100 yaşlı Ağdam teatrı

post-img

Bu şöhrətli sənət ocağı böyük Əbdurrəhim bəy Haqverdiyevin yadigarıdır

Ağdamda ilk teatr tamaşası 1902-ci ildə yerli ziyalıların və yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin köməkliyi, yaxından iştirakı ilə göstərilib. Yerli səhnədə ilk dəfə Mirzə Fətəli Axundovun “Sərgüzəşti-vəziri-xa­ni-Lənkəran” və Əbdürrəhim bəy Haqverdiyevin “Da­ğılan tifaq” pyeslərinin tamaşaları oynanılıb. Uzun illər aktyorlar teatrda ictimai əsaslarla fəaliyyət göstəriblər. 

1923-cü ildə yaradıcı kol­lektivə dövlət teatrı statusu verilib. Teatrın daim zəngin repertuarı olub. Amma 1949-cu ildə dövlət rəhbərliyi res­publikanın bir çox teatrını, o cümlədən Ağdam Dövlət Dram Teatrını da bağlamaq qərarına gəlib. Əlbəttə, bu, İosif Stalinin məkrli oyunu idi. Həmin vaxt Gürcüstanda heç bir teatr bağlanmadı. Çünki o, istəyirmiş ki, Zaqafqaziyada yalnız Gürcüstan teatrları irə­li getsin. Beləcə, Azərbaycan mədəniyyətinə həmin vaxt daha bir balta çalınıb. O teatr­larda işləyən aktyorların hərə­si bir yana səpələnib. Ağdam teatrı isə həvəskar kollektiv kimi fəaliyyətini davam etdirib. O zaman burada Əməkdar artistlər Qaflan Muradov və Narınc Məlikova fədakarlıqla çalışıblar. Həmin dövrdə “Ley­li və Məcnun”, “Əsli və Kərəm” operalarının Ağdamda tama­şaya qoyulması sənət hadisə­sinə çevrilib. Xalq artistləri – xanəndə Arif Babayev Məc­nun rolunda çıxış edib, tarzən Ramiz Quliyev tamaşanı mü­şayiət edib. 

Nəhayət, 1968-ci ildə Na­zirlər Kabinetinin müvafiq qə­rarı ilə Əbdürrəhim bəy Haq­verdiyev adına Ağdam Dram Teatrının dövlət teatrı statusu bərpa olunub və 1969-cu ilin martında pərdələrini İlyas Əfəndiyevin "Sən həmişə mə­nimləsən və ya Boy çiçəyi", Bəxtiyar Vahabzadənin "Vic­dan" pyeslərinin tamaşaları ilə açıb. Həmin dövrün tamaşala­rı haqqında maraqlı ressenzi­yalar yazılıb. 

1993-cü ilin iyulunda Ağ­damın işğalına qədər teatrda Heydər Şəmsizadə, Rafiq Ata­kişiyev, Vaqif Şərifov, Ədalət Ziyadxanov, Məmmədkamal Kazımov, Ağalar İdrisoğlu, Na­zir Rüstəmov, işğaldan sonra Elxan Mikayılov, Sərvər Əli­yev, Novruz Cəfərov baş re­jissor, bəziləri həm də direktor işləyiblər. Bir-birindən maraqlı tamaşalara quruluş verilib. Teatr yenidən fəaliyyətə baş­ladığı dövrdən burada Xalq artistləri Fatma Mahmudova, Svetlana Həkimova, Əməkdar artistlər Narınc Məlikova, Qur­ban Mirzəyev, Tofiq Qarayev, Simuzər Namazova, Səkinə Süleymanova, Firəngiz Abba­sova, Cəmilə Məmmədzadə, Aidə Qasımova, Fəqumə Yu­sifova kimi aktyorlar işləyib­lər. Müxtəlif illərdə kollektivə Məmməd Əmirov, Yelmar Qa­sımov, Eyvaz Əliyev, Rais Əh­mədov, Fəxrəddin Hacıbəyli rəhbərlik ediblər. Hazırda teatrın direktoru Məhəmməd Hüseynov, baş rejissoru Pre­zidentin mükafatçısı Kərim Həsənovdur. 

Bildiyimiz kimi, 1993-cü ildə Ağdamın işğalından sonra teatr fəaliyyətini əvvəl Bərdə­də, 2004-cü ildən isə rayonun inzibati mərkəzinə çevrilən Quzanlı qəsəbəsində davam etdirib. Teatrın Ağdamdakı bi­nasını isə ermənilər şəhərin digər binaları kimi yerlə-yek­san ediblər. 2011-ci ildə Qu­zanlı qəsəbə mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Üç il əvvəl Qarabağ işğaldan azad olu­nandan sonra Ağdamın yeni Baş planında Dövlət Dram Te­atrı üçün də yaraşıqlı bir bina tikilməsi nəzərdə tutulur. 

Biz bu yazını hazırla­yarkən 100 yaşlı teatrın direk­toru Məhəmməd Hüseynovla əlaqə saxladıq. O, Ağdamın Əliağalı kəndində anadan olub. Bakı Mədəni-Maarif tex­nikumunu bitirərək, Ağdam Teatrında aktyor kimi fəaliy­yətə başlayıb. Sonrakı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alıb. 

Müsahibimiz Azərbayca­nın ərazi bütövlüyü uğrunda gedən müharibənin ilk gün­lərindən, könüllü olaraq Milli Vətən müdafiəçilərinə qoşu­lub. Bir çox döyüşlərdə iştirak edib, sıravi əsgərdən tabor ko­mandirinin müavini vəzifəsinə qədər yüksəlib. Məhəmməd Hüseynov 1992-ci ilin yayında cəbhədə ağır yaralanıb, müa­licə alaraq yenidən döyüşən orduya qayıdıb. Atəşkəs razı­lığından ilyarım sonra, yəni, 1996-cı ilin yanvarında ordu­dan zabit kimi ehtiyata bu­raxılıb. Qazidir. Artıq 9 ildir ki, Ağdam Dövlət Dram Teatrına rəhbərlik edir. Ona ilk sualımız da elə müharibə ilə əlaqədar oldu:

– Məhəmməd müəllim, bildiyimizə görə, Qarabağ müharibəsi vaxtı sizin te­atrın yaradıcı heyətinin bir neçə üzvü də döyüşlərdə iş­tirak edib. Onlar kimlərdir?

– Yubiley günlərində on­ları xatırlamaq borcumuzdur. O vaxtlar teatrın baş rejissoru Elxan Mikayılov eyni zamanda briqada qərargahinda xidmət edirdi, çox vətənpərvər insan idi. O, döyüşdə ağır yaralana­raq, 1-ci qrup əlil olmuşdu. Elə həmin yarasına görə də vəfat etdi. Aktyor Vüqar Əsgərov da müharibədə igidliklə vuruşdu və ağır döyüşlər zamanı həlak oldu. Rayon qəzetinin müxbi­ri, şair, teatrda müxtəlif rollar oynayan Həsən Qəhrəmanov da müharibədə zabit kimi dö­yüşdü. Ümumiyyətlə, teatrın bütün kollektivi həmin vaxt müharibədə iştirak etməyə hazır idi. 

– Bəs, işğal dövründə teatrda hansı işlər görülüb?

– Teatr 1993-cü ildə Bər­dəyə köçürülüb, sonra da Qu­zanlıda öz fəaliyyətini davam etdirib. 12 il əvvəl Quzanlı mədəniyyət evi əsaslı təmir olunaraq teatrın istifadəsinə verilib. Biz də orada əsasən vətənpərvərlik mövzusubnda tamaşalara üstünlük vermişik. Əlimizdən gələni etmişik ki, xalqın qələbə ruhunu artıraq. İndi, şükür, qalib xalqın övlad­ları sayılırıq. 

– Hazırda vəziyyət necə­dir?

– Teatr bu gün bütün zəruri texniki vasitələrlə (işıq, rabitə, musiqi vasitələri, səhnədə müxtəlif effektlər yaradan işıq filtrləri və s.) təchiz olunub. Kollektivimiz Mədəniyyət Na­zirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi bütün festival və müsabiqələr­də iştirak edir, həmişə də fərqlənir. Ötən ilin noyabrında teatrımız Türkiyə Cümhuriy­yətində “Ankara Uluslararası Teatro Festivalı”nda uğurla iştirak edib. Bu il teatr özünün 100 illik yubileyini keçirməyə hazırlaşır. Rejissorlar Səbuhi Əhmədov, Elmir Hümbətov, teatrın əsas aktyorları Əmək­dar artistlər Aidə Qasımova, Fəqumə Yusifova, aktyorlar Elşən Cavadov, Xəyalə Xu­dadatova, Cəfər Bayramov, Afaq Əliyeva, Elşən Cava­dov, Elman Məhərov, Fərhad Fərhadzadə, Hikmət Şirin, Afərdə Əhmədova, Sadiq Ba­ğırov, Zərifə Ağayeva, Ülviyyə Qasımova , Sərdar Əlizadə, Behbud Əsgərov, Camal Za­manov, Səda İbrahimov, Tu­ral Yusifov, Vüqar Mərdanov, Elgiz Mürşüdov, İxtiyar Məm­mədov, Hakim Cəfərli, Temur Kərimov, Rəmzi Gülməmmə­dov, Anar Əhmədov, Nuranə Əliyeva, Qalib Abdullazadə və başqaları yubileyə töhfələr vermək əzmindədirlər. Eyni zamanda Ağdam şəhərinə – yeni tikiləcək binaya köç­məyi səbirsizliklə gözləyirlər. 100 illik yubiley tədbirlərini isə ilin sonuna kimi qeyd et­mək nəzərdə tutulur. Hər kəs böyük həvəslə işləyir və yeni tamaşalarda oynamağa hazır­laşır. 

Əməkdar incəsənət xa­dimi Ağalar İdrisoğlu ilə də həmsöhbət olduq. Ağalar müəllim 1985–1988-ci il­lərdə Ağdam Dövlət Dram Teatrına rəhbərlik eləyib. Onun dedikləri:

– Həmin dövrü heç zaman yaddan çıxarmıram. O illərdə bir-birindən maraqlı 30-dan çox tamaşa hazırlayıb təqdim etdik. Həmin vaxt teatrın baş rejissoru işləyən Məmmədka­mal Kazımov, Mirzağa Əliyev adına Azərbaycan Dövlət İn­cəsənət İnstitutunda səhnə danışığı müəllimim olmuş Əməkdar artist Həsən Əbluc, Əməkdar incəsənət xadimi Oruc Qurbanov, Əməkdar artist Nazir Rüstəmov, rejis­sorlar Eyvaz Vəliyev, Cahid Hilaloğlu da tamaşalarımıza quruluş verirdilər. Mən özüm 16 tamaşaya, eləcə də Ağ­damda hər il keçirilən “Natə­van” qızlar bayramına, Novruz və Yeni il şənliklərinə quruluş verməyimi xoş xatirələrlə yada salıram. 

Hələ Birinci Qarabağ mü­haribəsindən əvvəl Ağdam te­atrı artıq respublika və ümum-ittifaq səviyyəsində yaxşı ta­nınırdı. SSRİ miqyasında ke­çirilən bir neçə festivalda işti­rak eləyib, mükafatlar aldıq. O vaxt teatrda Xalq artistləri Fatma Mahmudova, Svetlana Həkimova, Əməkdar artistlər Narınc Məlikova, Qurban Mir­zəyev, Tofiq Qarayev, Simuzər Namazova, Nazir Rüstəmov, Səkinə Süleymanova, Cəmilə Məmmədova, Aida Qasımo­va, Fəqumə Yusifova, aktyor­lar Bəylər Nəcəfov, Siyavuş Sultanov, Səyyaf Əlizadə, Vəlyəddin Quliyev, Vaqif Qa­sımov, Xanirə İsgəndərova, Elxan Mikayılov, Qabil İbra­himli, Nizami Avirə və başqa­larından ibarət çox istedadlı aktyor heyəti çalışırdı. Teatrın fədailəri – rəssamlar Çingiz Abdullayev, Elman Balakişi­yev, səs rejissoru Asif Şükü­rovla bir-birimizi yarı sözdən başa düşürdük. Məhz ona görə də hazırladığımız hər bir tamaşa Ağdamda, Qarabağda çox böyük maraqla və sensa­siya ilə qarşılanırdı.

Sonrakı dövrlərdə də mə­nim Ağdam teatrı ilə yaradıcı­lıq əlaqələrim sıx olub. 2019-cu ildə “Məhəbbətsiz həyat” pyesimə o vaxt bu teatrın baş rejissoru işləyən tələbə yolda­şım, Əməkdar artist Novruz Cəfərov “Qoşulub qaçan qız” adı ilə çox maraqlı bir quruluş verib. Tamaşanın Quzanlıdakı premyerasında həvəslə iştirak etmişəm. Ağdamın yenidən ağ damlara, saraylara çevrilməsi bizi hədsiz sevindirir. Ağdamın çox maraqlı Baş planı var. Qa­rabağın bel sütunu sayılan bu məntəqə tezliklə bölgədə ən füsunkar şəhər olacaq. Bu­rada çox gözəl bir teatr bina­sının inşası da plana salınıb. 100 yaşlı Ağdam teatrının xoş günləri hələ qabaqdadır.

Əli ƏLİYEV, “Xalq qəzeti”







Mədəniyyət