Mübariz İbrahimovun adını daşıyan məktəb qəbul imtahanında 100 faizlik nəticə göstərib

post-img

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksini bitirən 37 məzun qəbul imtahanlarında 100 faizlik nəticə ilə növbəti uğura imza atıblar.

Artıq 13 ildir Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksini bu il 37 məzun bitirib. Onların 7-si fərqlənmə, 1-i isə qızıl attestata layiq görülüb. İmtahanlarda 660 bal toplayan Zəhra İbişova deyir ki, gələcəkdə ixtisası üzrə peşəkar mütəxəssis olmaq ən böyük arzusudur: “2023-cü ildə keçirilən imtahanlarda 660 bal toplamışam və ADA Universitetinin Kompüter elmləri fakültəsinə daxil olmuşam. Ümumiyyətlə, çoxdankı arzum idi ki, kompüter sahəsində təhsil alım. İnformatika qrupunu seçəndə də bunu nəzərə almışdım. Həm müəllimlərimin dəstəyi, həm də çəkdiyim əziyyət hədər getmədi, yüksək bal toplayaraq istədiyim ixtisasa qəbul oldum”.

“Dövlət Gömrük Komitəsinin Akademiyasının Beynəlxalq ticarət və logistika fakültəsinə daxil olmuşam. Ənənəmizə sadiq qalaraq 100 faiz qəbul nəticəsi göstərdik. Hər kəsə məqsədindən aslı olmayaraq Mübariz olmağı arzulayıram. Bu, sadəcə mənim deyil, böyük komandanın uğuru idi. Əməyi keçən hər kəsə təşəkkür edirəm” , – deyə tələbə adını yeni qazanan Cavid Hacıyev bildirib.

Təhsil Kompleksinin icraçı direktor müavini Müşfiq Dadaşovun sözlərinə görə, ölkə və dünya səviyyəsində təhsil yeniliklərinin tətbiqinə çalışan məktəbin bu il iki məzunu həm də Türkiyənin nüfuzlu təhsil ocaqlarına daxil olub: “Sevindirici haldır ki, hər bir şagird hədəfini dəqiq bilir və öz ixtisasını qabaqcadan hədəfləmiş olur. Bu baxımdan əvvəlki nəticələrimizi saxlamaqla, yeni nailiyyətlər əldə etdiyimizi düşünürəm”.

Qeyd edək ki, bu günədək Təhsil Kompleksini 283 məzun bitirib.

Elm