İki bölünməkdən elə qorxdu ki...

post-img

Stomatoloq, feldşer, filoloq, şair, siyasətçi, azadlıq mücahidi – Söhrab Tahir

Cənubi Azərbaycanın Sulduz şəhərində doğulub böyümüş, avropalıların “siyasi şair” adlandıraraq Norveçə dəvət etdiyi ( indi İsveçdə yaşayır) haqq aşığı Araz Elsəs redaksiyamızın qonağı idi. Onunla görüşdə ilk cümləm Söhrab Tahirin bir ifadəsi üstündə quruldu: “İki bölünməkdən elə qorxmuşam, Çöpü də ikiyə bölmərəm daha!” Əlavə etdim ki, mən bir xalqı iki əsrlik ayrılığa, həsrətə məruz qoymuş Araz sözündən elə qorxmuşdum ki, Araz adlı şəxslərdən də çəkinirdim. İndi Araz Elsəs adlı bir soydaşımız milyonların sevimlisinə çevrilib və əsrlərin səhvini düzəltmək üçün, həqiqətən, fədakarlıq edir. 

Araz Elsəs hazırlıqlı və ha­zırcavab adam olduğunu bir daha sübut etdi: “Amma Söh­rab əmi bir şeirində yazmışdı ki, yaxşı ki, Araz var. Yoxsa kimdən şikayətlənər, kimə şeir yazardım?”

... Yadımdadır. Söhrab Ta­hirlə ilk görüşümüzdə – 1994-cü ildə onu Azərbaycan Dövlət Radiosunda aparıcısı olduğum “Səhər musiqili informasiya proqramı”na dəvət etmişdim. Verilişdə ona anası Nəsibə xanımın o taydan Bakıya gəl­diyi günlərdə Azərbaycan ədə­bi mühitində, ümumiyyətlə, cə­miyyətdə baş vermiş coşğunu xatırlatmışdım. Ana-balanın bir-birinə qovuşduğu həmin günlərdə mən orta məktəbin sonuncu sinifində oxuyurdum. Amma Söhrab Tahirin anasına həsr edilmiş 10-a qədər şeiri əzbər bilirdim. 

Bu xatırlatmaya cavab ola­raq şair əvvəl Tofiq Bayramın, sonra isə Əliağa Kürçaylının həmin hadisədən təsirlənib yazdıqları şeirlərdən bəndlər demişdi. Əliağa Kürçaylı yaz­mışdı:

Daşa dönmüş ümidlər,

Duyğular cana gəlir.

Yola çıxın, igidlər,

Uzaqdan ana gəlir.

Onu da xatırladım ki, mən radioda işləyəndə Söhrab müəllim o zamankı Ziyalı­lar Cəmiiyətinin Ağsaqqallar Şurasının üzvü idi və tez-tez görüşüb müsahibələr alırdım. Çoxsaylı tədbirlərdə birgə işti­rak etmişdik.

2015-ci ilin payızında re­daksiyamızda başqa bir cə­nublu qardaşımızın, mərhum əməkdaşımız Həsən Cabbar­zadənin yubileyini qeyd edir­dik. Xəstə olmasına baxma­yaraq (o, həmin tədbirdən 8–9 ay sonra vəfat etmişdi) Söhrab müəllim də gəlmişdi. Tədbir­dən əvvəl onunla ikilikdə bir neçə dəqiqə söhbət etdik. Daha doğrusu, təxminən, 20 il əvvəlki günləri yada saldıq. Tədbir başa çatandan sonra iş yoldaşlarımızdan biri bö­yük maraq və bir az da təlaşla məndən soruşdu ki, Söhrab Tahirlə nə barədə danışırdı­nız?

– Təbrizdə işləmək istə­yirəm, onu xahiş etdim, – deyə yersiz suala başdanedici bir zarafatla cavab verdim.

– Bəs o nə dedi?

– Dedi ki, Təbrizə söz verə bilmirəm, Ərdəbil olsaydı, kömək edərdim.

– Ayə, ağlın olsun, Ərdə­billə razılaş – deyə ağsaqqal məni “məzəmmətlədi”.

O vaxt ağsaqqalın mənim adi zarafatımı ciddi şəkildə qə­bul etməsindən kifayət qədər narahat olmuşdum... Zarafat etdiyimi bilsə, inciyə bilərdi. Axı Söhrab müəllimlə Vətən həsrətindən başqa nə barədə söhbət etmək olardı.

Həmin tədbirdən çox keç­məmiş xəbər gəldi ki, Söhrab Tahir xəstəxanaya düşüb və bir qıçının kəsiləcəyi gözlənilir. 

...Daha bir müddət keçən­dən sonra, onu, bəlkə də, 10 gün ardıcıl gördüm. Mən Jurnalistlər şəhərciyindən işə gələndə avtobusdan Dövlət Bayrağı meydanında düşür, oradan redaksiyaya piyada gəlirdim. Söhrab müəllimi isə hər səhər bulvarın Azneft meydanından Kukla Teatrına tərəf oturmuş vəziyyətdə gö­rürdüm. Bədəninin bir hissəsi kəsilib tullanılmış adam necə ola bilərdi ki? Amma özünü sındırmırdı.

...Bir gün ona köhnə iş yol­daşımıza etdiyim zarafatı və həmin zarafat haqqında Fa­cebookda yazdığım cümləni xatırlatdım: “Sağalın, Söhrab müəllim, mən Ərdəbildə iş­ləməyə razıyam. Yastığınız yüngül olsun!” 

Gülümsədi: “İstək varsa, hər şeyə çatmaq mümkündür.” 

Onun 1926-cı ildə doğulub 2016-cı ildə vəfat etməsi də tale sürprizi kimi maraqlı idi, – may ayında dünyaya gəlib hə­min ayda dünyadan getməsi diqqətçəkən idi. Daha maraqlı­sı isə onun Şimali Azərbayca­na köçəndən sonra diş həkimi, feldşer, azadlıq mücahidi, filo­loq, şair və nəhayət, ictimai-si­yasi xadim olması idi. 

Allah rəhmət eləsin!

 

İttifaq MİRZƏBƏYLİ, 

Rafiq SALMANOV (foto), 

“Xalq qəzeti”

Sosial həyat