“Doğma obanı sevmək azdır...”

post-img

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin əhali ilə səyyar görüşlərini əsasən açıq havada, əksər hallarda da təbiətin qoynunda keçirməsi təsadüfi deyil. Əvvəla, ölkə Prezidenti şəhər və rayon rəhbərlərinə konkret tapşırıqlar verib və tövsiyə edib ki, daim yerlərdə olsunlar, adamların arzu və təkliflərini dinləsinlər, problemlərini həll etsinlər. Çünki ölkəmizdə yürüdülən dövlət siyasətinin kökündə hər zaman vətəndaş amili dayanır. Digər tərəfdən son vaxtlar rayon icra hakimiyyəti Göygöl rayonunun ölkənin turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində çox ciddi, ardıcıl və məqsədyönlü iş aparır. Yeni turizm marşrutları yaradılır, aqroturizm və enoturizm kimi yaxşı gəlir gətirə bilən sahələrin inkişafı yönümündə diqqətçəkən işlər görülür, həm də əhalinin məşğulluğu artırılır, yeni iş yerləri yaradılır.

Elə Danayeri kəndinin səfalı bir yerində keçirilən görüş də bu məqsədi daşıyırdı. Çünki əhalisinin sayı bir o qədər də çox olmayan bu kənd özünün relyefi, təbiətinin zənginliyi, tarixi abidələrinin çoxluğu baxımından həm də gözəl bir turizm məkanıdır. Onsuz da hər il yüzlərlə turist bu yerlərə gəlir, təbiətin gözəlliklərindən zövq alır, fərdi qaydada dincəlir və istirahər edir. Lakin rayon icra hakimiyyətinin başçısı səyyar görüşdə haqlı olaraq dedi ki, “doğma obanı sevmək azdır, gərək onu başqalarına da sevdirə biləsən»

Eyni zamanda, icra hakimiyyətinin başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verdi, xidmətin əlçatanlıq və üstünlüklərini diqqətə çatdıraraq  https://rih.gov.az/ platformasından geniş istifadə etmələrini məsləhət bildi. 

-Öz şəxsi problemlərinizlə yanaşı, kəndin problemlərini də deyin, təkliflər irəli sürün, təşəbbüslərlə çıxış edin. Cənab Prezidentimiz vətəndaşların istənilən məsəsələyə əlçatanlığını təmin etmək üçün hər bir şərait yaradıb. Niyə də bu imkanlardan geniş istifadə etməyəsiniz?

Rayon rəhbərinin bu sözlərindən sonra  görüşə toplaşanların fəallığı bir qədər də artdı, səmimi söhbət alındı. Çıxış edənlər ölkə rəhbərliyinin onlara göstərdikləri diqqət və qayğıdan razı qaldıqlarını bildirdilər.

Ayrı-ayrı kənd sakinlərini dinləyən rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kəndə qaz və internet xəttinin çəkilməsi, su probleminin aradan qaldırılması, kənddaxili yolların təmir olunması və digər məsələlərlə bağlı görüşdə iştirak edən aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi.Bəzi məsələlər yerindəcə həll olundu.

Hamlet Qasımov,

“Xalq qəzeti”-nin bölgə müxbiri, Göygöl rayonu

           

 

 

 

 

 





Sosial həyat