Ünlü sənətçilər panteonu Qəbələdə

post-img

Ənənəvi yay festivalı davam edir

Dünən Qəbələdə XIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub. Avqustun 2-dək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Tür­kiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.

Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə­nin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı kon­sertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üze­yir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist­lər - Xalq artistləri Dinarə Əliyeva (sop­rano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.

2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim edilə­cək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Ka­mera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ül­viyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, eləcə də istedadlı gənc solistlər, muğam ifa­çıları çıxış edəcəklər. Xarici musiqiçilər­dən Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violon­çel), Mariuş Patira (Polşa, violin) və di­gərlərinin də maraqlı ifaları ilə festivalı rövnəqləndirəcəklər.

Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun anadan olmasının 90 illiyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 və İohannes Bramsın 190 illik yu­bileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” la­yihəsi çərçivəsində gənc ifaçıların kon­serti, Mixail Lidski (piano) və Henri-Da­vid Varemanın (violonçel) ustad dərsləri də olacaq.

“Xalq qəzeti”

Mədəniyyət