“Ad günü”müz – şad günümüz

post-img

“Xalq qəzeti”– 104

Ulu öndər Heydər Əliyev həmişə tövsiyə edirdi ki, hansı sahədə olursa olsun, zəhmət çəkən insanların qədri bilinməli, onlar ruhlandırılmalı, ən kiçik fəaliyyət belə qiymətləndirilməlidir. Ümummilli liderin fikrincə, bu, təkcə ədalət prinsipi kimi deyil, həm də sabahkı fəaliyyətimizə yaradılan stimul kimi qəbul edilməlidir. Nə xoşdur ki, bugünkü Azərbaycanın hər addımında həmin tövsiyənin həyata keçirilməsinin şahidinə çevrilirik. 

Avqustun 29-da – “Xalq qəzeti” nin (26 avqust 1991-ci ilədək “Kommu­nist”) ilk nömrəsinin nəşr edilməsinin 104-cü ildönümü günündə “Xalq qəze­ti” redaksiyasında keçirilən məclisdə də qədirbilənlik və yaradıcı fəaliyyətə həvəsləndirmənin şahidi olduq. Qəzetin baş redaktoru, Əməkdar jurnalist Əf­latun Amaşov “Xalq qəzeti”nin keçdiyi 104 illik yolun başdan-başa Azərbay­can xalqına xidmətlə sıx bağlı olduğu­nu söylədi. Redaksiya rəhbəri qeyd etdi ki, ötən bir əsrdə yaşayıb-yaratmış elə bir ziyalımız yoxdur ki, bu redaksiya ilə əlaqədə olmasın: 

– Biz fəxr edirik ki, vaxtilə Cəlil Məm­mədquluzadə, Üzeyir bəy Hacıbəyli, Məmməd Səid Ordubadi, Cəfər Cabbar­lı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi böyük yaradıcı simaların ça­lışdığı və ya sıx əməkdaşlıq etdiyi redak­siyanın fəaliyyətini müstəqillik şəraitində davam etdiririk. Bu kollektivin həm İkinci Dünya müharibəsi illərində, həm də döv­lət müstəqilliyimiz bərpa ediləndən sonra­kı dönəmdə fədakar, mükəmməl fəaliyyəti haqlı iftixarla yanaşı, məsuliyyətimizi də artırır. 

2020-ci ilin payızında Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordu­sunun hünəri nəticəsində qazandığımız şanlı Zəfər və işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri bizim əsas fəaliyyət istiqamətlərimizdən olub. “Xalq qəzeti” Azərbaycan dövlətinin daxi­li və xarici siyasətini, diplomatiyamızın uğurlarını daim diqqətdə saxlayır. Biz bu qəzetin tarixi nüfuzunun qorunması, de­mokratik, xəlqi ənənələrinin davam etdi­rilməsi istiqamətində təşəbbüskar fəaliyə­timizi davam etdiririk. 

Kollektiv üzvləriindən baş redaktorun birinci müavini Hacı Qüdrət Piriyev, şöbə müdirləri Vaqif Bayramov, Əli Nəcəfxan­lı, Məsaim Abdullayev, İmran Bədirxanlı, mühasib Zəminə Osmanova tarixi təc­rübənin çağdaş çağırışlarla qovuşdurul­ması yönündə yaradıcı prosesin uğurun­dan və qarşıdakı önəmli hədəflərdən söz açdılar. Daha sonra xatirələr səsləndi və gələn il qeyd olunacaq 105 illik yubileyi daha ciddi fəaliyyət, zamanın tələbinə uyğun yaradıcılıqla qarşılamaqla bağlı ar­zu-diləklər dilə gətirildi. 

Sonra söhbət çay süfrəsi ətrafında davam etdirildi. 

P.S: Dünən redaksiya ilə əlaqə sax­layıb qəzetimizin “ad günü”nü təbrik edən çoxsaylı oxucularımıza və fəal müəlliflərimizə diqqət və xoş sözlərə görə təşəkkür edirik.

İttifaq MƏMMƏDCANOĞLU,
“Xalq qəzeti”,
Foto Elşən AĞALARINDIR

Sosial həyat