Nizami Gəncəvi: “Mənim atam, atamın atası türk idi”

post-img

Gəncəli dahini kimsə Azərbaycandan ayıra bilməz

Gəncə dahisi Nizamini Azərbaycanda və türklükdən ayırmaqla bağlı zaman-zaman göstərilən cəhdlər davamlı olaraq nəticəsiz qalmışdır. Ulu soydaşımızın milli mənşəyinin saxtalaşdırılması müstəqillik illərində də davam etməkdədir və bu, suveren dövlətimizə qarşı siyasi-mənəvi təxribat xarakteri daşıyır. 

AMEA Ədəbiyyat İnstitutu nizami­şünaslıq şöbəsinin aparıcı elmi işçisi, filo­logiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva son tədqiqatları ilə milli varlığımıza düşmən kəsilən dairələrin Ni­zami Gəncəvi ilə bağlı saxta iddialarını qəti olaraq rədd etmişdir. Nizamişünas alim qəzetimizə açıqlamasında bildirdi:

– Nizami Gəncəvinin türk olmaması barədə saxta mülahizələr İranda türk milli kimliyini saya salmamaq, türklərin tarix və mədəniyyətini saxtalaşdırmaq siyasətinin tərkib hissəsidir. Bu düşmənçilik əvvəlki dövrlərdə ədəbi-mədəni çəkişmələr şəklində təzahür etsə də, bir əsrə yaxındır ki, fars şovi­nizminin dövlət siyasəti səviyyəsində davam etdirilir. 1925-ci ildə türk-Qacarlar nəslinin sonuncu hökmdarı Əhməd şahı devirərək ha­kimiyyətə gələn şovinist fars Pəhləvilər sü­laləsinin banisi Rza şahdan sonra bu proses gücləndirildi. 

Məlumdur ki, Fars, yəni Persiya əslində İranın bir əyaləti idi. 1935-ci ildə Rza şah İra­nı arilərin, yəni hind-irandilli tayfaların tor­pağı elan etdi və bu məqsədlə həmin ərazilər­də yaşayan türklərin, o cümlədən Azərbaycan türklərinin dillərinin saxtalaşdırılması həyata keçirildi. Bu proses onun oğlu Məhəmməd Rza şah dövründə də davam etdirildi. Azər­baycan türklərinin dili üzərində aparılan saxtakarlıqlar, bu dilin, guya, fars mənşəyinə bağlı olması haqqında uydurulan yalanlar buna parlaq sübutdur.

Həmin dövrdən etibarən, Şərqin farsdilli poeziya nümayəndələrinin, eləcə də Azərbay­can şairi Nizami Gəncəvinin mənşəyinin sax­talaşdırılması işində yeni mərhələ başlandı, ciddi cəhdlər göstərildi. Halbuki buna qədər, hələ 1926-cı ildə görkəmli şərqşünas-alim Yuri Marr Tehranda səfərdə olarkən, məşhur İran alimi Səid Nəfisi onunla söhbətində belə söyləmişdi: “Farslar Nizamini başa düşmür­lər, onun şeirləri farslara yaddır”.

Nizami Gəncəvi özü isə türk mənşəyini əsərlərində açıq-aşkar söyləmişdir:

Mənim atam, atamın atası türk idi,

Fərzanəlikdə hər biri bir qurd idi.

Nizaminin doğulub-yaşadığı, əbədiyyətə qovuşduğu və 8 əsrdir ki, məzarının xüsusi bir sevgi-sayğı ilə qorunub saxlandığı Gəncə­nin əhalisinin lap qədimdən türklərdən ibarət olduğunu bir çox mənbələr və tədqiqatçı­lar təsdiq etmişlər. Y.Bertelsin qeyd etdiyi kimi, VII əsrdə ərəblərin işğalından sonra da Qafqaz ərazisində dövləti islamı qəbul etmiş yerli türk bəyləri idarə edirdi. Bir çox şərq­şünas alimlər XI–XII əsrlərdə Azərbaycan Atabəylər dövlətinin mərkəzi şəhərlərindən biri Gəncənin əhalisinin türklərdən ibarət olduğunu mənbələr əsasında təsdiq ediblər. İran alimi Barat Zəncani Gəncə əhalisinin di­linin türk dili olduğunu, Nizaminin isə türkcə şeirlər yazdığını bildirib.

Nizami Gəncəvinin babası Zəki Müəy­yəddin əslən Oğuz türklərinin Boz ox qolun­dan çıxmış adlı-sanlı bəyzadələr nəslindən idi. O, Gəncədə din xadimi və Səlcuqlar sa­rayına yaxın bir şəxs idi və “Müəyyəddin” (Dində Allah tərəfindən qüvvət verilən, sax­lanılan) tituluna layiq görülmüşdü. Nizami Gəncəvinin adı, künyəsi və təxəllüsü Şərqin mötəbər təzkirə məxəzlərində Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəy­yəddin Nizami Gəncəvi kimi qeyd olunmuş­dur. Gəncə dahisi filosof-şair və alim olaraq qazandığı izzət və şöhrətin sayəsində “Şeyx” titulu fəxri adını qazanmışdır.

Nizami Gəncəvinin yaşadığı dövrdə Məhəmməd Cahan Pəhləvan və Qızıl Ars­lanın hakimiyyəti illərində Atabəylərin istər Gəncə, istərsə də Naxçıvan saraylarında fəa­liyyət göstərən əyanların əksəriyyəti xalqa daha yaxın olan türk əsilli savadlı şəxslərdən seçilirdi.

Nizami Gəncəvinin boya-başa çatmasın­da və mükəmməl tərbiyə və təhsil almasında Gəncədə hörmət və izzət sahibi olan atası – Zəki Müəyyəddinin oğlu Yusifin mühüm rolu olmuşdur. 

Nizamişünas alim daha sonra qeyd etdi ki, dahi şairin anası da Azərbaycan­da əsil-nəcabətli, zadəgan nəslindən olan, Gəncədə dünyaya göz açmış türk qızı idi:

– Təəssüf ki, bəzi tədqiqatçılar onun türk milli mənşəyini kobud şəkildə təhrif etmişlər. Belə ki, N.Gəncəvinin “Leyli və Məcnun” əsərinin “Dünyadan köçənlərin bəzisinin zik­ri haqqında” hissəsinə şairin anası haqqında “Rəiseyi-qord” sözü sonradan artırılmış və bu söz “kürd Rəisə” kimi süni şəkildə dola­şıqlıq yaratmışdır. XX əsrin 80-ci illərində bir sıra şərqşünaslar “qord” sözünün “igid” mənasında olduğunu söyləmişlər.

Nizami Gəncəvinin dayısı, yəni anasının qardaşı Xacə Ömər Gəncə sarayına yaxın, yüksək nüfuza malik bir şəxs idi. O dövrdə “Xacə” titulu şah sarayının mühafizəçilərinin başçısına verilərdi. Məşhur Dehxoda lüğətinə görə, sarayın rəisinə Xacə deyilirdi. Onu da qeyd etmək vacibdir ki, türk sultan sarayları­nın qaydalarına əsasən, saray rəisi – Xacə və­zifəsinə cəsurluqda və sədaqətdə ad çıxarmış türk bəyzadələri seçilirdi. Elə bu faktın özü onu təsdiq edir ki, Nizaminin anası əsil-nəca­bətli türk qızı olub.

Nizami Gəncəvi özünü “Üveys” adlan­dırıb. Bu adda türklərin totemlə bağlı kökü və tamğa işarəsi vardır. Qədim ərəblər Oğuza – “Üveys”, yəni “Qurd balası” adını vermiş­lər. Qədim ərəb və fars lüğətlərində “Üveys” qurd adıdır. Bu faktlardan göründüyü kimi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həm ata tərəfdən, həm də ana xətti ilə milli mənsubiyyəti türkdür. Şairin öz əsərlərində verdiyi məlumatlar buna parlaq sübutdur.

XX əsrin 40-cı illərində “Nizami Gən­cəvinin həyat və yaradıcılığı” mövzusu üzrə silsilə araşdırmalar aparan görkəmli şərqşü­nas Yevgeni Bertels mötəbər şəkildə yazırdı: “Nizaminin qardaşı da şair idi və Qivami Mütərrizi ləqəbi ilə yazırdı. Lakin mürəkkəb şeir texnikasını məharətlə mənimsəmiş olan bu adam başqa bir yolla getmiş və saray şairi şöhrətini intixab etmişdi.

– Nizami Gəncəvinin 1169-cu ildə Dər­bənd hakiminin ona töhfə göndərdiyi qıp­çaq-türk gözəli Afaqla ailə qurduğunu, bu izdivacdan iki oğlunun dünyaya gəldiyini diqqətə çatdıran Zəhra Allahverdiyeva sonda dedi: 

– Nizaminin bir oğlu dünyadan çox erkən köçüb. Digər oğlunun adının Məhəmməd ol­duğu şairin əsərlərindən bəllidir. Məhəmməd ağıllı, fərasətli, atasına dayaq olan bir övlad, həm də öz dövrünün ziyalı bir şəxsiyyəti olub. 

Böyük Azərbaycan şairi Nizami Gən­cəvinin həm ata, həm də ana xətti ilə milli mənsubiyyətinin türk olduğunu qeyd olunan faktlar təkzibolunmaz şəkildə sübut edir. Şai­rin öz əsərlərində verdiyi məlumatlar da onun türk oğlu türk olduğunun qəti dəlilləridir.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”



Sosial həyat