Soyadı səhvən şəhid olanların siyahısına düşmüşdü…

post-img

Ramiq Raqif oğlu Əsgərov ehtiyatda olan leytenant kimi sentyabrın 28-dən təlimlərə qatıldı, sonra Talış–Suqovuşan istiqamətindəki döyüşlərdə özünü bacarıqlı zabit kimi göstərdi, erməni postlarının alınmasında, onların müdafiəsində iştirak etdi. Soyadı səhvən şəhid olanların siyahısına düşdü, lakin sağ qalmağı bacardı və dekabrın 28-də baş leytenant kimi sağ-salamat evinə qayıtdı.

“Cəsur, vətənsevər, peşəkar zabitin rəh­bərliyi altında xidmət etmişəm”.

Ramiq Əsgərov 2011-ci ilin iyununda hərbi xidmətə çağırılıb. Beyləqanda xidmətdə olan vaxt “Ehtiyat zabit hazırlığı kursu”na qə­bul olunmaq üçün müraciət edib. Müdafiə Na­zirliyinin Hərbi Həkim Komissiyasının qərarı­na əsasən, hərbi xidmətə yararlı hesab edilərək qəbul imtahanlarına buraxılıb. “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vur­duqdan sonra ona leytenant hərbi rütbəsi ve­rilib: “Artıq 2011-ci ilin oktyabr ayından ley­tenant rütbəsində Daşkəsəndə “N” saylı hərbi hissədə xidmət edirdim. Həmin vaxt hərbi hissənin komandiri Polad Həşimov idi. Fəxr edirəm ki, onun kimi cəsur, vətənsevər, peşə­kar zabitin rəhbərliyi altında xidmət etmişəm. Mərd zabit idi, hərbi hissədə böyük hörməti vardı, ədaləti və tələbkarlığı ilə seçilirdi, ni­zam-intizama önəm verirdi. 2013-cü ilin aprel ayında ehtiyata buraxıldım”.

Daha sonra Ramiq Əsgərov Vətən müha­ribəsinə yollanmasından danışıb: “Sentyabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarə­sindən zəng edib bildirdilər ki, təlimlərə qa­tılmalıyam. 

Anası Rahilə xanım söhbətə qoşulur: “Ra­miqin 3 azyaşlı uşağı var. Düşünürdüm ki, on­lara görə oğluma müəyyən güzəştlər – möhlət hüququ verilə bilər. Amma Ramiq güzəşt söh­bətini heç eşitmək istəmirdi, söhbət düşəndə əsəbləşirdi, hökmən “müharibədə iştirak edə­cəyəm”- deyirdi.

Oğlumu yola salmaq istədim:

– Heç olmasa səni özüm döyüş bölgəsinə yola salım!

Razı olmadı, evə qayıtdım. Əllərimi qal­dırıb dua etdim, Allahdan sağ-salamat qayıt­masını dilədim. Bir də baxdım ki, 3 uşaq da əllərini qaldırıb mənimlə birlikdə dua edir.

…Ramiq Əsgərov bir neçə gün Ağcakənd və Bərdədə olur. Mingəçevirdə təlimlərə qatı­lır, sonra Tərtər rayonunun Evoğlu kəndində könüllülərin döyüş hazırlığında iştirak edir.

“Oktyabrın 12-dən döyüşlərdə iştirak et­dim. İlk dövrlərdə düşməndən azad olunan postlarda yerləşir, onları əks-hücumlardan qo­ruyurduq. Döyüşlərdən birini heç unuda bil­mirəm, 23 şəhid və yaralı bu gün də gözümün qabağındadır, bəzən yuxuma da girir. “Tülkü dərəsi” adlanan yer var. Orada ermənilərin irili-xırdalı bir neçə postu yerləşirdi. Döyüş tapşırığına əsasən “Tülkü dərəsi” düşməndən təmizlənməli və biz orada möhkəmlənməli, sonrakı əmri gözləməli idik. Ermənilər bizim mövqeyi top və minaatanlarla atəşə tutdu. Və mərmilərdən biri əsgərlərin topa halda olduğu yerə düşdü. Partlayış nəticəsində bədənlərin paramparça olmuş müxtəlif hissələri ətrafa səpələnmişdi. Onları bir yerə yığmalı olduq. Bunun üçün buşlatımı çıxarıb yerə sərdim və bədən hissələrini torpağın üstündən yığıb Bərdə hərbi hospitalına göndərdik”, – Ramiq Əsgərov deyir.

Bərdə hospitalında isə buşlatın sahibinin də həlak olduğunu düşünüb, onun üzərindəki soyadı şəhid olanların siyahısına salırlar.

“Həmin vaxt hospitalda xalam qızı Sevilin həyat yoldaşı Rəşad Guvalov könüllü həkim kimi xidmət edirdi. Səhər şəhid olanların si­yahısına baxarkən tanış soyada rast gəlir, ilk əvvəl buna o qədər də fikir vermir, siyahı olan lövhədən bir neçə addım uzaqlaşır. Sonradan yenidən geri qayıdıb dəqiqləşdirmə aparır. Siyahıda şəhid olanların arasında Ramiq Əs­gərov ad və soyadının olması şübhələrinə son qoyur və həyat yoldaşına zəng edir.

– Alo, Sevil, de görüm, Ağdərə istiqamə­tində döyüşlərdə iştirak edən qohumunun ad, soyadı Ramiq Əsgərovdur?

– Hə! Niyə soruşursan?

– Şəhidlərin siyahısında rast gəlmişəm.

Sevil Guvalova deyir: “Ramiqin adını eşidəndə necə çığırıb özümdən getmişəmsə, xəbərim olmayıb. Oyananda ətrafımda iş yoldaşlarımın toplaşdığını gördüm. Rəşad yeni­dən zəng edib əhvalımı soruşdu və Ramiqin telefon nömrəsini istədi.

– Ramiqin telefon nömrəsini göndər. Zəng edib, hadisənin necə baş verdiyini dəqiqləşdi­rim.

Telefon nömrəsini mesajla göndərdim və səbirsizliklə cavabını gözləməyə başladım. Hər dəqiqə mənim üçün əzabla, narahatlıqla keçdi”.

Rəşad Guvalov hadisə ilə bağlı məlumat almaq məqsədilə həmin telefon nömrəsinə zəng edir:

– Kiminlə danışıram?

– Sizinlə danışan Ramiqdir.

– Ramiq, salam! Şükür Allaha, sağ-sala­matsan, çox narahat olduq. Sənin adın divara vurulmuş şəhidlər siyahısına necə düşüb?

– Siyahıda mənim də adım var? Bu necə olur? .... Hə, yadıma düşdü, hərbçilərimizin yanına mərmi düşmüşdü, şəhid olanlar vardı, mənim buşlatıma bədən hissələri yığılmışdı və o halda da hərbi hospitala göndərilmişdi. Gö­rünür, buşlata görə mənim də şəhid olduğum qənaətinə gəliblər.

Bundan sonra Rəşad Guvalov həyat yol­daşına zəng edib Ramiqin sağ-salamat oldu­ğu xəbərini verir. Bu hadisədən isə Ramiqin valideynlərinin xəbəri olmur, onlara bu haqda sonradan, oğulları evə, ailəsinə sağ-salamat qayıtdıqdan sonra məlumat verilir.

Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”

Sosial həyat