DSMF-nin gəliri 3 milyard 271 milyon manat olub

post-img

“Prezident İlham Əliyevin tapşırığı ilə 2023-cü ilin əvvəlində reallaşdırılan 4-cü sosial islahat paketi 1,9 milyon şəxsi əhatə etməklə illik əlavə maliyyə tutumu 750 milyon manat olub”. Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunda I yarımilin yekunları, yeniliklər və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında fondun idarə heyətinin sədri Himalay Məmişov deyib.

2023-cü ilin I yarımilində həyata keçirilən sosial islahatlar barədə məlumat verən fond sədri bildirib ki, bu ilin I 
yarımilində sosial ödənişlərdə artım qeydə alınıb. Artımlar, ümumilikdə, 810 min nəfəri əhatə edib, əlavə vəsaitin illik həcmi isə 310 milyon manat təşkil edib. Fevral ayından minimum pensiya 16,7 faiz artırılaraq, 280 manata çatdırılıb. İlin əvvəlindən isə orta aylıq pensiya 16,4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16,4 faiz artırılaraq 466,1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22 faiz artım olub.

H.Məmişov DSMF-nin gəlirlərində artım tempinin 2023-cü ilin I yarımilində də davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, DSMF-nin bu ilin I yarımilində gəlirləri ötən ilin müvafiq dövrünə nisbətdə 465 milyon manat və ya 16,6 faiz çox olmaqla, 3 milyard 271 milyon manat təşkil edib. Həmin gəlirlərin 2 milyard 531 milyon manatı məcburi dövlət sosial sığorta daxilolmalardır ki, bu da 2022-ci ilin I yarımili ilə müqayisədə 13,8 faiz və ya 306 milyon manat çoxdur.

Fondun ilin 6 ayındakı xərcləri isə ötən ilə nisbətən 16,2 faiz və ya 418 milyon manat artaraq 3 milyard 9 milyon manat olub. Xərclərin 2 milyard 919 milyon manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz və ya 413 milyon manat çoxdur.   

Son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketinin icra olunduğu, minimum pensiyanın 2,5 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin 5 dəfə, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləğinin isə 2,5 dəfə artırıldığı vurğulanıb. Bildirilib ki, 10-dan çox yeni sosial ödəniş növü–sosial müavinət və Prezident təqaüdü təsis olunaraq sosial təminat sistemində bir sıra humanist yanaşmalar, güzəştlər tətbiq edilməklə bu sistemin əhatə dairəsi daha da genişləndirilib.

Sonra investisiya fəaliyyətinin təşkili, investisiya qaydası, investisiya siyasəti və görülən işlər barədə məlumat verilib, beynəlxalq əməkdaşlıq sahəsində bir sıra uğurlara imza atıldığı qeyd edilib, fondun təkcə bu il 6 nüfuzlu beynəlxalq mükafata layiq görüldüyü bildirilib.

Mətbuat konfransında, həmçinin ötən dövrdə fond tərəfindən ümumilikdə 331 min 10 vətəndaşın qəbul edildiyi vurğulanıb. 

 

Zərifə BƏŞİRQIZI, 

“Xalq qəzeti”             

Sosial həyat