Uqandanın Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzi açılıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa və digər qonaqlar iştirak ediblər.
Uqandalı nazir Azərbaycan Prezidentinə və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Ülvi Mehdiyev bu Uqanda tərəfinə təbriklərini çatdırıb və bundan sonra da “ASAN xidmət”in dövlət xidmətlərinin təkmilləşdirilməsində dəstəyini ifadə edib.
Xatırladaq ki, 2018-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi Uqandada dövlət xidmətlərinin göstərilməsi sisteminin təkmilləşdirilməsi, bu sahədə idarəetmə bacarıqlarının artırılmasıdır.
Hazırda "ASAN xidmət" təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə ilə əməkdaşlıq davam edir.
“Xalq qəzeti”