Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın nevrologiya və terapiya şöbələri əvvəlki modul tipli xəstəxananın yerində yenidən qurularaq istifadəyə verilib.
Müasir tibbi avadanlıqlarla təchiz edilən şöbələrin hər biri 100 çarpayılıqdır. Nevrologiya şöbəsində 70 tibbi personal fəaliyyət göstərir ki, onların da 9-u həkimdir. Şöbə müdiri Pərvin Dürüstkari deyir ki, şöbə ən müasir tibbi avadanlıqlarla (EEQ, EMQ və sair) təchiz edilib.
Nevrologiya şöbəsində ambulator və stasionar müalicə xidmətləri ilə yanaşı, mütəxəssislər intensiv terapiyaya ehtiyacı olan xəstələrə də xidmət göstərirlər.
Terapiya şöbəsində isə 78 tibbi personal fəaliyyət göstərir ki, onlardan da 8-i həkimdir. Şöbə müdiri Aysel Əliyeva da xəstələrə bundan sonra daha keyfiyyətli xidmət göstərilməsi üçün imkanların genişlənməsini bildirdi.
Yeni yaradılan Nevrologiya və Terapiya şöbələrinin müasir tibbi avadanlıqlarla təmin edilməsi, təcrübəli həkim-mütəxəssislərin fəaliyyətə başlaması vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin edilməsi üçün atılan addımlardandır. Xəstəxanada bu imkanların yaradılması sakinlərin uzaq məsafə qət etmədən, vaxta qənaət edərək tibbi xidmət almasına gətirib çıxaracaq.
Qeyd edək ki, ötən ay İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun iştirakı ilə Gəncə ŞBX-nin tabeliyində olan tibb müəssisələrində yenidən qurulan şöbələrin açılışları olub.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri