdi. Heydər Əliyev Fondu ilə Mə­dəniyyət Nazirliyinin təşkilatçılığı ən yüksək səviyyədə idi. Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının sanballı dəstəyi bü­tün forum boyunca hiss olunurdu.

Bu gün ölkəmizdə milli-mənəvi sərvətlərin etibarlı şəkildə qorunma­sı və onun gələcək nəsillərə çatdırıl­ması istiqamətində silsilə tədbirlərin gerçəkləşdirilməsi fərəh doğurur. Sevinirik ki, ana dilimizin qorunma­sı, ədəbiyyatımızın dünyada təbliği, kitab nəşrində qabaqcıl texnologiya­ların tətbiqi ilə bu işin dövrün tələbləri səviyyəsində qurulması başlıca mə­rama çevrilib. 

Düşünürəm ki, forumda aparılan fikir mübadilələrinin sayəsində pers­pektiv vəzifələrə konkret aydınlıq gə­tirildi. Forumda söylənilən fikirlər, tək­liflər diqqətə alınacaq və gələcəkdə ana dili və ədəbiyyatımızın daha da inkişafına kömək edəcək. 

Aybəniz ƏLİYAR, AYB üzvü, şair:

– Ədəbiyyat hər bir xalqın milli sərvətidir. Bu sərvətə qayğı baxı­mından forumun təşkili təqdirəlayiq­dir. Panel iclasları yüksək səviyyədə keçdi, konkret əməli təkliflər səslən­dirildi. Əsas qayənin ana dili və ədə­biyyatımızın daha da inkişafı olduğu aydın görünürdü. Xalq şairləri Sabir Rüstəmxanlının və Vahid Əzizin, akademik Rafael Hüseynovun, Milli Məclisin komitə sədri Qənirə Paşa­yevanın, yazıçı Şərif Ağayarın çıxış­ları öz konseptuallığı ilə daha böyük maraq oyatdı. 

Milli ədəbiyyatımızın bütün böl­gələri əhatə etməsi, ucqarlarda ya­şayan ədəbi qüvvələrin birləşməsi, istedadların üzə çıxarılması səylərini alqışlayıram. Baxın, 3 il əvvəl bizim Şabranda AYB-nin regional bölməsi elə həmin amalla yaradıldı və iste­dadlı yazıçı Aydın Tağıyev bölməyə sədr seçildi. Biz orada vaxtaşırı əbədi-bədii tədbirlər keçirir, Şabran, Siyəzən və Xızıda yaşayıb-yaradan yazarların əsərlərini müzakirə edir, çapına və təbliğinə yardımçı olmağa çalışırıq. 

Söz-sənət bayramı sona yetsə də, orada səsləndirilən fikirlər, təklif­lər aktuallığını saxlamaqdadır. Mə­dəniyyətimizin inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatının rolu əvəzsiz olduğu kimi, bu sahələrin daim diqqətdə qalması da mühüm zərurətdir.

Əli NƏCƏFXANLI, XQ





Sosial həyat