Dalan yollar-diqqətsiz qalan yollar

post-img

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, yol infrastrukturunda da quruculuq işləri sürətlə davam edir, yeni magistrallar yaradılır, şəhərdaxili və kəndlərarası yollar təmir olunur, asfaltlanır. Paytaxt Bakıda da nəqliyyat kommunikasiyaları durmadan yenilənir, müasirləşdirilir.  

Lakin  bu işlərin mərkəzdən bir qədər kənarda yerləşən qəsəbələri geniş əhatə etməməsi təəssüf doğurur. Şəhərdəki çoxzolaqlı, müasir yol infrastrukturunun  fonunda gözdən uzaq olan və “unudulan” bərbad hala düşmüş kənd və qəsəbə küçələri olduqca miskin görünür.  

Konkret olaraq söhbət Bakının Keşlə qəsəbəsinin Mətləb Ağayev və Bülbülə qəsəbəsinin Nəriman Nərimanov küçələrinin, bu ərazilərdəki dalanların bərbad şəraitindən gedir. Sözügedən ünvanlarda həm fərdi və ictimai nəqliyyatın, həm də piyadaların rahat hərəkəti üçün lazımi şərait yoxdur. Yağışlı-yağmurlu havalarda qəsəbə yolları xüsusilə keçilməz olur. ala-çuxurlar gölməçəyə dönür, səkiləri sel basır, palçıq dizə çıxır. Bundan isə qocalar və uşaqlar daha çox əziyyət çəkirlər. Əcəmi metrostansiyasının II mikrorayona çıxışı da dağılıb.

Onu da deyək ki, bir çox şəhərətrafı yaşayış məntəqələrində də eyni vəziyyət hökm sürür. Son illərdə Bakıətrafında böyük yaşayış massivinə çevrilmiş Abşeron rayonunun Masazır qəsəbəsinin daxili yolları da piyada və maşınların gediş-gəlişi üçün çətinlik törədir. Yolların bir hissəsi asfaltlansa da qəbiristanlıq ətrafı küçələr dağılıb yaramaz vəziyyətə düşüb. Ümumiyyətlə, şəhərətrafı məntəqələrdə müəyyən işlər görülür, amma bu, necə deyərlər, kosmetik təsir bağışlayır. Yolların acınacaqlı vəziyyəti həm avtomobillərin sıradan çıxmasına səbəb olur, həm də piyadalarda ciddi əsəb gərginliyi yaradır.

Qarşıdan payız-qış mövsümü gəlir. Əlaqədar təşkilatlar qışa hazırlıq çərçivəsində yolların təmirinə diqqəti artırmaqla əhalinin məmnunluğunu yüksəldərlər.

Elşən AĞALAR,

“Xalq qəzeti”















Sosial həyat