Olimpiya festivalında böyük uğur

post-img

Cüdo üzrə Azərbaycan milli komandası 2023-cü il Avropa Gənclər Olimpiya Festivalında (EYOF) böyük uğurla çıxış edərək ümumi hesabda bütün ölkələri qabaqlayaraq birinci yeri tutub. Yığmamız fərdi yarışlarda 3-ü qızıl olmaqla 9 medal qazanıb. Əvvəlki Olimpiya festivalları ilə müqayisə etsək, komandamız medal əyarına görə son 15 ilin ən yaxşı nəticəsini əldə edib. 2022-ci ildə onlar 1 qızıl, 4 gümüş və 2 bürünc olmaqla, ümumilikdə, 7 medal qazanıblar. İdmançılarımız builki çıxışları ilə medal sayını 9-a yüksəldə bildilər. 

Qızlardan ibarət komandamızın çıxı­şını xüsusi vurğulamalıyıq. 2 qızıl me­dal qazanan yığmamız ölkələrin sıra­lamasında birinci yeri tutdu. Yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov “Xalq qəzeti”nə müsahi­bəsində festivalda qızıl medal qazanan hər iki cüdoçunun güclü potensiala ma­lik olduğunu bildirdi: “Vüsalə Hacıyeva bu il Avropa birinciliyində çempion adını qazanıb. Avropa kuboku yarışlarının qa­libi və mükafatçısıdır. Xədicə Qədəşova da beynəlxalq arenalarda keçirilən nü­fuzlu yarışlarda parlaq nailyyətlər əldə edib. Onların hər ikisinə böyük ümid­lərimiz var. Eyni zamanda, komanda­mızın digər yeniyetmə cüdoçularını da vurğulamaq istəyirəm. Sevindirici haldır ki, Azərbaycanı Olimpiya Oyunlarında layiqincə təmsil edəcək yeni nəsil yeti­şir. Cüdoçu qızlarımızdan daha böyük nailiyyətlər gözləyirik”.

E.İsmayılov komandanın dünya çempionatına hazırlığından da danışdı. O qeyd etdi ki, əsas hədəf dünya çem­pionatıdır: “Ümid edirik ki, cüdoçu qızla­rımız onlara bəslənilən ümidləri doğrul­dacaqlar”.

Vüsalə Hacıyeva (48 kq) bu nüfuz­lu yarışda Azərbaycanı layiqincə təmsil etdiyinə görə çox sevindiyini dedi: “Qızıl medal qazanacağımı qarşıma məqsəd qoymuşdum. Turnirə yaxşı hazırlaşmış­dıq. Rəqiblərimlə döyüş o qədər də çətin keçmədi. Yarımfinalda nisbətən güclü rəqiblə görüşdüm və onu da üstələdim. Azərbaycanı layiqincə təmsil etdiyimə görə xoşbəxtəm”. 

Komandamıza daha bir qızıl medal qazandıran Xədicə Qədəşova (63 kq) bu il Odivelasda keçirilən Avropa çem­pionatında 3-cü yeri tutmuşdu. Cari ildə, həmçinin Göygöl və Bielsko Bialada keçirilmiş Avropa kuboku yarışlarında gümüş medal qazanmışdı. X.Qədəşo­va Olimpiya festivalında potensialın­dan maksimum istifadə etdiyini bildirdi: “Yarışda potensialımdan maksimum istifadə etdim. Komandamızla qürur duyuram. Azərbaycanın Dövlət himni­ni səsləndirdik, bayrağını yüksəklərdə dalğalandırdıq. Bu nəticə ilə kifayətlən­məməliyik. Öz üzərimizdə daha çox ça­lışmalıyıq”.

Cüdo üzrə oğlanlardan ibarət Azər­baycan yığması festivalda 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. Yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Rüstəm Alimli Olimpiya festivalı ərəfəsində mü­sahibəsində komandadan yüksək nəticə gözlədiyini qeyd etmişdi. Cüdoçularımı­zın həm fərdi, həm də qarışıq komanda yarışlarında medala iddialı olduqlarını vurğulamışdı. Məşqçi festivalda koman­danın çıxışına münasibət bildirərkən nəticədən razı qaldığını dedi: “Olimpiya Festivalına ikinci heyətlə yollanmışdıq. Oğlanlardan ibarət yığmamızda 8 cüdo­çudan 7-nin medal qazanması çox yax­şı nəticədir. Qarşıda yığmamızı Zaqreb şəhərində keçiriləcək dünya çempionatı gözləyir. Yarışda birinci heyətlə çıxış edəcəyik. Ümid edirəm ki, Zaqrebdə də cüdoçularımız onlara bəslənilən etimadı doğruldacaq”. 

Qarışıq komanda yarışlarında Azərbaycanın Xorvatiya, Ukrayna və Gürcüstan komandalarını üstələməsi bir daha göstərdi ki, yığmamız geniş imkanlara malikdir. Finalda inamla mü­barizə aparan qarışıq komandamız az fərqlə həlledici mərhələdə məğlub ola­raq ikinci yerdə qərarlaşdı. 

Qeyd edək ki, Azərbaycan koman­dası ötən ay Portuqaliyada keçirilən Av­ropa çempionatında da parlaq nailiyyət qazanmışdı. Belə ki, tatami ustalarımız ümumi nəticəyə görə medal sıralama­sında ilk pilləyə yüksəlmişdilər. Builki yarışlarda komandamızın həm fərdi, həm də komanda turnirlərində nailiyyət­ləri onların qarşıdan gələn turnirlər, o cümlədən MDB Oyunlarında, eləcə də dünya çempionatında uğurlu nəticələri üçün əsas yaradır. 

Beləliklə, Maribor tatamisini fəth edən Azərbaycan cüdoçularını qarşıda daha böyük uğurlar gözləyir. Əsas hə­dəf isə avqustun 23-27-də keçiriləcək dünya çempionatıdır. 

Leyla QURBANOVA, “Xalq qəzeti”





İdman