Heydər Əliyev: Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir

post-img

Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, be­cərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yarat­malıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyüt­məlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. 

Heydər ƏLİYEV, 
Ümummilli lider

 

Avqustun 28-də Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor İbrahim Səfərovun 110 illiyi qeyd olunacaq. Biz görkəmli alim və dövlət xadiminin yubileyi ilə bağlı qəzet materialı hazırlayarkən, onun 1998-ci ilin martında Azərbaycan Prezidenti, ulu öndər Heydər Əliyevə ünvanladığı bir məktubla da tanış olduq. Məhz həmin məktub bu yazının istiqamətini dəyişdi. 

Belə ki, ölkəmiz və xalqımız bu il ulu öndərin 100 illik yubileyini qeyd edir. Ümummilli liderin daim hörmət və ehtiramla yanaşdığı – onların hər ikisi Bakının və Abşeronun ya­şıllaşdırılması istiqamətində misilsiz xidmətlər göstərmişdilər – görkəm­li alim və dövlət xadimi İbrahim Səfərovun 110 illiyi də bu ilə təsadüf edir. 25 il əvvəl yazılmış məktubu bu gün də aktuallaşdıran üçüncü cəhət isə qlobal miqyasda davam edən iqlim dəyişmələrinin fəsadlarından olan quraqlıqlar və anomal istilərin Bakı və Abşeronun təbiətinə mənfi təsirlərinin çoxalmasıdır. 

Yazıya başlamazdan əvvəl adı çəkilən məktubu hörmətli oxuculara təqdim etmək istəyirik. Çünki həmin məktub yuxarıda sadaladığımız hər üç cəhətdən xüsusi önəm kəsb edir:

“Azərbaycan Respublikasının Prezidenti, zati aliləri Heydər Əli­yev cənablarına!

Əziz və möhtərəm Heydər Əlir­za oğlu! 

Azərbaycan elminin inkişa­fında mənim əməyimə verdiyiniz çox yüksək qiymət – “Şöhrət” or­deni ilə təltif edilməyim qəlbimdə tükənməz təşəkkür və minnətdar­lıq duyğuları oyatmaqla xəyalımı keçmişə – yetmişinci illərə apar­dı.

Azərbaycanın yaşıllıqlar diya­rına çevrilməsi uğrunda apardı­ğım yarım əsrlik mübarizə və bu yarım əsrin ən qızğın, ən məh­suldar dövrləri olan 1969–1983 ci illər gözlərimin önündə canlandı. Bir daha o illərə qayıdıb Şıx çimər­liyində, Badamdar yamaclarında və onlarca başqa park və bağlar­da Sizinlə çiyin-çiyinə işləməyim, keçmiş ittifaq respublikaları pay­taxtları arasında 1970-ci ilə qə­dər yaşıllığına görə sonuncu yeri tutan, 1983-cü ildə isə 2-ci yerə qalxan Bakının yaşıllaşdırılması­na sərf etdiyiniz böyük əmək, fə­dakarlıq, təşəbbüskarlıq yadıma düşdü. Bir dəfə Şıx çimərliyində 20 eldar şamı ağacını öz əlləriniz­lə əkdiyinizi, sisterndən su daşı­yıb suladığınızı xatırladım.

Siz adamlara da beləcə qay­ğıkeş bağban münasibəti bəslə­yirsiz. Əgər mənim Azərbaycan elminin inkişafında az-çox ro­lum olubsa, bunun böyük hissə­si məhz Sizin xidmətiniz, alımə, elmə, ziyalıya, milli kadra göstər­diyiniz atalıq qayğısının təzahü­rüdür.

Buna görə də Sizi, möhtərəm Prezident, mənə verilən yüksək mükafatın həm laureatı hesab edir, bu “Şöhrət” ordenində Si­zin də şöhrət payınızın olduğuna möhkəm əminliyimi bildirirəm .

Qoy Tanrı Sizin “bağbanlığı­nız”la Azərbaycanı gülüstana, cənnət bağına döndərsin.

Ehtiram və sevgi duyğuları ilə Sizin İbrahim Səfərov.

3 mart 1998-ci il.”

Həqiqi ziyalı təfəkkürünün məh­sulu olan bu sətirləri oxuyanda, istər-istəməz, həm məktubu yaza­nın, həm də məktub alanın böyüklyü göz önündə canlanır. Mən ötən əsrin 90-cı illərində həmin görkəmli ali­min oğlu İbrahim Səfəroğlu ilə eyni kollektivdə çalışmışdım. O, həmin il­lərdə dövlət radiosunun səs rejisso­ru idi. Sonralar mühüm bir şöbənin müdiri olmuşdu. İbrahim müəllim atasından eşitdiyi xatirələrdən tez-rez söz açırdı. Atası danışırmış ki, Şıx yamacında yaşıllıqların salın­masının təşəbbüskarı Heydər Əli­yev olsa da, həmin layihənin icraçısı biz idik: “Ona görə də Heydər Əliyev hər dəfə orada ağacəkmə tədbirin­də iştirak edəndə gəlib sanki mənə məlumat verirdi: “İbrahim müəllim, mən bu gün dörd ağac əkdim. Bu isə adi məlumat deyildi. Xalqa ça­ğırış idi ki, Bakının və Abşeronun yaşıllaşdırılmasında iştirak etmək hamının vəzifəsi, borcudur. Heydər Əliyev bütün məsələlərdə özünün şəxsi nümunəsini yaradırdı”. 

Bu yazı ilə bağlı bəzi sənədlərə nəzər salanda İbrahim Səfərovun AMEA-nın “yaddaşında necə qal­dığı”ilə də maraqlandım. Orada oxuduğum faktların alimin 110 illiyi günlərində xatırladılması, həqiqətən də yerinə düşür. Akademiyanın say­tında oxudum ki, Səfərov İbrahim Səfər oğlu 1913-cü il avqustun 28-də Şamaxı rayonunda anadan olmuş, Tbilisi şəhərində Zaqafqa­ziya Meşə Təsərrüfatı İnstitutunu bitirmişdir. 1949-cu ildə elmlər na­mizədi, 1962-ci ildə isə elmlər dok­toru dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı­na layiq görülmüşdür. Bakı Kənd Təsərrüfatı Texnikumunun direkto­ru, Meşə təsərrüfatı nazirinin birinci müavini, Azərbaycan SSR Nazirlər soveti sədrinin müavini və Respub­lika Sovxozlar naziri vəzifələrində çalışmışdır. Eləcə də, Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun direktoru, Azərbaycan SSR EA-nın Botanika İnstitutunda Meşəşünas­lıq şöbəsinin müdiri, sonrakı illərdə Azərbaycan SSR EA Rəyasət Heyə­ti yanında Təbii Ehtiyatlar Komitəsi­nin sədri, 1968-ci ildən Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, 1993-cü ildən sədri olmuş­dur. 1987-ci ildən ömrünün sonuna kimi Botanika İnstitutunda müşavir işləmişdir.

Bütün bunlar onun ictimai fəaliy­yətinin göstəriciləridir. Ancaq elmi fəaliyyəti daha genişdir. Məsələn, o, kənd təsərrüfatı sahələrinin zonalar üzrə rayonlaşdırılması, bütün kənd rayonlarında tarla qoruyucu meşə zolaqlarının salınması sayəsində kənd təsərrüfatı bitkilərinin məhsul­darlığının artırılması, subtropik bit­kilərin seyrəkləşməsinin qarşısının alınması, yuxarı Şirvan, Qarabağ və Samur–Dəvəçi–Abşeron su kanal­larının ətraflarının yaşıllaşdırılması, suvarılan torpaq sahələrinin artma­sı, ayrı-ayrı kənd təsərrüfatı bitkilə­rinin məhsuldarığının çoxalmasının səmərəli yolunun açıqlanmasına yönəlmişdir.

Onun elmi axtarışlarının nəticə­si 200-dən çox elmi məqalə və 11 monoqrafiyada cəmləşmişdir. O, Qafqazın “Qırmızı kitabı”nın tərtib­çilərindən biridir. Bu alim elmi kad­rların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Onun rəhbərliyi altın­da 25 fəlsəfə doktoru və 2 elmlər doktoru hazırlanmışdır. O, Sovet İttifaqının və müstəqil Azərbaycan Respublikasının 20 orden və me­dallarına layiq görülmüşdür. 1998-ci ildə Azərbaycan Respublikası Pre­zidenti Heydər Əliyevin fərmanı­na əsasən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Məhz bu tərcümeyi-hala, elmi və ictimai-siyasi fəaliyyətə görə ulu öndər İbrahim Səfərova həmişə bö­yük hörmət və ehtiramla yanaşırdı. Alimin oğlu İbrahim Səfəroğlunun redaksiyamıza təqdim etdiyi bir çox fotolarda da görkəmli alimin müxtəlif tədbirlərdə ulu öndərlə bərabər ça­lışdığı anlar görünür. 

Alimin xatirələrində qeyd edilir ki, Heydər Əliyev bütün ziyalılara, yaradıcı insanlara həmişə böyük hörmət və ehtiramla yanaşırdı: “An­caq onun təbiətşünas alimlərə, xü­susən, meşəçilərə, yaşıllıq artıran mütəxəssislərə daha böyük ehtira­mı, qayğısı var idi”. 

Yeri gəlmişkən, ulu öndər Hey­dər Əliyev 2002-ci il mayın 2-də Bakıda kecirilən “Azərbaycanın mil­li – mədəni və təbii irsin qorunub saxlanması – milli parklar proqramı’’ beynəlxalq konfransının iştirakcıla­rı ilə görüşündə demişdir ki, eko­logiya indi bəşəriyyət ücün ən əsas məsələlərdən biridir: “İnsanlar hələ bunun əhəmiyyətini, demək olar ki, tam başa düşə bilməyiblər. Hərə öz işini görmək ücün məqsədinə nail olmaq ücün istər – istəməz təbiətə, ətraf mühitə böyük ziyan vurur. Biz cox böyük səlahiyyətlərə malik olan Ekologiya və Təbii Sərvətlər Nazir­liyi yaratmışıq. Bundan da məqsə­dimiz bütün bu sahəyə aid olan məsələlərin hamısını bir əldə topla­maq və bu işlərdə daha ciddi məş­ğul olmaqdan ibarətdir.’’ 

Bir sözlə, ötən əsrin 70-80-ci illə­rində Azərbaycanda salınan yaşıllıq zonaları məhz Heydər Əliyev zəka­sının, onun yorulmaz fəaliyyətinin, bu, böyük insanın varlığına hopmuş Vətən sevgisinin nəticəsidir. Ulu öndər həmin layihələrin hamısını məhz İbrahim Səfərov kimi görkəmli alimlərin yaxından köməyi və dəstə­yi ilə reallaşdırırdı. Bu gün həmin qəbildən olan layihələrə daha çox ehtiyac var. Çünki beynəlxalq aləm­də az qala bütün qitələri öz təsi­ri altına alan iqlim dəyişmələri bir çox ölkələrdə kəskin quraqlıqlarla müşayiət olunur ki, bu da böyük şəhərlərdəki yaşıllıqlar üçün müxtə­lif fəsadlar törədir. Bakı və Abşeron hələ ki, həmin təsirləri az hiss edir. Çünki biz dövlət siyasətimizin uzaq­görənliyi və təbiətşünas alimlərimi­zin ümumiləşdirmələri sayəsində bir çox qabaqlayıcı tədbirlər həyata keçirmişik. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Sosial həyat