Ekran sənətimizin 60 yaşlı yaradıcılıq birliyi

post-img

Bu il ekran sənətimiz üçün yetərincə əlamətdar ildir: Azərbaycan kinosunun 125, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) isə 60 yaşı tamam olur. Keçilən yola nəzər salanda milli kinomuzda xeyli fəxr ediləsi məqamların olduğu aşkar görünür. 

Bakı hələ 1898-ci ildə kinematoqrafi­ya ilə tanış olmuş, yeni əsrin əvvəllərindən neft sənayesinin inkişafı sayəsində təkcə Qafqazın yox, həm də Rusiya imperiyasının fəal kino mərkəzinə çevrilmişdir. İlk sənəd­li çəkilişlər, kino aparatlarının satışı, prokat kontorlarının açılışı, kinoteatrların inşası, ilk bədii film istehsalı cəhətdən də paytaxtımız ön sırada idi. Qafqaz və Orta Asiyada, hətta Yaxın Şərqdə ilk kino istehsalı şirkəti – Piro­ne qardaşlarının “Filma” aksioner cəmiyyəti də məhz Bakıda yaranmışdır. Regionda ilk dəfə bədii filmlərin çəkilişi burada gerçək­ləşmişdir. İlk sənət birliklərinin məhz Bakıda meydana gəlməsi də qətiyyən təəccüb doğur­mamalıdır.

1918-ci ildə kinematoqrafiyada çalı­şan qüvvələrin birləşməsi baş verdi – Bakı şəhərinin kinematoqrafiya və teatr qulluq­çularının ittifaqı təşkil edildi. Bu, o zamanın ən diqqətəlayiq hadisələrindən idi. İttifaqa görkəmli aktyor və rejissor Abbas Mirzə Şə­rifzadə başçılıq edirdi. Kino işçilərinin peşə birliyi siyasi qarışıqlıq dövründə ekran və səhnə xadimlərinin öz hüquqlarını müdafiə etmək, kinoteatrların və teatrların fəaliyyəti­ni canlandırmaq, rejissor və aktyorların gün­dəlik problemlərini yoluna qoymaq, tədricən bütün kino və teatr sənətçilərini əhatə etmək yönümündə mümkün olan tədbirləri görürdü. Məhz həmin tədbirlər nəticəsində dövrün mürəkkəb hadisələrindən az itkiylə çıxmaq mümkün olmuşdu. 

1925-ci il martın 25-də Bakıda da Azər­baycan İnqilabi Kinematoqrafçılar Assosia­siyasının yaradılması məqsədilə şəhər kino işçilərinin və kino həvəskarlarının yığıncağı keçirilmişdir. Yığıncaqda sovet kinematoq­rafiyasının vəziyyəti və vəzifələri müzakirə olunmuş, Moskva qurumunun proqramı əsa­sında Azərbaycan İnqilabi Kinematoqrafçı­lar Assosiasiyası (Az.İKA) yaradılmasının zəruriliyi qeyd edilmişdir. Lakin o dövrdə sovet kinosunda hələ də idarəetmə sisteminin kifayət qədər formalaşmaması üzündən, həm də sənətçilər totalitar rejimi tam qəbul etmə­diklərinə görə, həmin təşkilat qısa müddət sonra “öz işlərini qura bilmədikləri” bəhanəsi ilə ləğv edilmişdir. Ekran sənətinin və kino xadimlərinin taleyi sovet dövründə incəsənət idarələri, kinematoqrafiya komitələri və na­zirlikləri yanında yaradılmış kollegiyalardan, əslində isə, Sov.İKP MK və müttəfiq respub­likaların MK-larının təbliğat-təşviqat və mə­dəniyyət şöbələrindən asılı olmuşdur. 

1956-cı ildə İ.Stalinin “şəxsiyyətinə pərəstiş”in nəticələri aradan qaldırılmağa başlayanda, totalitar düşüncə tərzi bir qədər mülayimləşəndə kinematoqrafçılar fəallaş­mışlar. Nəhayət, İ.Pıryevin rəhbərliyi al­tında yaradılmış təşəbbüs qrupu 1957-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə ki­nematoqrafçılar ittifaqlarının yaradılması barədə rəsmi “xeyir-dua” almışdır. Həmin ilin dekabrında Lətif Səfərovun rəhbərliyi altında Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosu yaradılmış, ekran sənəti birliyinin təsis edilməsi uğrunda çətin mübarizə başlanmışdır. Lakin ölkənin siyasi rəhbərliyinin kinematoqrafçılar təşkilatının yaranmasına soyuq münasibəti bu prosesin bir qədər də uzanmasına səbəb olmuşdur. 

Nəhayət, 1963-cü il yanvarın 9–11-də keçirilən təsis qurultayında Kinematoqraf­çılar İttifaqı rəsmi status almışdır. Həmin vaxtdan da qurum qarşısında qoyulan ideo­loji tələblərə baxmayaraq, Azərbaycan ekran sənətinin təbliği, inkişafı, kino xadimlərinin maddi və mənəvi cəhətdən stimullaşdırılması yönümündə davamlı xidmət göstərir. İttifaq respublikada kinoya inzibati rəhbərliyi hə­yata keçirən Mədəniyyət Nazirliyi, Dövlət Kinematoqrafiya Komitəsi, film istehsalı ilə məşğul olan C.Cabbarlı adına “Azərbaycan­film” kinostudiyası ilə birgə milli kinomuzun formalaşmasına və inkişafına öz töhfəsini verir.

Təşkilatlanma prosesini və Lətif Səfəro­vun fəaliyyətini nəzərə almasaq, AKİ-nin rəsmən mövcud olduğu, az qala, 60 il ərzin­də quruma yalnız 2 görkəmli sənət adamı – Həsən Seyidbəyli və Rüstəm İbrahimbə­yov başçılıq etmişlər. Lətif Səfərov İttifaqın özülünü qoymuşdursa, Həsən Seyidbəyli ilə Rüstəm İbrahimbəyov dövrün tələblərinə uyğun inkişaf naminə əllərindən gələni əsir­gəməmişlər. Milli kinomuz Azərbaycanın hü­dudlarından kənarda da tanınmışdır.

Beləliklə, bütün dövrlərdə AKİ daim yeni nəsil kinematoqrafçıların üz tutduğu yer, ki­nomuzun və ekran ustalarımızın maraqları­nı qoruyan mərkəzə çevrilmişdir. Xüsusilə 1960-cı illərin sonlarında və 1970–1980-ci illərdə kinomuzun inkişafında şəxsiyyət amilinə böyük diqqət verilmişdir. Azərbay­can KP MK-nın birinci katibi Heydər Əliyev daim bu qurumun qurultay və plenumlarında iştirak etmişdir. Onun təşəbbüsü və himayəsi ilə “Azərbaycanfilm” kinostudiyasının mad­di-texniki bazasının möhkəmləndirilməsi haqqında xüsusi qərar qəbul edilmiş, “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Axırıncı aşırım”, “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Nə­simi”, “Ad günü”, “İstintaq” kimi sanballı ekran əsərləri yaradılmışdır. O dövrdə ekran sənətçiləri yüksək fəxri adlara və mükafatlara layiq görülmüşlər. “Mozalan” satirik kinojur­nalı, Kinoaktyor Teatrı, “Debüt” yaradıcılıq birliyi təşkil edilmişdir. Moskva Ümumit­tifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan kursu açılmış, kino mətbuatı­nın fəaliyyəti təmin olunmuşdur. Ölkəmizdə ümumittifaq kino və televiziya filmləri festi­valları keçirilmişdir. 

AKİ müstəqillik dövrünə yeni nizam­namə ilə yanaşı, müasir fəaliyyət istiqamət­ləri ilə qədəm qoydu. Azərbaycan kinosunun inkişafı sahəsində qanunların qəbulu, daha sonra, dünyada mədəniyyətimizə şöhrət gə­tirən Beynəlxalq “Şərq-Qərb” kimi kino­festivalların keçirilməsi, Beynəlxalq Kino Məktəbinin yaradılması, çoxsaylı layihələrin gerçəkləşdirilməsi AKİ-nin təşkilatçılıq po­tensialının nəticəsi idi.

Müstəqillik illərində ölkə rəhbərliyinin milli mədəniyyətimizin vacib sahəsi olan ki­nematoqrafiyaya diqqət və qayğısı daha da artdı. 

Azərbaycan mədəniyyətinin hamisi Hey­dər Əliyev və onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kino sənətimizin daha da inkişafı üçün böyük xidmətlər göstərdilər. Artıq neçə illərdir ki, kino sahəsinin struktur və idarəetmə cəhət­dən təkmilləşdirilməsi yönümündə ardıcıl və məqsədyönlü addımlar atılır. Kino istehsalı­na dövlət dəstəyinin həcmi get-gedə artırılır, Mədəniyyət Nazirliyinin xətti ilə festival­lar və müsabiqələr keçirilir. Kadr hazırlığı məsələsi diqqət mərkəzində saxlanılır, ekran ustalarımızın səsi dünyanın çox nüfuzlu fes­tivallarından gəlir. AKİ də öz ənənələrinə sa­diq qalaraq, hər zaman bu prosesdə fəal rol oynayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı, eyni zamanda, ölkənin digər yaradıcılıq və ictimai təşkilatları dövlət orqanları ilə birgə milli mədəniyyətimizin inkişaf konsepsiya­larının işlənib hazırlanmasında da yaxından iştirak edir. Bu yaxınlarda Xalq artisti Rasim Balayevin rəhbərlik etdiyi AKİ ilə Xalq ar­tisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsi təşəbbüs və yaradıcılıq səylərinin əlaqələndirilməsi baxımından zə­ruri sayıldı. Yeni təşkilat Azərbaycan Yazıçı­lar Birliyinin sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi adlan­dırılıb. İnanırıq ki, vahid, yeni idarəetmə qu­rumu milli kinomuzun peşəkarlıq ənənələrini bundan sonra da layiqincə davam etdirəcək. 

Nəriman ƏBDÜLRƏHMANLI,
yazıçı-publisist

Mədəniyyət