Tarif (qiymət) Şurasının iyulun 31-də keçirilən növbəti iclasında daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər, həmçinin dərman vasitələrinin qiymətləri təsdiq edilib.
Tarif Şurasının katibliyindən aldığımız məlumata əsasən, yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulub. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunan ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50 faiz güzəşt tətbiq olunub. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi min kvadratmetrə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunub. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azaldılıb.
Şuranın qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunvericiliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib.
Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.
Tarif Şurasının iclasda, həmçinin yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiqlənib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınan 47 dərman vasitəsinin qiymətində isə Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı ilə təsdiqlənən Qaydalara və Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiqlənən Təlimata uyğun dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiqlənən dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
“Xalq qəzeti”