İranda Zəngəzur dəhlizinə ikili münasibət

post-img

2020-ci ilin payızında Azərbaycanın apardığı müqəddəs Vətən müharibəsinin 44 gündə Qarabağı və Şərqi Zəngəzuru 30 illik işğaldan azad etməsi ilə nəticələnməsi qonşu İranın Ermənistanla yaxın münasibətlərində ölkəmizə qarşı yeni ortaq cəbhə açdı. İşğalçı ölkə ilə müttəfiqliyin Azərbaycana qarşı cızdığı qırmızı xətlərdən biri də İslam dövlətinin Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyanın açılmasını inadla əngəlləmək siyasəti oldu.

Müharibədə Ermənistan təslim aktı olan 2020-ci ilin 10 noyabrda Azərbay­can, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəya­natın 9-cu bəndi, o cümlədən sənədin nəqliyyat əlaqələri ilə bağlı müddəası (“Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliy­yat kommunikasiyalarının inşası təmin ediləcəkdir”) İranda ciddi narahatlıqla qarşılanmışdır. 

Diqqət edildikdə aydın görünür ki, İra­nın çəkdiyi qırmızı cizgilərin nə bir geosi­yasi, nə siyasi, nə də real əsası yox idi. Çünki Azərbaycanın İrana münasibətdə nə işğalçılıq, nə sərhədlərin dəyişdiril­məsi kimi planları yox idi. İranın cizgilər, xüsusən sərhədlərin dəyişməməsi ilə bağlı qırmızı xətti onun Qafqaz siyasə­tinin nə qədər məkrli olduğunu bir daha əyani nümayiş etdirir. İran Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal edilməsinə, sərhədinin 132 kilometrinin faktiki dəyişməsinə, yəni Ermənistan si­lahlı qüvvələrinin nəzarətinə keçməsinə 30 il zahirən səssiz qalıb. Bu ölkə həmin vəziyyətlə nəinki razılaşıb, hətta təcavüz­kara hərtərəfli dəstək verib. Azərbaycan ermənilərin sərhədinin bir metrini belə öz nəzarəti altına almadığı halda, İran ölkəmizin Ermənistana təcavüzü barədə xəbərdarlıq edirdi.

İran unudur ki, Azərbaycanın qələbə­si nəticəsində artıq yeni geosiyasi reallıq yaranmışdır. Onu görmək istəməmək, qəbul enməmək iddiasına düşmək Azər­baycana qarşı düşmənçilik münasibəti sərgiləməkdən başqa cür dəyərləndirilə bilməz. Ədalət naminə demək lazımdır ki, İranda Zəngəzur dəhlizinə münasi­bətdə prezident H.Ruhani hökumətinin (2013-2021) fəaliyyətinin sonuna (iyun 2021) kimi 2 mövqe mövcud idi. Hökumət nümayəndələrindən bəzilərinin yumşaq müsbət, silahlı qüvvələri təmsil edən və birbaşa ali siyasi Rəhbərə tabe olan SE­PAH kimi qoşun növləri komandanları­nın və onlara yaxın dairələrin isə radikal mənfi münasibəti açıq-aydın seçilirdi.

Azərbaycanın Vətən müharibəsində qələbəsini təsbit edən 10 noyabr üçtərəfli bəyanatını şərh etməyə başlayan İranın həm rəsmi, həm özəl media qurumla­rı, ekspertlərin bir çoxu ölkəmizin qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək nəq­liyyat-kommunikasiya əlaqəsi haqqında bir sıra həqiqətə uyğun olmayan fikir və şayiələr yaymış, İran hökuməti də həmin mövqeyə seyrçi mövqe sərgiləmişdir. 13 noyabr 2020-ci il tarixində İİR Xarici İşlər nazirinin siyasi işlər üzrə müavini Seyid Abbas Əraqçi gələcəkdə açılacaq Zəngəzur dəhlizi haqqında danışarkən demişdir: “İranın Ermənistan və Azər­baycana tranzit marşrutu dəyişmir. Nax­çıvan–Zəngəzur yolu ilə bağlı şayiələr əsassızdır. Geopolitik dəyişiklərdən söz getmir. İran–Ermənistan sərhədi yerin­dədir”.

15 noyabr 2020-ci il tarixində məsələyə daha pozitiv yanaşma sərgilə­nir. Belə ki, İran saytlarından birində yer­ləşdirilmiş “Sülh dalanı –bölgə əməkdaş­lığının genişləndirilməsi üçün irəli sürülən təşəbbüs” adlı yazıda dəhlizin Ermənis­tan–İran sərhədini bağlamadığı vurğula­nır. Belə tranzit marşrutların çox olması arzusu ifadə edilir və göstərilir ki, bunlar: “Sülh dəhlizləridir. Çünki əməkdaşlığı asanlaşdırır. İran əməkdaşlığın inkişafına dair kompleks plan üzərində işləməlidir”.

İİR hökuməti dəhliz məsələsi ətra­fında yaradılan hay-küyə aydınlıq gətir­məkdə davam edirdi. 18 noyabr 2020-ci il tarixində hökumətin rəsmi orqanı olan “İRNA” (İslam Respublikasının Xəbər agentliyi) saytında gedən “Qarabağ atəşkəsi və Zəngilan–Naxçıvan dəhlizi haqqında gerçəklər” adlı yazıda qeyd edildi ki, İran ilə Ermənistan arasında sər­hədin əldən getməsi haqqında şayiənin heç bir əsası yoxdur. İran ilə Azərbay­can arasında yeni keçid yaranacaq. Azərbaycan əməkdaşlıqda qərarlıdır. 

Zəngəzur dəhlizinin İranın geosiyasi, geoiqtisadi mövqeyini zəiflədəcəyi barə­də hay-küyə cavab olaraq qeyd edilirdi ki, kiçik bir dəhliz İranın əhəmiyyətini azaltmaz. Əksinə, bundan Azərbaycan–İran əməkdaşlığı daha çox mənfəət əldə edəcək. 21 noyabr 2020-ci il tarixində İran saytlarından birində “Regionda ya­ranmış yeni reallıqlar haqqında” yazıda qeyd edilirdi ki, Naxçıvan yolu regional əlaqələrdə fundamental dəyişikliklərə sə­bəb olmayacaq.

İranda hökumətin (İcra hakimiyyə­tinin) səlahiyyət və imkanları məhdud olduğundan, bir neçə qərar qəbuletmə mərkəzinin varlığı və Rəhbərə birbaşa tabe qüvvələrin müstəqil və bir çox hal­larda hökumətin (islahatçı və ona yaxın dairələri təmsil etdiyi vaxtlarda) xəttinə zidd, onun mövqeyinin zəiflədilməsinə yönəlmiş siyasət yeritməsi bu ölkənin Azərbaycan siyasətində şovinist-millətçi, imperiya düşüncəli təcavüzkar dairələrin yeritməkdə olduğu siyasətin üstünlük qa­zanmasına şərait yaradırdı.

İranda qeyd edilən, xüsusən güc strukturlarını təmsil edən dairələr və on­ların informasiya agentlikərində dəhliz məsələsinə uydurma təhlükə prizma­sından yanaşılması, onun, guya, İranın tranzit, nəqliyyat, infrastruktur sahələri, milli təhlükəsizlik və s. üçün təhdid təş­kil etdiyi iddiası davam etdirildiyindən artıq hökumət həmin məsələyə münasi­bət bildirməkdən vaz keçirdi. Çünki hələ müharibə dövründə formalaşan radikal anti-Azərbaycan ideologiyası tərəfdarla­rı hökumətin mövqeyinə və dediklərinə əhəmiyyət vermirdilər.

13-cü prezident seçkilərində (yay 2021) qalib gələn radikal mühafizəkarla­rın təşkil etdiyi hökumət işə başayandan sonra (13 avqust) hökumət (İcra hakimiy­yəti) ilə digər radikal dairələr arasında fi­kir və mövqe ayrılığına son qoyulmuş və artıq bütün hakimiyyət vahid cəbhədən çıxış etməyə başladı. Ona görə də rəs­milər, hakimiyyəti təmsil edən ekspertlər və media nümayəndələri Zəngəzur dəh­lizi ilə bağlı mənfi rəy formalaşdırmaqda davam edirdilər. Yeni hökumətin 2022-ci ilin sonlarına qədərki fəaliyyəti ərzində İranda cəmi bir neçə dəfə dəhlizlə bağlı obyektiv mövqe müşahdə etmək müm­kün idi.

Birinci dəfə belə mövqe ekspert tərəfindən bəyan edilmişdir. 6 oktyabr 2021-ci il tarixində Türk və Qafqaz üzrə mütəxəssis - Seyid Əli Qaimməqaminin yazısında İran strateqlərinin qızışdırdığı əsassız iddialar – Süni–Qafan vilayəti­nin işğal ediləcəyi və Zəngəzur dəhlizi­nin işə düşməsi ilə Çinin “Bir kəmər, bir yol” layihəsinin aradan qalxacağı kimi fikirlər kökündən yanlış hesab edilirdi. Əksinə, Mərkəzi Asiya, Qafqaz və Tür­kiyənin həmin layihənin işə düşməsində maraqlı olduqları vurğulanırdı. Müəllif İranda məsələyə birtərəfli yanaşmanı mütəxəssislərinin ölkə ətrafında baş ver­miş məsələlərdən və regionun strateji məsələlərindən xəbərsiz və məlumatsız olmaları ilə izah edirdi.

Qeyd edilən dövrdə məsələyə ikinci dəfə obyektiv yanaşma müşahidə edi­lir. Belə ki 4 dekabr 2021-ci il tarixində “Trendnews” agentliyinə müsahibə verən İranın Azərbaycandakı keçmiş səfiri Möh­sün Pakayin deyir: “İran da Zəngəzur dəhlizindən istifadə edə bilər”. Sonra o əlavə edir : “Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin bir hissəsidir və onun canlan­dırılması İran-Ermənistan sərhədinə təsir etməyəcək. Tehran sovet dövründən qa­lan ənənəvi yolların dirçəldilməsinin əley­hinə deyil, hətta buna müsbət yanaşır”.

İrəli gedərək qeyd etmək lazımdır ki, həmin müsahibə haqqında məlumat verən İran saytı öz şərhində keçmiş sə­firin dediklərinə qarşı fikir bildirmişdir. Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı yeni hökumətin fəaliyyəti dövründə qeyd edilən nadir obyektiv mövqe müstəqil ekspertlər tərəfindən sərgilənmişdir və hakimiyyətin mövqeyinə heç bir təsir göstərmək imkanına malik deyildi. Bu­nunla da bizim ardıcıl izlədiyimiz 5 saytda Zəngəzur dəhlizi ilə bağlı az-çox obyek­yiv və müsbət yanaşmalar başa çatmış oldu.

Vidadi MUSTAFAYEV,
AMEA Şərqşünaslıq İnstitutu İran şöbəsinin müdiri, professor

Siyasət