“Heydər Əliyev ili” çərçivəsində 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günündə Göyçay şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
Məclisi giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbi dilinin saflığının qorunmasına, ana dilinin inkişafına və zənginləşməsinə daim diqqət və qayğı göstərməsindən söz açıb.
Respublikanın Əməkdar müəllimi Adil Məmmədov, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi İlahə Aslanova, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Aynur Əliyeva Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin məhz Ümummilli liderin səyi və təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi ilə gerçəkləşməsini vurğulayıblar.
Bildirilib ki, Heydər Əliyevin 2001-ci ilin 9 avqust tarixli Fərmanı ilə “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd olunur. Ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Ulu öndər bildirirdi ki, hansı ölkədə yaşamasından aslı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı və onları təbliğ etməlidir.
Sonda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda videoçarx nümayiş olunub.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri