Xankəndi təşviş və ümidsizlik girdabında

post-img

Azərbaycanın Qarabağ bölgəsində yaşayan separatçı ermənilərin yaratdıqları qondarma rejimin tör-töküntüsünə rəhbərlik edən şəxslər çaşqınlıq və ümidsizlik içindədirlər. Onların son vaxtlar atdıqları addımları nəzərdən keçirdikdə, səsləndirdikləri fikirləri oxuduqda, müxtəlif instansiyalara ünvanladıqları müraciətlərlə tanış olduqda bu qənaətə gəlmək olar. Əminliklə demək olar ki, aprelin 23-də “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə separatçıların əlləri hər yerdən üzülüb.

Qarabağda separatizm ocağı 1980-ci illərin sonunda əsasən İrəvandan kö­rüklənməyə başlamışdı. SSRİ-nin dağılmasını istəyən Moskvadakı bəzi dairələr ermənilərə gen-bol dəstək verib onları qızışdırırdılar. Avropadan Fransa, okeanın o tayından – ABŞ-dan bəzi ermənipərəst dairələr hayların havadarı qismində çıxış edirdilər. Azərbaycanın apardığı uğurla balanslaşdırılmış xarici siyasət nəticəsində vaxtilə ermənilərə verilən dəstək hazırda əhəmiyyətli dərəcədə azalıb. Ermənista­nın baş naziri bu il mayın 23-də Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edib. 2022-ci il fevralın 22-də Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyan­namə” iki ölkənin münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarıb. ABŞ Dövlət Departamenti Azərbaycan Prezidentinin Qarabağdakı separatçılarla bağlı amnisti­ya bəyanatını alqışlayıb. Fransanın qatı ermənipərəst addımları isə heç bir fayda vermir. Onun müxtəlif təşəbbüsləri uğursuzluğa düçar olur. Parisin atdığı addımlar Azərbaycanın siyasi iradəsinə təsir etmək gücündə deyil.

Bu səbəbdən, Qarabağdakı haylar hazırda giley-güzar edir, ittihamlar yağdı­rır, hamını, necə deyərlər, özlərinə borclu çıxarırlar. Ən çox narazılıq 2020-ci ilin noyabrın 10-u gecəsi bölgəyə gəlişini az qala xilaskar İsa Məsihin gəlişi kimi qiymətləndirdikləri Rusiya sülhməramlı­larının fəaliyyətindəndir. Yeri gəlmişkən, qondarma rejimin “milli təhlükəsizlik xid­məti”nin keçmiş direktoru Arşavir Qaram­yan avqustun 28-də Azərbaycanın Döv­lət bayrağına qarşı təhqiramiz hərəkətlər etdikləri üçün “Laçın” sərhəd nəzarət-bu­raxılış məntəqəsində üç erməni futbolçu­nun saxlanılmasına görə sülhməramlıları kəskin tənqid edib. O, “Facebook” səhifə­sində yazıb ki, buraxılış məntəqəsində baş verən hadisə Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin koman­danı, general-polkovnik Aleksandr Lent­sovun öz hərəkəti və ya bəlkə də qəsdən hərəkətsizliyi ilə ləğv olunmuş DQMV-nin ilk komendantı – ermənifob, bədnam general Safonovdan (1988-90-cı illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin və ona bitişik rayonlarının ko­mendantı, general-mayor Vladislav Sa­fonov nəzərdə tutulur-S.H) heç də geri qalmadığını növbəti dəfə sübut edir.

Rəsmi Bakı isə qarşısına qoyduğu dövlət suverenliyinin ölkənin bütün əra­zisində tam bərqərar olunması hədəfinə doğru təmkinlə, tələsmədən, lakin lən­gimədən irəliləyir. Mayın 28-də Laçına qayıdan əhali ilə görüş zamanı Prezident İlham Əliyevin dediyi kimi, Vətən müha­ribəsinin başa çatmasından ötən dövr ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçib və biz öz planları­mızın son addımlığındayıq. Dövlət başçı­mız qeyd edib ki, o addım da atılacaq və buna şübhə etmir.

Qeyd etdiyimiz kimi, separatçıların çıxılmaz durumda olmasını onların at­dıqları bir sıra addımlar da təsdiqləyir. Onlar bu yaxınlarda “parlamentin sədri” Artur Tovmasyanı David İşxanyanla əvəz ediblər. Tovmasyan separatçı rejimin “qlavar”ı Arayik Arutyunyanın rəhbərlik etdiyi qondarma “Azat ayrenik” adlanan “partiyanın” təmsilçisi idi. İşxanyan isə “Daşnaksütyun”un üzvüdür. Yəni, “Daş­naksütyun”, faktiki olaraq, A.Arutyunyana müxalifətdədir. Buna baxmayaraq, “ha­kim partiya” müxalifətçinin namizədliyi­ni irəli sürüb ki, bu da edilən təzyiqlərlə bağlıdır.

Bundan əlavə, hazırda A.Arutyunya­nın özünün də “istefası” gündəmdədir. “Hraparak” qəzeti öz mənbələrinə isti­nadən yazır ki, A.Arutyunyanın “istefa” verəcəyi təqdirdə Ermənistan hakimiy­yətinin onun yerinə namizədi qondarma rejimin keçmiş “xarici işlər naziri” Masis Mailyan olacaq.

Qəzet qeyd edib ki, əgər Ağdam–Xankəndi yolunun açılması baş ver­məsə, o zaman A.Arutyunyanın “istefası” məsələsi, görünür, yenidən gündəmə gələcək. Nəşrin yazdığına görə, Mailya­nın qarabağlılar arasında sabiq “müdafiə naziri” Samvel Babayan kimi mənfi repu­tasiyası yoxdur. Bu da onu Ermənistanın baş naziri Nikol Paşinyan üçün əlverişli namizəd edir.

Bildirilir ki, Arutyunyan “istefa” ver­mək qərarını iki həftə əvvəl elan edib, lakin Ermənistan hakimiyyətinin tələbi ilə sentyabrda İrəvan şəhər meriyasına ke­çiriləcək seçkiləri nəzərə alaraq, “istefa­sını” daha bir neçə həftə təxirə salmağa razılaşıb. Qəzet yazır ki, Arutyunyanın “istefası”nın təxirə salınması Ermənistan hakimiyyətinın İrəvan şəhər meri vəzifə­sinə namizədi Tiqran Avinyanla bağlı “arzuolunmaz epizodların” ictimailəşmə­sindən sonra aşağı düşən reytinqinin daha da azalmasının qarşısını almağa xidmət edir. Belə ki, bugünlərdə Ermə­nistanın hakim “Mülki müqavilə” parti­yasının namizədi T.Avinyanın 44 günlük müharibə zamanı Xankəndiyə gəldiyi və ağ ayaqqabı geyinərək şəhərdə gəzib dolaşdığı məlum olub.

***

Bu arada 3 erməni futbolçu ilə bağ­lı baş verənlər Xankəndidə anti-Azər­baycan isterikasının yeni fazasının baş qaldırmasına səbəb olub. Separatçıların cəmi 33 üzvü olan əldəqayırma parla­menti avqustun 28-də saat 21:00-da “növbədənkənar iclas” çağırıb. Bundan başqa, həmin gün separatçıların rəhbər­liyinin yaranmış vəziyyətdən çıxış yolu­nun tapılması üçün qapalı iclas keçirdiyi bildirilir.

Futbolçularla bağlı məsələyə münasi­bət bildirən Ermənistan ordusunun ehti­yatda olan polkovniki, hərbi ekspert Ayk Naqapetyan “Hraparak” nəşrinə müsahi­bəsində bildirib ki, Qarabağın erməni fut­bolçuları qaçırılmayıb, dezinformasiyaya ehtiyac yoxdur: “Onları oğurlamayıblar, gəlin, hər şeyi öz adı ilə çağıraq. Dezin­formasiya yaymaq lazım deyil, sonra ya­zacaqlar ki, bu hadisə rus sülhməramlıla­rının iştirakı ilə olub”.

O qeyd edib ki, azərbaycanlılar üç gənci saxlayıblar. Bunlar Xocavənd ra­yonundan olan tələbələrdir. Naqapetyan deyib ki, bununla bağlı video var. Həmin videoda futbolçuların stadiona daxil ol­mazdan əvvəl yerə sərilmiş Azərbayca­nın Dövlət Bayrağının üstündə gəzdikləri görünür: “Dövlət rəmzinin bu cür təhqir olunması istənilən ölkədə cinayət sayılır. Qarabağdan Ermənistana gedən istə­nilən şəxs “milli təhlükəsizlik xidməti”nin siyahısından keçir. İndi sual yaranır ki, “milli təhlükəsizlik xidməti” Azərbaycan tərəfindən axtarışda olanların Həkəri kör­püsündən keçməsinə niyə icazə verib? Məgər onlarda Azərbaycan tərəfindən axtarışda olan şəxslərin siyahısı yox­durmu? Üstəlik, nəzərinizə çatdırım ki, 3 deyil, 11 futbolçu axtarılır. 2021-ci ildə həmin futbol matçında kim iştirak edib? 11 gənc. İndi mənim və hər kəsin sualı var: Necə oldu ki, axtarışda olsalar da “Qarabağ hakimiyyəti”nin bundan xəbəri olmayıb, gənclərin Həkəri körpüsünə get­məsinə icazə veriblər?

Naqapetyan qeyd edib ki, onda olan məlumata görə, futbolçulardan biri azər­baycanlılarla münaqişə edib, hansısa kameranı sındırıb: “Bu, mənim ilkin mə­lumatımdır, amma çox güman ki, doğru­dur”.

Ermənistanın “Demokratik alternativ” partiyasının sədri Suren Surenyants isə “Facebook” səhifəsində yazıb ki, “La­çın” sərhəd buraxılış məntəqəsində baş verən hadisə siyasi ehtirasları yenidən qızışdırıb. Ancaq o qeyd edib ki, bir neçə real qeydlər olmadan vəziyyəti obyektiv qiymətləndirə bilmərik. Onun sözlərinə görə, Paşinyanın devrilməsi Qarabağı xilas etməyəcək, amma ermənilər ən azından Ermənistan Respublikasını xilas edə bilərlər: “Qarabağ bu gün subyektiv­liyin bütün komponentlərini itirib. İndiki şəraitdə Qarabağın siyasi muxtariyyətini təmin edəcək hər hansı variantı müzakirə etmək belə mənasızdır. Kobud formada desək, “qırmızı xətləri” müəyyən etməyə imkanımız yoxdur. İndi ermənilərin Qa­rabağda yaşamaq hüququndan danış­maq olar. Bu sual bilavasitə Rusiya tərəfi qarşısında formalaşmalıdır: onlar ermə­nilərə bu hüquqa zəmanət verirlər, yoxsa humanitar dəhliz və soydaşlarımızın təx­liyyəsi haqqında düşünməliyik? Zaman və beynəlxalq kontekst bizim əleyhimizə işləyir. İndi siyasi həll yolları tapılmasa, iki-üç aydan sonra bunun bədəlini daha yüksək qiymətə ödəməli olacağıq”.

S.Surenyants qeyd edib ki, Rusiya sülhməramlı missiyası öz mandatını çox vicdansızlıqla yerinə yetirir: “Burada mü­bahisə etməyin mənası yoxdur. Lakin beynəlxalq sülhməramlı missiyanın Qa­rabağa dəvət edilməsi ilə bağlı çağırışlar reallıqdan kənardır və vulqar manipul­yasiyalardır. BMT, ATƏT belə bir qərar qəbul etməyəcək, Azərbaycan bu təklifi müzakirə belə etməyəcək. Fransa da daxil olmaqla dünyada elə bir ölkə yox­dur ki, Ermənistanın xatirinə Azərbaycan və Türkiyə ilə sərt münaqişəyə girməyə hazır olsun”.

Partiya sədri onu da bildirib ki, Ermə­nistanda mümkün hakimiyyət dəyişikliyi qlobal səviyyədə danışıqlar kontekstini dəyişməyəcək: “Paşinyan hakimiyyəti Qarabağı nəinki dağıdıb, həm də siyasi iradənin və gündəliyin olmaması, popu­lizm və avantürizm nəticəsində Ermənis­tanı faktiki subyektivlikdən məhrum edib, onu danışıqların obyektinə çevirib”.

Göründüyü kimi, vaxt ötdükcə daha çox erməni obyektiv fikirlər söyləməyə başlayıb. Onların toplum olaraq obyektiv mövqe sərgiləyəcəkləri gün uzaqda de­yil.

Zaur MƏMMƏDOV,
politoloq

– Separatçılar vurnuxma içindədirlər. Onlar Azərbayca­nın beynəlxalq normalara uyğun olaraq apardığı reinteqrasiya si­yasətinin qarşısına heç bir tutarlı arqument qoya bilmirlər. Bildiyiniz kimi, avqustun 29-da Bakıdan hu­manitar yardım karvanı Xankən­diyə doğru yola düşüb. Karvan Ağdam–Xankəndi yolu vasitəsilə yardımı Qarabağ ermənilərinə çatdırmalıdır.

Qeyd edək ki, bir neçə həftə əvvəl Ağdam–Xankəndi yolunun açılmasından sonra Laçın yolu­nun da açılacağı qərarlaşdırılmış­dı. Hətta yolun açılacağı gün də müəyyənləşmişdi. Lakin bir sutka qalmış separatçılar razılaşmanı pozmuşdular. İndi isə separatçı­lar və Ermənistan hakimiyyəti ya dəmir iradə qarşısında geri çəkilə­cək, ya da onların “humanitar böh­ran” mövzusunda spekulyasiya ilə məşğul olduqları bütün dünyaya bir daha məlum olacaq. Hər hal­da, Xankəndidə nəhayət, sağlam düşüncə üstün gəlməli, separatçı­lar Azərbaycanın tələblərini yerinə yetirməkdən başqa çıxış yolları­nın olmadığı başa düşməlidirlər. Ağdam–Xankəndi yolu açılmasa, Qarabağdakı mülki əhalinin sepa­ratçı rejim üçün heç bir önəm da­şımadığı, onlarla bağlı süni ajiotaj yaratdığı da bir daha bəlli olacaq.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət