Güneydə milli haqlar uğrunda dönməz mübariz

post-img

Azərbaycanın güneyində və quzeyində adı eyni sevgi və ehtiramla anılan milli ziyalılardan biri də Məhəmmədtağı Zehtabidir. “Coşğun vətənsevər və millət fədaisi” sayılan görkəmli tarixçi-filoloqun ömür yolu Azərbaycanın bütövlük məfkurəsinin formalaşması uğrunda mübarizənin ön sıralarında keçib.

Məhəmmədtağı Məmmədəli oğlu Zehtabi 1923-cü ilin dekabrın 13-də Güney mahalının Şəbüstər şəhərində sənətkar ailəsində doğulub. O, 1930–36-cı illərdə təzə açılmış dövlət məktəbində oxuyub, 1938-ci ildən təhsilini Təbrizdəki Firdovs mədrəsəsində davam etdirib. Bu dövrdə şeir yazmağa başlayan Məhəm­mədtağı həmyerlisi, satirik şeirlərilə xalqının məhəbbətini qazanmış Mirzə Əli Möcüz Şəbüstərinin təsiri ilə qələmə aldığı tənqidi mənzumələrini 1941-ci ildə Təbrizdə çıxan “Azərbaycan” və “Xavəri no” qəzetlərində çap etdirib. Yaradıcılığa farsca başlasa da, az sonra ana dilində yazıb-yaradıb, ərəb və fransız dillərini də öyrənib.

Zehtabi haqqında portret yazının müəllifi türkoloq Əli Şamil qeyd edir ki, İkinci Dünya savaşında güneydən gələ biləcək faşizm təhlükəsindən qorunmaq adı altında sovet ordusunun 1941-ci ilin avqustunda İrana daxil olması, hərbi kon­tingetin tərkibində Bakıdan ezam edilmiş ziyalıların Təbrizdə, Urmiyədə, Zəncan­da, Ərdabildə və başqa şəhər və kənd­lərdə apardığı iş, anadilli mətbuatın, te­atrın, konservatoriyanın yaradılması yerli aydınları ana dilində yazıb-yaratmağa və tarixlərinə sahib çıxmağa həvəsləndir­mişdi. Belə bir şəraitdə mədrəsə məzu­nu Məhəmmədtağı 1941-ci ildə Təbrizdə Rüşdiyyə məktəbində müəllimliyə başla­yır. 

1945–46-cı illərdə Təbrizdə Milli Hö­kumət qurmuş Azərbaycan Demokrat Firqəsi gənclər təşkilatına rəhbərlik etmiş Zehtabi Təbrizdə açılmış milli universitetə daxil olub. Milli haqları gerçəkləşdirən mühitin təsiri ilə Məmmədtağı yazdığı “Cavanlar” şerini 1945-ci ildə “Azərbay­can” qəzetində çap etdirib. 1946-cı ilin dekabrın 12-də Milli hökumət qan içində boğulan zaman onun rəhbərlərinə və fəallarına qəddarlıqla divan tutulduqda 23 yaşlı Məmmədtağı 2 il gizli yaşayaraq ictimai-siyasi fəaliyyətini davam etdirib.

Məmmədtağı Zeytabi İranda şah re­jiminin hökm sürdüyünü, ictimai-siyasi fəaliyyətlə açıq məşğul olmağın və milli dildə ali təhsil almağın mümkün olmadı­ğını görüb 1948-ci ildə gizli yolla “azadfi­kirlilər ölkəsi” kimi tanıdılan SSRİ-yə üz tutub. Sovet Azərbaycanına gələn Məm­mədtağının ümidləri puça çıxıb. Sərhədi keçən kimi onu həbs ediblər. Məsləkdaşı olduğu Tudə və Azərbaycan Demokrat firqələri isə onu müdafiə etməyib. “Sovet sərhədlərini pozmaqda” Sibirə göndərilir. Gənc vətənpərvər bu haqsızlığı həbsxa­nada belə ittiham edir:

Azad doğulan insana qandal nə gərəkdir?

Qandalları qırmışlara zindan nə deməkdir?

Dünya nələrin var? Əfsanələrin var?

Biçarə bəşər, ölçüyə gəlməz kədərin var.

3 il həbs cəzasına məhkum olmuş Məmmədtağı Zehtabinin Sibirə gedişi və dönüşü 4 il çəkib. O, burada rus dilini öyrənib, orta təhsil alıb. Bakıya dönən gənc şair 1954-cü ildə Azərbaycan Döv­lət Universitetinin filologiya fakültəsinə daxil olub. Şərq dillərini və ədəbiyyatını dərindən bilən tələbəni sonuncu kur­sda oxuduğu ali məktəbin şərqşünas­lıq fakültəsinin ərəb dili bölümünə dərs deməyə dəvət ediblər.

1971-ci ilədək Bakıda yaşayan və universitetdə dərs deyən Zehtabi “Əbu Nəvasın həyatı və yaradıcılığı” mövzu­sunda elmi araşdırma aparıb və filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

Əli Şamil qeyd edir ki, sovet rejiminin ikiüzlü siyasətindən cana doyan Zehtabi 1971-ci ildə İraqa mühacirətə getməyə məcbur olub. O, Bağdad Universitetində əski türk və fars dillərindən dərs deyib. Az zamanda istedadlı şərqşünas kimi ta­nınıb, Bağdad Universitetinin prоfеssоru seçilib.

Universitetdə dərs deməklə yanaşı, ictimai-siyasi fəaliyyətini də davam et­dirən Zehtabi şah rejimindən qaçıb xarici ölkələrdə təşkilatlanan həmyerliləri ilə sıx əlaqə qurub, Güney mühacirlərinin onla­rın nəşr edilən “Ərk” jurnalına redaktor­luq edir. O, Bağdadda 5 dildə nəşr olunan “İmmihad yolu” qəzetinin də redaktou olub və burada şeir və məqalələrini çap etdirir. İraqda yaşadığı illərdə Zehtabinin Berlində “Bəzz qalası”, İstanbulda “Celik əfsanəsi”, Bağdadda fars dilində yazdı­ğı “İran şahlarının 2500 illik cinayətləri” və ana dilində yazdığı “Pərvanənin sər­güzəştləri” kitabları işıq üzü görüb. İraq­da yaşadığı 8 il, senzor nəzarəti altında olsa da, yaradıcılığının ən məhsuldar dövrü olub.

Yurdsevər ziyalının bu dövr həyatın­dan bəhs edən Əli Şamil göstərir ki, İran­da şah rejimini devirən inqilab Zehtabini və mühacirətə getmiş bir çox ictimai-siya­si xadimi, elm adamını yeni mübarizəyə ruhlandırır. Onlar vətənlərini demokratik bir ölkəyə çevirmək, xalqlarının firavan yaşamasını təmin etmək üçün Vətənə dönürlər.

1979-cu ilin iyunun 23-də, 31 illik ay­rılıqdan sonra Güneyə qayıdan Zehtabi siyası burulğana düşüb. Belə bir qarışıq vaxtda o, ictimai-siyasi fəaliyyətini davam etdirməklə yanaşı, Təbriz Universitetində türk və ərəb dillərindən dərs deməyə başlayıb. Bağdadda çap olunmuş “Pər­vanənin sərgüzəştləri” şeirlər kitabını 1980-ci ildə Təbrizdə də nəşr etdirib.

Şairin Pəhləvi rejiminin türk dilinə qənim kəsilməsinə etiraz olaraq yazdığı “Sən osan, mən buyam” adlı şeiri İslam rejimi zamanı da dillər əzbərinə çevrilib:

Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,

Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.

İlk dəfə ki, çörək verdi mənə, nan demədi,

Əzəlində mənə duzdanə nəməkdan demədi.

Uzun illər Güneydə xalqın başına min bir oyun açmış şah rejiminin antitürk siyasətini hakimiyyətə gəlmiş din xadim­lərinin dvam etdirdiyini, verdikləri vədi unutduqlarını görən Zehtabi milli haqlar uğrunda mübarizəsini davam etdirib. O, “Fars dili İranda yaşayan başqa millətlə­rin dilindən üstündürmü?” adlı kitabçasını yazaraq Tehranda və Təbrizdə yayıb.

Yeni hakimiyyətə gələn din xadim­ləri Zehtabinin apardığı təbliğatın onla­rın yeritdiyi siyasətlə uyğun gəlmədiyini görərək 1981-ci ildə alimi həbs ediblər. 4 illik istintaqdan sоnra onun hər hansı bir təşkilat və siyasi partiya ilə bağlılığı­nı sübut edə bilmədiklərindən azadlığa buraxıblar. Zehtabı ölkədəki müxalif fi­kirlilərə qəddarlıqla divan tutulduğuna, islam rejimi mövqeyini möhkəmlətdiyinə görə mübarızə metodunu dəyişib.

Şəbüstərdə ata mülkündə yaşayan Zehtabi keçmiş mübarizələrin tarixini dərindən öyrənir və təhlil edib. O yəqin edib ki, ana dilində təhsil görməmiş, milli şüura yiyələnməmiş insanlar milli döv­lət qura birmirlər. Qısa müddətdə qaza­nılmış uğurlar da əldən çıxır. Odur ki, Zehtabi Şəbüstərdə və Təbrizdə kurslar açaraq gənclərə ana dilini, milli tarixi öy­rətməyə başlayıb.

Görkəmli filoloq 1991-ci ildə Təbriz­də “Azərbaycan dilinin qrammatikası” və “Müasir Azərbaycan ədəbi dilinin fone­tikası”, 1992-ci ildə “Elm ül maani (se­mantizm)” və “Müasir Azərbaycan dilinin morfologiyası”, 1993-cü ildə “Qoy olsun on!” adlı hekayələr kitabını nəşr etdirib. Zehtabiyə böyük şöhrət qazandıran isə ikicildlik “İran türklərinin əski tarixi” kitabı olub. “Varlıq” jurnalında və başqa mətbu­at orqanlarında onlarla məqalə, hekayə və şeir çap etdirən, gənc nəsilə ana di­linin düzgün yazı qaydalarını öyrədən Məmmədtağı Zehtabı milli haqlar uğrun­da mübarizəni son nəfəsinədək davam etdirib. 

Məhəmmədtağı Zehtabinin bioqraf­ları bildirirlər ki, 1998-ci ilin dekabrın 23-də Avropa səfərindən qayıtdıqan bir gün sonra milli haqlar uğrunda dönməz mübariz, məfkurə qəhrəmanı sayılan bu nadir ziyalı Şəbüstərdəki ata-baba mül­kündə şübhəli şəkildə dünyasını dəyişib. Onun səpdiyi toxum isə yalnız İran türk­ləri arasında deyil, Türk dünyasında da yayılıb cücərir.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”

Sosial həyat