Bakıda Özbəkistan Mədəniyyəti Günlərinə start verildi
Azərbaycanda və Özbəkistanda qarşılıqlı olaraq mədəniyyət forumlarının keçirilməsi Prezident İlham Əliyevin ötən ilin iyununda qardaş ölkəyə dövlət səfəri zamanı Prezident Şavkat Mirziyoyevlə görüşündə əldə olunmuş razılıq əsasında reallaşır. Qeyd edək ki, iki qardaş ölkə arasında mədəni əlaqələrin tarixi əsrlərcə əvvələ gedib çıxır.
Özbək ədəbiyyatının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alaraq onu “şairlərin şahı” adlandırması, XV əsrdən sonra isə Nəvainin əsərlərinin Azərbaycan ədəbiyyatına, o cümlədən Füzuli, Kişvəri kimi nəhəng Azərbaycan klassiklərinin yaradıcılığına təsirinin etirafı qürurverici faktlardır. Bu gün Daşkənd və Bakıda dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələri daim ziyarət edilir. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanıb, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyalarının bir-birinə qarşılıqlı təsir göstərdiyi vurğulanıb.
Dövlət başçımızın ötənilki Daşkənd səfəri zamanı Özbəkistan Prezidenti qardaş münasibətlərimizi xarakterizə edərək deyib: “Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verilir. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim”.
Bəli, hər iki xalq, beləcə, bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib.
Ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində özbək lideri Şərəf Rəşidovla, 90-cı illərdə isə İslam Kərimovla dostluğu bugünkü sıx mənəvi birliyimizin təməlini qoyub. Onlar birbaşa, möhkəm əlaqələr yaratmağa çalışırdılar. 1979-cu ildə Azərbaycanda keçirilən Özbəkistan ədəbiyyatı və incəsənəti günlərində Heydər Əliyev çox məşğul olmasına baxmayaraq, daim tədbirlərə qatılıb. Ondan 1 il sonra Özbəkistanda Azərbaycan ədəbiyyatı və incəsənəti günləri təmtəraqla keçirilib.
Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkəndin mərkəzində Ulu öndərin adına yaradılan meydanın açılışı onun ruhuna ehtiramın təzahürüdür. Həmin tədbirdə Özbəkistan Yazıçılar Birliyinin üzvü, əslən Şuşadan olan, hazırda Sırdərya vilayətində yaşayan, qardaş ölkənin “Dostluq” ordeni ilə təltif olunmuş şair Əli Nəzərli əlaqələrimizə yeni nəfəs, yeni ruh verildiyindən məmnunluğunu poetik dillə ifadə etdi:
Azərbaycan, Özbəkistan,
Bir ürəkdir, bir candır.
İkisi də bizim üçün
Əziz, doğma məkandır.
Müstəqillik illərində Azərbaycan-özbək elmi, ədəbi əlaqələri geniş araşdırılıb, bədii əsərlərin tərcüməsi həyata keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında əlaqələrin, xüsusilə də humanitar sahədə əməkdaşlığın əhəmiyyətini önə çəkib: “Biz ölkələrimiz arasında humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır".
Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda, özbək musiqisi isə Azərbaycanda çox məşhurdur. Təsadüfi deyil ki, ötən il əslən soydaşımız olan özbək müğənnisi Nəsibə Abdullayevaya Azərbaycanın “Xalq artisti” fəxri adı, eləcə də Haşimjon İsmayılov, Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə “Dostluq” ordeni verilib. Habelə Gülyanaq Məmmədova Özbəkistanın “Xalq artisti” fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova isə “Dostlik” ordeni təltif ediliblər. Eyni zamanda, ötən ilin oktyabr ayında Daşkənd, Buxara, Nəvai və Səmərqənd şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilib.
Bu günlərdə jurnalist dostlarımdan biri Bakının “Gülüstan” sarayında keçirilən özəl bir tədbirdə qardaş ölkənin Xalq artisti Yıldız Usmanovanın öz ansamblı ilə birlikdə necə parlaq çıxış etdiyindən heyranlıqla danışdı. Bizim musiqiçilərimiz də tez-tez rəsmi və ya fərdi qaydada Özbəkistana tədbirlərə, el məclislərinə dəvət olunurlar. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanla Özbəkistan necə canbir-qəlb, bağrıbadaş ölkələrdir.
Dünən axşam Heydər Əliyev Sarayında Özbəkistan Dövlət Simfonik Orkestrinin iştirakı ilə “Özbəkistan mədəniyyəti günləri”nin açılış mərasiminə həsr olunmuş konsert proqramı böyük təmtəraqla keçib. Bu gün mədəni forum çərçivəsində Azərbaycan Milli Kitabxanasında iki ölkənin mədəniyyət nazirlərinin “Özbək ədəbiyyatı guşəsi”nin açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi, özbək romantikasının banisi Abdulla Qadirinin “Ötən günlər” (“Otgan kunlar”) əsərinin Azərbaycan dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimat mərasimi keçiriləcək.
Ümumiyyətlə, “Özbəkistan Mədəniyyəti Günləri”nin zəngin proqramı var. Buraya Muqimi adına Dövlət Musiqili Teatrının kollektivi tərəfindən Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində “Otgan kunlar” (“Ötən günlər”) əsəri əsasında hazırlanmış tamaşanın, həmçinin Azərbaycan dramaturqu Məcid Şamxalovun əsəri əsasında hazırlanmış “Kaynona” (Qayınana) səhnə əsərinin nümayişi, özbək kulinariya və sənətkarlıq sərgisi, folklor ustalarının konsert proqramı və özbək plovunun paylanması mərasimi və s. daxildir.
İnanırıq ki, möhkəm təməllər üzərində bərqərar olan tarixi-mədəni əlaqələrimiz bundan sonra daha da genişlənəcək və zənginləşəcək.
***
Dünən Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi.
Məclisi giriş sözü ilə açan Azərbaycan Mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Özbəkistan arasında dərin bağlar olduğunu qeyd edərək, təkcə mədəniyyət sahəsində deyil, digər sferalarda da hərtərəfli əlaqələrdən söz açdı. Bildirdi ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq “sadəcə” ikitərəfli münasibətlərlə məhdudlaşmır, bir sıra beynəlxalq və yerli təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. Milli dəyərlərimizin və mədəniyyətimizin qorunub saxlanılması, qlobal miqyasda təbliği istiqamətində də birgə fəaliyyət göstəririk və beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik.
Sonra Özbəkistan Dövlət Simfonik Orkestrinin iştirakı ilə bu ölkənin əməkdar artisti, Azərbaycan Respublikasının “Dostluq” ordeninə layiq görülmüş dirijor Kəmaləddin Orunbayevin rəhbərliyi ilə mədəniyyət günlərinin açılışına həsr olunmuş konsert proqramına start verildi. Özbək incəsənət xadimlərinin ifasında hər iki qardaş ölkənin musiqisini və mədəniyyətini əks etdirən ifalar səsləndirildi.
Qeyd edək ki, avqustun 4-dək davam edəcək mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Fərrux Zakirov, Nəsibə Abdullayeva, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları azərbaycanlı sənətsevərlərin qarşısında çıxış edəcəklər.
Xalqımız özbək ədəbiyyatı, incəsənəti, mətbəxi və folklor nümunələri vasitəsilə qardaş ölkə mədəniyyətinin parlaq inciləri ilə tanış olmaq imkanı əldə edəcək.
Əli NƏCƏFXANLI,
Fidan HÜQUQQIZI,
Elşən AĞALAROV (foto),
“Xalq qəzeti”