Yeni qadağalar etiraz doğuracaqmı?

post-img

70 maddədən ibarət yeni qanun layihəsində baş örtüyündən imtina edən qadınlar üçün daha böyük məbləğdə cərimələr və uzun müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Bundan sonra yeni qanun Konstitusiyanı Qoruma Şurasına təqdim olunacaq. Həmin şura İranın Ali dini lideri Əli Xameneinin təyin etdiyi ruhanilərdən və hüquqşünaslardan ibarətdir. 

Bu barədə məlumat yayan CNN te­lekanalı bildirir ki, yeni qanuna əsasən, qaydanı pozanları 10 ilə qədər həbsxa­na cəzası, yaxud 360 milyon rial (7.800 avro) cərimə gözləyir. Yəni, əvvəlki qa­nunla müqayisədə cərimənin miqdarı min (!) dəfə artırılıb. Bundan savayı, yeni qay­dalara riayət etməyən tanınmış şəxslərə və ya şirkətlərə qarşı tətbiq olunacaq cə­zalar xeyli sərtləşdirilib. Hətta indi qayda pozucularını aşkar etməkdən ötrü süni intellekdən istifadə üsulları da nəzərdə tutulub.

Qanunların sərtləşdirilməsinin konk­ret səbəbi göstərilməsə də, bu addım ötən il 22 yaşlı Mahsı Aminenin polis idərəsində ölümündən sonra başlayan və uzun müddət səngiməyən kütləvi etiraz aksiyalarına rəsmi Tehranın cavabı kimi qiymətləndirilir. Qeyri-rəsmi məlumatlara əsasən, həmin etiraz aksiyalarında 500-dən çox adam öldürülüb, 10 mindən artıq yerli sakin həbs edilib. Amma buna bax­mayaraq İranda qadınların baş örtüyünə qarşı mübarizəsi davam edir. 

Bəs indi nə baş verəcək? Cəmiyyət rejimin sərtləşdirdiyi qaydalara, bununla bağlı həyata keçirəcəyi tədbirlərə tabe olacaqmı? Bu suallara aydınlıq gətir­məyə çalışan Rusiya EA Şərqşünas­lıq İnstitutunun böyük elmi əməkdaşı Lana Ravandi-Fedai əsas problem kimi İranda baş örtüyü ilə bağlı azad sosioloji sorğular keçirməyin mümkünsüzlüyünü qeyd edib. O, İranda qadınların çarşaba münasibətinin real statistikasının bilin­mədiyinə diqqəti çəkir: “Rəsmən hesab olunur ki, əgər ölkədə əhalinin böyük əksəriyəti müsəlmandırsa, deməli, qa­dınların və qızların əksəriyyəti başlarını örtməyi normal sayır. Amma əminliklə deyə bilərik ki, İranın böyük şəhərlərində, əxlaq polisinin əli çatmayan rayonlarda qadınların çoxu çarşabı ya sərbəst for­mada örtürlər, ya da onu, ümumiyyətlə, başlarına bağlamırlar”. 

Rusiyalı alimin fikrincə, başlarını örtməyən qadınların heç də İslamdan uzaqlaşdığını düşünmək olmaz. Onlar qəlblərində Allaha inamlarını qoruyub saxlaya bilər, amma bu zaman dinə modern baxışlara sahib olduqlarını, orta əsrlərdən qalma qaydalara riayət etmədiklərini büruzə verirlər. 

Ravandi-Fedai belə təmayüllərin mövcud rejim üçün arzuolunmaz nəti­cələrə gətirib çıxara biləcəyinə də işarə vurur: “Bu o deməkdir ki, İranda rejimin ideologiyasının başlıca sütunlarından biri qəfildən laxlaya və hakimiyyətin daya­nıqlığına mənfi təsir göstərə bilər”. Alim yeni hüquqi-siyasi şəraitdə İranda kütləvi etirazların bərpa olunub-olunmayacağını bir sıra amillərdən, hər şeydən əvvəl iq­tisadi sabitlikdən asılı olacağını söylədi. 

Məsələyə münasibətini bildirən Ye­rusəlimdəki Asiya və Afrika İnstitutu­nun müəllimi, elmlər doktoru Vladimir Mesamed hesab edir ki, İranda qadınla­ra qarşı tətbiq olunan dini məhdudiyyətlər olduqca ciddi şəkil almaqdadır.

“Orada qayda pozuntularına ən yük­sək səviyyədə nəzarət edilir. Bunu İran mediasından da görmək mümkündür. Mi­sal üçün, avqustun 22-də Fars informasi­ya agentliyi yazmışdı ki, çarşab mövzusu mövcud İslam hökumətinin başlıca prio­ritetlərindən biridir. Elə sonuncu qanuna nəzər yetirsək görərik ki, ona bir ay ərzin­də parlamentdə, İslam Şurası Məclisində baxılıb. Qanuna salınmış 20 yeni maddə yalnız baş örtüyünə riayət olunması ilə bağlıdır. Məhdudiyyətlər məsələsi quru­luşun əxlaqının göstəricisidir və bu sə­bəbdən ona dini idarəetmənin əsasları kimi baxırlar”. 

Gələn xəbərlərə görə, indi İranda baş örtüyü qaydasını tam gözləməyən bir çox təşkilatları iş lisenziyasından məhrum edirlər, müəssisə və idarələri bağlayırlar. Avqustun 21-də belə bir informasiya ya­yıldı ki, Təbriz Universitetinin mədəniyyət fakültəsində, onun yataqxanasında tətbiq olunan qaydaya görə, qız tələbələr bina­dan gün ərzində yalnız 1 saatlığa bayıra çıxa bilərlər. Bununla bağlı “Iran Press News“ qəzeti yazıb ki, bu məhdudiyyət İran həbsxanalarında məhbuslara qar­şı irəli sürülən tələblərdən daha sərtdir. Hazırda Tehran rejiminin problemi ni­zamlamağa çalışdığına diqqəti yönəldən Vladimir Mesamed güman edir ki, gənc qadının polis idarəsində ölümünün ildö­nümünə hazırlıq gedir və etirazların yeni­dən kütləvi hal ala biləcəyi gözləniləndir. 

Ümumiyətlə, son vaxtlar İİR-də baş örtüyündən istifadə olunmaması halları kifayət qədər geniş yayılıb. Amma aydın­dır ki, əgər yeni qanun qüvvəyə minsə, yeni məhdudiyyət və tələblər cəmiyyətin müəyyən qismində qorxu əmələ gətirə­cək. 

“Hərçənd artıq İranda etiraz aksiyala­rına qoşulmaqdan qorxmayan qadınların sayı xeyli artıb. Amma onu da nəzərə al­maq lazımdır ki, yeni qanun layihəsi çox sərt və qəddardır. Onun sonuncu mər­hələdən – Müşahidə Şurasında baxış­dan keçməsi qalıb. Həmin Şura əsas etibarı ilə hüquqi sistemin mühafizəkar nümayəndələrindən ibarətdir və yeni qa­nunu yekdilliklə qəbul edəcəklər”. 

Asiya və Afrika İnstitutunun müəllimi­nin bu qənaətində nə qədər haqlı olduğu­nu yaxın vaxtlarda görəcəyik. 

Hazırladı:
İ.HƏSƏNQALA,
“Xalq qəzeti”

Sosial həyat