İqlim dəyişmələri bəşəriyyəti təhdid edir

post-img

Qlobal iqlim dəyişmələri bugünümüzün reallığıdır və onun ağır fəsadları artıq planetimizin çox yerində insanların həyatını təhdid edir. Demək olar ki, elə bir gün olmur ki, KİV-də Yer kürəsinin hansısa bir guşəsində insanları heyrətə, bəzən də vahiməyə salan ağır təbiət hadisələri barədə xəbərlər yer almasın. 

Bir vaxtlar bu problemin mövcudluğu­na şübhə ilə yanaşanların çoxu hazırda vəziyyətin ciddi olduğunun fərqindədir. Təkcə son iki gündə baş verən iki təbiət kataklizmini xatırlatmaq yerinə düşər. Dünən “Doxuri” tropik qasırğası Filippini cənginə alıb və burada ölənlərin sayı artıq 25-ə çatıb, daha 20 nəfər itkin düşüb.

Qeyd edək ki, Filippində daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat ya­yılmışdı. Fırtına, əsasən, arxipelaqın ən böyük adasına - Luzona təsir edib. Güclü qasırğa elektrik xətlərinə ziyan vurub və torpaq sürüşməsinə səbəb olub.

Filippin rəsmiləri qasırğa ilə bağlı 260 mindən çox insanın evlərini tərk etdiyini, bəzilərinin təxliyə mərkəzlərində olduğu­nu bildirib. Təxminən 36 evə ziyan dəyib və ya dağılıb. Fırtına nəticəsində ölkənin hava limanlarında 85 reys təxirə salınıb.

İki gün əvvəl isə Yaponiyada Kanun qasırğasının ölkənin cənub bölgələrinə yaxınlaşması ilə əlaqədar ən azı 264 aviareys təxirə salınıb. Meteoroloqların proqnozlarına görə, bu bölgədə güclü ya­ğış da gözlənilir. Yaxın günlərdə 100 mm-dən çox yağıntı düşə bilər. Məlumdur ki, “Gündoğar ölkə” təbiətin şıltaqlıqlarından ən çox əziyyət çəkən məkanlardan biridir. 

Planetimizdə baş verən anomal pro­seslərlə bağlı vəziyyət o yerə çatıb ki, ABŞ Dövlət katibi Entoni Blinken iqlim dəyişmələrini nüvə müharibəsi ilə müqa­yisə edib. Amerikalı diplomat bugünlərdə sözügedən məsələ ilə bağlı jurnalistlərin suallarına cavab verərkən bildirib ki, nüvə müharibəsi təhlükəsi heç də dünyada iqlim dəyişikliyi problemlərindən daha təhlükəli deyil. “Mənə elə gəlir ki, hansı­sa iyerarxiyadan danışmaq mümkün de­yil. Potensial münaqişə də daxil olmaqla diqqət mərkəzində olan bəzi şeylər var. Lakin şübhəsiz ki, iqlim dəyişikliyi hamı­mız üçün ekzistensial problem yaradır”, - deyə E.Blinken qeyd edib.

Bəli, bu gün hər birimizi narahat edən qlobal problemlərdən biri də iqlim dəyiş­mələridir. Mütəxəssislərin hesablamaları­na görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Şimal qüt­bündə və Antarktidada nəhəng buzlaqla­rın sürətlə əriməsinin əsas səbəbi məhz budur. Temperaturun artması isə, əsasən, antropogen amillərlə bağlıdır. 

Antropogen amillərin əsasını istilik ef­fekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot bir oksid və xlor-fülor birləş­mələr təşkil edir. Son bir əsrdə kosmik Yer kürəsində sel, daşqın hadisələrinin sayı kəskin artıb. Okeanın səthi əvvəllər min metr dərinliyə qədər qızırdısa, artıq qızma iki min metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni, bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyiş­mələrinin təsirindən kənarda qalmamışdır. Hesablamalara görə, son bir əsrdə ölkə­mizin ərazisində orta illik temperaturlar 0,4-1,3C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bə­rabər paylanır. Son onilliklərdə Azərbay­can ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.

Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiya­sına 1995-ci ildə qoşulmuş və Konven­siyanın Kioto Protokolunu 2000-ci ildə təsdiq edilmişdir. Kioto protokolu üzrə öh­dəliklərin yerinə yetirilməsinin ikinci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmiş və ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmışdır.

P.S. Qəzetimiz çapa hazırlanarkən məlum oldu ki, Çin hökuməti paytaxtda yağan aramsız leysan yağışların səbəb ola biləcəyi daşqın təhlükəsi ilə bağlı təcili tədbirlər görür. Pekinin təhlükəli ərazilə­rindən 31 mindən çox insan təxliyə edilib.

Yerli meteorologiya xidmətinin məlu­matına görə, sutka ərzində paytaxtın Fan­şan rayonuna 350 millimetr yağıntı düşüb. Əlverişsiz hava şəraiti ilə əlaqədar Peki­nin Şoudu beynəlxalq hava limanında 92 aviareys ləğv olunub.

Səid SƏFƏROV,
AMEA-nın Coğrafiya İnstitu­tunun şöbə müdiri, coğrafiya elmləri doktoru

– Həqiqətən, qlobal istiləşmə və onunla əlaqədar müasir iqlim dəyişmələri yaşadı­ğımız dövrdə bəşəriyyəti narahat edən ən əsas problemlərdən biridir. 

Alimlər bu qənaətdədirlər ki, səna­yeləşmə dövründən başlayaraq yanacağa (neft, daş kömür, təbii qaz və s.) olan tələ­batın durmadan yüksəlməsi ilə əlaqədar at­mosferə atılan karbon qazının miqdarı kəs­kin artaraq son dövrlərdə təhlükəli həddə çatmışdır. Bunun nəticəsində Yerin şüalan­dırdığı uzundalğalı enerjinin getdikcə daha böyük hissəsi atmosferdəki karbon qazı və digər istilik effekti yaradan qazlardan ge­riyə əks olunur ki, bu da Yerin istilik balan­sını pozaraq qlobal istiləşməyə səbəb olur.

Məlumat üçün bildirək ki, BMT-nin İq­lim dəyişmələri üzrə hökumətlərarası eks­pertlər qrupunun 2022-il avqustun 9-da Ce­nevrədə yaydığı sonuncu 6-cı hesabatına əsasən, 1850-1900-cu illərlə müqayisədə Yer kürəsinin orta illik qlobal temperaturu 1,1-1,2 dərəcə artıb. Müasir iqlim ssena­rilərinə əsasən, yaxın onilliklərdə qlobal temperatur artımının 1,5, hətta 2 dərəcəyə çatacağı gözlənilir. Temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir – ekstremal təhlükəli hadisələrin təkrarlan­ması artır, təbii zonaların yerdəyişməsi baş verdiyindən bitki və heyvanlar məhv olur.

Qlobal istiləşməni məhdudlaşdırma­ğın yeganə yolu dünyanın enerji balan­sında bərpaolunan enerjinin (külək, günəş və s.) xüsusi çəkisini kəskin artırmaqla, atmosferə atılan karbon qazı və digər is­tixana qazlarının miqdarının azaldılması­dır. Bununla yanaşı, qlobal temperaturun dəyişməsinə dünya okeanında baş verən irimiqyaslı proseslər də nəzərəçarpacaq təsir göstərir. Bunlardan biri Sakit okeanın ekvatorial ərazilərində vaxtaşırı müşahidə olunan “La Nino” və onun əksi olan “El Nino” hadisələridir. 

“La Nino” baş verdiyi zaman Sakit okeanının tropik və xüsusilə də ekvatorial hissəsində nisbətən isti səth axınları şərq­dən qərbə doğru hərəkət edərək Cənubi Amerikanın qərb sahillərində (Peru və Ekvador) “apvelling” hadisəsinə, yəni nis­bətən soyuq dərinlik sularının səthə qalx­masına səbəb olur. Suyun temperaturunun kəskin artması buradakı canlılar üçün əl­verişsiz şərait yaratmaqla yanaşı, intensiv yağıntılara, qasırğalara və daşqınlara səbəb olur. 

Son 3 ildə aktiv olan “La Nino” zəif­ləməkdə və öz yerini “El Nino”ya ver­məkdədir. Bununla əlaqədar dünya alim­ləri 2024-cü ildə qlobal temperaturun “El-Nino” səbəbindən daha 0,2 dərəcə ar­tacağını, tropik və ekvatorial zonada yağın­tıların azalmasını, quraqlığı və Avropanın şimalında qış aylarında şiddətli soyuqların olacağını proqnozlaşdırırlar.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Sosial həyat