“Qorxulu” ağaclar və “qorxubilməz” adamlar

post-img

Dünyamızın oksigen qaynağı, Yer üzünün atlas libası olan yaşıllıqlar cənnət timsalıdır. Lakin bəzən ağaclar təhlükə mənbəyinə də çevrilir. Buna onların quruması, düzgün formada inkişaf etməməsi və vaxtında budanmaması səbəb olur.

Təəssüf ki, Bakıda, hətta mərkəzi küçələrdə də təhlükə saçan ağaclara rast gəlmək mümkündür. Paytaxtımızda budaqları yolun hərəkət hissəsinə çıxmış, qurumuş, əyri bitmiş çox sayda ağac olsa da, onların budanması unudulub. Elə ki, güclü külək əsir, qurumuş ağaclar aşır, yaşıllıq təsərrüfatı işçilərinin “vəzifə borcları” yadlarına düşür. Lakin bir müddət sonra yenə bu məsələ unudulur. 

Ötən ay İçərişəhərlə qonşuluqda, Filarmoniya bağında iri gövdəli ağac kökündən qoparaq aşmışdı. Bu fakt kifayət etməli idi ki, şəhərdəki digər təhlükə riskli ağaclar da aşkar edilib, ya kəsilsin, ya da başqa bir yerə köçürülsün. 

Apardığımız müşahidələr onu göstərdi ki, bu problem əsaslı həllini gözləyir. Əlibəy Hüseynzadə küçəsində yerləşən “İstanbul Təhsil Mərkəzi”nin həyətinə doğru, Şamil Əzizbəyov küçəsində yolun hərəkət hissəsinə doğru əyilmiş, Dənizkənarı Bulvarın yaxınlığında isə qurumuş ağaclar təhlükə yaradır. Əlövsət Quliyev küçəsindəki əyri bitmiş ağac da narahatlıq yaradır. Bu iri gövdəli ağac kəskin şəkildə yola əyilib, hər an aşa bilər. Külək olmasa belə, bir müddət sonra öz ağırlığına tab gətirməyəcək. Onun böyük olması və yaxınlıqda yaşayış binalarının yerləşməsi baş verə biləcək faciənin miqyasını artırır. 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Bizə cavab verildi ki, ağacların kəsilməsi və ya köçürülməsi elə də asan məsələ deyil. Nazirliyin mətbuat katibi İradə İbrahimova əsas cavabdeh qurumların bələdiyyələr və yaxud yerli icra hakimiyyətləri olduğunu bildirdi: “Onlar mütəmadi olaraq araşdırma aparmalı və belə ağaclar barədə nazirliyə məlumat verməlidirlər. Bundan sonra nazirlik əməkdaşlarını ağacın yerləşdiyi əraziyə göndərməli, əvəzinə yenisinin əkilməsi şərti ilə mövcud ağacın kəsilməsi və yaxud köçürülməsi barədə rəy verilməlidir. Sonda qərarın icrası üçün müvafiq rayonun Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməlidir”. 

Yəqin ki, problemin mənbəyi elə bu uzun-uzadı prosesdir. Bütün səlahiyyət bir qurumda olsa, işlər həm daha operativ yerinə yetirilər, həm də bu sahədə məsuliyyətin konkret olaraq kimin üzərinə düşdüyü bəlli olar. 

Hələlik isə “qorxulu” ağaclar, “qorxubilməz”, məsuliyyətsiz adamların “kəraməti” ilə ətraf üçün təhlükə törətməkdədir. 

Rüfət MƏHƏRRƏMOV

Sosial həyat